Modern.az

Natiq Əliyev: “Ordu ilə bağlı mətbuata ötürülən məlumatlar dezinformasiyalardır”

Natiq Əliyev: “Ordu ilə bağlı mətbuata ötürülən məlumatlar dezinformasiyalardır”

19 Sentyabr 2011, 19:07

“Mətbuat anonim məktubları ciddi şəkildə araşdırsın, təxribata uymasın”

Azərbaycanın bir qrup idman xadimi və idman veteranı son vaxtlar ordumuzla bağlı bəzi mətbu orqanlarda gedən yazılardan narahat olaraq müraciət hazırlayıb onu “525”ə göndəriblər. Modern.az saytı xəbər verir ki, idmançılar adından çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, əməkdar bədən tərbiyəsi və idman xadimi, Avropa Universal Döyüş Federasiyasının prezidenti Natiq Əliyev bildirib ki, Silahlı Qüvvələrin adına ləkə yaxmaq məqsədilə bəzi mətbu orqanlara dezinformasiya xarakterli müxtəlif məlumatlar ötürənlər düşmən dəyirmanına su tökməkdən başqa heç nəyə nail olmurlar.

O, son zamanlar bəzi mətbuat orqanlarında orduya və ordu rəhbərliyinin əleyhinə yönəlmiş yazıların təxribat olduğunu söyləyib: “Son zamanlar Azərbaycan Ali Hərbi Akademiyasının kursantları və Gəncə şəhəri Nizami rayon hərbi komissarı Bəhmən Nəsirovun adından bəzi kütləvi informasiya vasitələrinə ordunun, xüsusən də ordu rəhbərliyinin əleyhinə olan anonim məktublar göndərilib. Mətbuat orqanlarında dərc edilən həmin məktubların məzmunu ilə tanış olarkən, bunların təxribat xarakterli, ordunun nüfuzuna xələl gətirməyə, onu gözdən salmağa yönəlik addımlar olduğu açıq-aydın sezilir. Reallıqda həmin məktubdakı fikirlərin kursantlara və hərbi komissara heç bir aidiyyatı yoxdur. Heç bir kursant, yaxud da hansısa hərbi komissar yalan və iftira dolu belə bir məktub yazmayıb. Qəzet redaksiyasına daxil olan anonim məktub barədə heç bir araşdırma aparmayan mətbuat orqanı öz səhifələrində belə yazılara yer verməklə ictimaiyyət arasında çaşqınlıq yaradıb. Bəhmən Nəsirov bu yaxınlarda internet saytlarından birinə verdiyi açıqlamada da bəyan edib ki, bəzi KİV-lərə göndərilən məktublardan onun xəbəri yoxdur. O, dərc olunan məktublardakı fikirlərin də ona aid olmadığını söyləyərək, KİV nümayəndələrini, həmçinin də geniş ictimaiyyəti özünə qarşı yönəlmiş bu təxribata uymamağa çağırıb. Bundan başqa o, barəsində yalan məlumat yayan, mətbuat orqanlarına onun adından anonim məktublar yazan şəxslər barəsində qanun çərçivəsində tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etdiyini vurğulayıb.

Belə halın yaranması onu deməyə əsas verir ki, ordumuz haqqında, Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsən müdafiə naziri, general-polkovnik Səfər Əbiyev barəsində mənfi rəy formalaşdırmaq istəyənlər, hərbçilərimizin, kursantlarımızın nüfuzuna xələl gətirməyə çalışanlar vahid bir mərkəzdən idarə olunan təxribatçılardır. Onlar Azərbaycan ordusunun günü-gündən qüdrətlənməsini həzm edə bilmədikləri üçün bu cür primitiv yollara əl atırlar. Müdafiə Nazirliyinin tabeliyində olan silahlı qüvvələrimizin adına ləkə yaxmaq istəyən belə adamlar düşmən dəyirmanına su tökməkdən başqa heç nəyə nail olmurlar. Ona görə də mətbuatdan da istəyimiz budur ki, onlara göndərilən anonim məktubları ciddi şəkildə araşdırsınlar, təxribata uymusanlar, hər deyilən sözə aldanmasınlar”.

Natiq Əliyev şər-böhtan xarakterli fikirlərin ictimaiyyət tərəfindən qəbul olunmadığını da dilə gətirib. Qeyd edib ki, belə hallar heç kimə, o cümlədən də hərbçilərə və mətbuat nümayəndələrinə baş ucalığı gətirmir:

“Mən əminəm ki, təxribatçılıqla məşğul olanların qarayaxmaları geniş ictimaiyyət tərəfindən heç zaman qəbul olunmayacaq. Çünki hamı bilir ki, Silahlı Qüvvələrimizin ali baş komandanı, prezidentimiz İlham Əliyevin hərbi sahəyə xüsusi diqqət və qayğısından, bu sahəni prioritet elan etməsindən sonra Azərbaycan silahlı qüvvələri NATO standartları səviyyəsində inkişaf edən hərbi qüvvəyə çevrildi. Maddi-texniki bazası və döyüş hazırlığı, mənəvi-psixoloji hazırlıq səviyyəsi durmadan yüksələn Azərbaycan silahlı qüvvələri hazırda Cənubi Qafqazın ən güclü ordusudur. Orduya xalqımız tərəfindən hər zaman dəstək verilir. Azərbaycan oğulları belə bir orduda xidmət etməklə, Vətənlərini qorumaqla hər zaman qürur hissi keçirirlər. Hərbi xərclərimiz hər il artırılır. Hərbçilərimizin vəzifə maaşları, onların sosial təminatı günün tələbləri səviyyəsinə çatdırılır. Ölkənin müharibə vəziyyətində olduğunu nəzərə alan Prezident milli ordunun gücləndirilməsi və ən son texnika və texnologiyalarla təchiz olunması işinin uğurla aparılmasını şəxsi nəzarətində saxlayır.  Bütün bunları əsas gətirərək, bir daha mətbuata müraciət edirəm ki, onlara hərbçilər adından sui-istifadə edərək dezinformasiya ötürən şəxslərin təxribatına getməsinlər. Bir məsələni də xüsusi vurğulayım ki, Azərbaycan cəmiyyətində heç vaxt nə dini, nə irqi, nə də etnik ayrı-seçkilik olmayıb. O cümlədən də Silahlı Qüvvələrimizdə. Ona görə də qəzetlərdən istəyimiz budur ki, ordumuza və ordu rəhbərliyinə qarşı təxribatı dayandırsınlar».

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir