Modern.az

Şəmsəddin Hacıyev: "Komitəmiz payız sessiyasında iki sənədi müzakirə edəcək"

Şəmsəddin Hacıyev: "Komitəmiz payız sessiyasında iki sənədi müzakirə edəcək"

Parlament

19 Sentyabr 2011, 19:20

Sentyabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin 2011-ci ilin payız sessiyası dövründə ilk iclası keçirilib. Komitənin sədri Şəmsəddin Hacıyev sessiyanın başlanması münasibəti ilə komitə üzvlərini təbrik edərək onlara işlərində uğurlar diləyib. Sonra komitə sədri iclasın gündəliyini deputatların diqqətinə çatdırıb.

İclasda komitənin 2011-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərin hesabatı dinlənilib. Komitə sədri bildirib ki, hesabat dövründə komitə üzvləri üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, Milli Məclisdə qəbul olunan qanunların müzakirəsi zamanı aktiv fəaliyyət göstərmiş, ictimai-siyasi həyatda baş verən proseslərdə yaxından iştirak etmişlər. Qeyd edilib ki, bu müddət ərzində komitəyə müxtəlif məzmunlu ərizə və məktublar daxil olub. Müraciətlərə diqqətlə yanaşılıb, onlar baxılması üçün aidiyyəti qurumlara göndərilib və daim nəzarətdə saxlanılır.

Sonra Şəmsəddin Hacıyev komitənin 2011-ci ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Bildirilib ki, sessiya ərzində iki sənədin – “Elm siyasəti haqqında” və “Ali təhsil haqqında” qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.

İclasda çıxış edən deputatlar Abel Məhərrəmov, Gülçöhrə Məmmədova, Kamilə Əliyeva, Aqiyə Naxçıvanlı, Musa Qasımlı, Rafiq Məmmədhəsənov, Əhməd Vəliyev ötən sessiya ərzində komitənin işini qənaətbəxş qiymətləndiriblər. Millət vəkilləri cari ilin payız sessiyasının iş planını müsbət dəyərləndiriblər, baxılacaq qanun layihələri barədə fikirlərini açıqlayıblar.

İclasda həmçinin “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında” Sazişin təsdiq edilməsi barədə məsələyə baxılıb. Bildirilib ki, 2011-ci il iyulun 8-də Bakıda imzalanmış bu Sazişdə hər iki ölkənin təhsil müəssisələri tərəfindən qanunvericiliyə uyğun olaraq verilən təhsil haqqında sənədlərin qarşılıqlı surətdə tanınması nəzərdə tutulub.
Gündəliyə daxil edilmiş hər üç məsələ ətraflı müzakirələrdən sonra yekdilliklə parlamentin plenar iclasına tövsiyə olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü