Modern.az

Bir millət, iki dövlət, yoxsa konfederasiya

Bir millət, iki dövlət, yoxsa konfederasiya

20 Sentyabr 2011, 11:46

Milli Məclisin deputatı

PKK-nın əsas tələblərindən biri də kürdlərin Türkiyədə Konfederasiya və ya Federasiya şəklində yaşama hüququna nail olmaqdır. Bu ideya onların dəyirmanına su tökməkdir.

Əziz oxucular, Son zamanlar mətbuatda çox tez-tez Azərbaycan-Türkiyə Konfederasiyasının yaradılması ilə bağlı müzakirə olunan məsələ haqqında fikirlərimi Sizinlə bölüşmək istərdim. Qətiyyən tarixə geri getməyəcəm. Düşünürəm ki, Konfederasiya məsələsi daha çox siyasətçilərin və siyasət alimlərinin işidir. Mən bu məsələyə son illərdə dünyada və bölgədə gedən proseslərin prizmasından gələcəyə baxaraq, içimdəki hiss və düşüncələrimi dilə gətirmək istərdim.

Əlbəttə mən də o fikirlərlə tam razıyam ki, Qafqazda Konfederasiya yaradılması təklifləri yeni səslənən fikirlər deyil. Həqiqətən də hətta bu ayrı-ayrı dövrlərdə ümumi bir Qafqaz evinin yaradılması kimi layihələrin gerçəkləşdirilməsində də öz əksini tapmışdır. Məncə bu fikirlər iki cür dəyərləndirilə bilər. 1-ci xoş niyyətli və səmimi olanlar. Bir az da xəyalpərəst. Bu səmimi və xoşniyyətli olanlar nədənsə bu gün dünyada və bölgədə gedən həm regional, həm də beynəlxalq səviyyədə prosesləri yetərincə qiymətləndirmək və ya nəzərə almaq istəmirlər. 2-ci bölgədə qarışıqlıq salmaq istəyənlərdir ki, bunlar da çox təhlükəli. Bu gün Türkiyə ilə Konfederasiya halında birləşmək istəyi təkcə Gürcüstan və ya Azərbaycandan səslənmir. Bir sıra ölkələrdən belə təkliflər səslənir. Hətta İraqın şimalından neçə illərdir ki, bu təklifləri eşidirik. Son günlər isə Azərbaycan mətbuatında Konfederasiya məsələsi ən çox müzakirə olunan mövzuya çevrilib. Mən həm İraqın şimalından səslənmiş, həm də Gürcüstandan edilən təkliflərin müəlliflərini qınamıram. Bu insanlar öz ölkələrini qlobal təhlükələrdən qorumaq üçün belə düşünürlər. Çünki onların bu gün başqa alternativ yolları da yoxdur. Amma Azərbaycana gəldikdə bu durum tamamilə fərqlidir.

Mənim fikrimcə Konfederasiya heç bir tərəfin istər Azərbaycan olsun, istər Türkiyənin xeyrinə olan bir təklif deyil. Hər dövlət özü-özlüyündə və yerində güclü olsa, aralarında bütün sahələrdə güclü işbirlikləri olsa, zənnimcə daha yaxşı olar. Bölgədə bu gün Rusiya və İran, ABŞ, AB daha çox maraqları olan böyük güclərin olduğu bir zamanda Konfederasiya yaradılması fikrinin zəruriliyini əsaslandırmaq məncə bu bölgədə mürəkkəb vəziyyəti bir az da gərginləşdirmək olardı. Dünyada və bölgədə geopolitik proseslər fonunda baş verə biləcək çox acı proseslər və nəticələri göz altına gətirmədən NATO-nun ilk qurucu dövlətlərindən olan və ABŞ-ın İslam dünyasındakı ən etibarlı tərəfdaşı sayılan Türkiyəni Konfederasiyaya təhrik etmək məncə sadəcə sadəlövhlükdür. Türkiyə ilə Konfederasiya arzusunda olan bu ölkələr aralarında bütün sahələrdə yüksək əməkdaşlıq, çox güclü ortaq iqtisadiyyat yaradılarsa, onların ölkələrinin gələcək inkişafı üçün daha geniş perspektivlər açılar.

Bu gün bölgədə hətta maraqlı güclərin heç biri bir daha 2008-ci il Avqust müharibəsinin yaşanmasını istəməz. Mən bu Konfederasiyaya Gürcüstanı daxil etməyə çalışmaq istəyənləri, özü də Azərbaycanlı siyasətçiləri, politoloqları, nə bilim tədqiqatçıları heç cürə anlaya bilmirəm. Bu ümumiyyətlə ən azı öz ölkəsinin taleyini düşünməmək deməkdir. Nə qədər ki, ABŞ, Avropa Rusiya ilə (hətta İranla belə) hesablaşırlar biz unutmamalıyıq ki, Cənubi Qafqazda Rusiyanın iştirakını nəzərə almadan davamlı inkişafdan, sülhdən, əminamanlıqdan danışmaq qeyri-mümkündür. Bu mənada AK Parti iqtidarının həyata keçirdiyi çox uğurlu xarici siyasət nəticəsində gündən-günə daha da inkişaf edən Türkiyə Rusiya əməkdaşlığı məncə region ölkələrinin hər birinə öz müsbət təsirini göstərməklə bölgə ölkələri üçün də böyük töhfədir. Rusiya -Türkiyə münasibətləri müsbət mənada nə qədər inkişaf edərsə, Qafqazda sülhün, əmin-amanlığın və inkişafın təminatı bir o qədər də güclənər. AK Partiya iqtidarı tərəfindən irəli sürülmüş Qafqaz Platformunun fəlsəfəsi də elə buna yönəlmişdir. Bu gün bölgədə hətta maraqlı güclərin hec biri bir daha 2008-ci il Avqust müharibəsinin yaşanmasını istəməz. Türkiyənin, onsuz da Gürcüstan üçün etdiyi güzəştlər, xüsusilə, vizasız gediş-gəlişlərin, şəraitin qarşılığı belə yoxdur. Kimlik vəsiqəsi ilə bir ölkənin vətəndaşının başqa bir dövlətə heç bir maneə olmadan gedib gəlməsi məncə əməkdaşlığın ən yüksək səviyyəsi anlamındadır. Bəziləri bunu iqtisadi maraqlardan izah etməyə çalışır. Amma Türkiyə üçün Gürcüstan və ya Gürcüstan bazarı o qədər kiçikdir ki, bunu hətta müqayisə etmık istəməzdi. Türkiyə burada heç bir iqtisadi maraq güdmür. Türkiyə bunula bölgəsəl gücünü göstərməklə, bu bölgədə onun da söz sahibi olmağa haqqı olduğunu sükut diplomatiyası ilə bildirir. Gürcüstan kimi bazarlarsız da Türkiyə bölgədə şəksiz liderdir. Türkiyənin Rusiyada 40 milyarddan çox sərmayəsi var. Azərbaycan və Gürcustanda isə birlikdə 10 milyarddan çox deyil.

PKK-nın əsas tələblərindən biri də kürdlərin Türkiyədə Konfederasiya və ya Federasiya şəklində yaşama hüququna nail olmaqdır

Bu gün Türkiyədə necə deyərlər Türkiyə mətbuatında və ya ictimaiyyətində elə də diqqət çəkməyən Konfederasiya mövzusu, əslində hər bir azərbaycanlının da narahat olduğu, bugünlərdə Azərbaycan respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəsmi və açıq olaraq bəyanat verdiyi Azərbaycan dövlətinin PKK terrorçu təşkilat kimi tanıdığı örgütün liderlərinin və onların havadarlarının da dəyirmənına su tökməkdir. Çünki, hər kəsə bəllidir ki, PKK-nın əsas tələblərindən biri də kürdlərin Türkiyədə Konfederasiya və ya Federasiya şəklində yaşama hüququna nail olmaqdır. Azərbaycan Türkiyə arasında Konfederasiyaya gəldikdə isə təbii ki, mən də xoşniyyətli Konfederasiya tərəfdarları kimi hər zaman ölkələrimizin, cümhuriyətlərimizin, millətimizin bir yerdə olmasını canımla, varlığımla, arzulayıram. Amma Konfederasiyasız.
Hesab edirəm ki, Azərbaycan-Türkiyə Konfederasiyası bu gün kürəsəlləşən dünyada, sürətli geopolitik proseslər fonunda Türkiyəmizin bir güc mərkəzinə çevrildiyi zamanda, Türkiyənin onsuz da bu uğurlarını qəbul edə bilməyən bəzi güclü dünya dövlətləri, xüsusilə də bəzi Qərb dövlətləri, yaşadığımız regiondakı maraqlı dövlətlər üçün yeni fürsətlər vermiş olur. Bugün Türkiyənin Rusiya ilə munasibətlərini göz önunə gətirdikcə bəzən adam inanmaq istəmir. İstanbulu özünə paytaxt görmək arzusunda olan I Pyotrun vəsiyyətlərini xatırladıqca təsəvvür edə bilmirsən ki, Rusiya vətəndaşları Türkiyəyə vizasız gedib gəlirlər. Tarixi gerçəklikdir ki, Qafqaz hər zaman Osmanlı, Farsların və Rusların təsir dairəsində olmaqla zaman-zaman bu üçlükdən hansı biri zəifləmişsə, digərləri əsas söz sahibi olmuşdur. Buna baxmayaraq heç bir maraqlı dördüncü güc əhəmiyyətli təsirə malik olmayıblar. Digər xarici qüvvələr – Avropa yaxud Amerika üçlük qarşısında 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsində də heç nə edə bilməyəndə bir daha bunun şahidi olduq. Bəli tarix hər zaman bir təkrarlanır və o bir dərsdir.

Son nəticə də göz qabağındadır

Çox təəssüf ki, təcavüzkar və bədxah qonşumuz olan Ermənistan bölgənin inkişafında xüsusilə də Türkiyə - Rusiya və Azərbaycan arasında müalicəyə çox çətin tabe olan xroniki bir xəstəlikdir.
Dəyərli oxucular, əlbəttə mətbuatda xoş niyyətlə Azərbaycanın Türkiyə Konfederasiyasını arzulayanlar bunu əsasən Qarabağ probleminin həll edilməsindəki əhəmiyyəti nəzərə alaraq səsləndirirlər. Lakin düşünürəm ki, bəlkə də Konfederasiya müqaviləsi hətta belə imzalanmamışdan və ya imzalanmış müqavilənin mürəkkəbi qurumamış Qarabağın müstəqilliyinin ilk olaraq Rusiya tanıyacaqdır. Bəzi ermənipərəst ölkələrin tanımasını heç kəs nə istisna nə də müqayisə edə bilməz.

Bu gün Türkiyəyə münasibətdə bir sıra ədalətsizliklər, ikili standartlar hər kəsə məlumdur. 2002-ci ildən bu günə ölkəsini dünyanın 20 ən güclü iqtisadiyyatı olan ölkələr cərgəsinə gətiribdir. 2002-ci ildən bu yana keçirilən bütün seçkiləri ilə dünyaya demokratiya nümunəsi göstərən Ərdoğanın liderliyi ilə AKP hökuməti misilsiz uğurlara imza atmışdır. Rusiyadan rusların vizasız gedib-gəlişi, Türkiyənin Rusiyada sərmayəsinin 40 milyarddan çox olması, qonşuları ilə sıfır problem siyasətinə nail olması, bölgədə bu gün əsas güclərdən biri olması çox qısa dövrün nailiyyətləridir. Bütün bunlara istinad edərək. Bir tərəfdən Türkiyə öz inkişafını əngəlləyən problemlərlə mübarizə aparır, digər tərəfdən İraqdan, Gürcüstandan, Azərbaycandan və həm də PKK tərəfdarlarından kürdlərə özərtlik tələbi ilə Konfederasiya yaradılma təşəbbüsü heç bir fərq yoxdur.

Bu zaman Güney Qafqazda hər zaman çox ciddi maraqları olan Rusiya və İran ilə yeni problemlər yaranmırmı. Mənim düşüncəmə görə elə ölkələrimiz Azərbaycan və Turkiyə arasında ən yüksək strateji əməkdaşlıq yaradarıqsa nədən biz dünyada və eləcə də beynəlxalq təşkilatlarda iki səslə təmsil olunmayaq. Mən əminəm ki, bugün Türkiyənin mütərəqqi ictimaiyyət arasında sorğu keçirilsə orada elə bu cavabı alarıq . Onsuz da artıq, Türkiyə ictimaiyyətində güclü fikir formalaşdıra bilən, sivil toplumlar bu fikri qeyri-ciddi və yaxın gələcəkdə də zəruriyyəti olmayan bir fikir kimi dəyərləndiriblər.

Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanındır

Əziz oxucular, Zəngin iqtisadi resursları olan ölkəmizlə Türkiyə arasında bütün sahələrdə yüksək strateji əməkdaşlığı inkişaf etdirərək, sənədləri gerçəkliyə çevirmək, bütün səviyyələrdə yüksək işbirliyi yaratmaqla, hərbi strateji əməkdaşlıq, ortaq dilin yaradılmasının sürətləndirilməsi, TurkPA çərcivəsində daha çox işlərin görülməsi, vizaların aradan qaldılması və digər əhəmiyyətli işbirliyin əldə edilməsi hesab edirəm gunün və zamanın xarakterinə və tələbinə uyğundur.

Nə üçün Beynəlxalq təşkilatlarda BMT, Avropa Şurası, Avropa Birliyi və s. İki səs verməyək. Əgər bu gün biz Naxçıvanın belə taleyini Rusiyanın iştirakı olmadan həll edə bilmiriksə, onda bu Konfederasiya bizə nə verə bilər. Məncə belə arqumentləri çox uzatmaq olar. Hesab edirəm ki, fikrimi əsaslandırmaq istədiyim bütün bunlar çox ciddi arqumentlərdir. Qısaca da olsa, bu gün hamının diqqətində olan gərginləşmiş və çox ciddi çat vermiş Türkiyə-İsrail münasibətlərinə bir daha fikrimi bildirmək istərdim. Ən qısa zamanda İsrail öz səhvini etiraf edəcəkdir. Başqa ikinci yol da yoxdur. ABŞ təzyiq edəcək, Avropa təzyiq edəcək önəmli deyil, əsas nəticədir.

Türkiyə toplumu hər zaman sanki, qaynar qazan kimi qaynayan bir toplum olmuşdur. Bu toplum 2002-ci ildən daha da çox qaynayır. Bu qazanın qaynamasında həm də kənar qüvvələr daha maraqlıdırlar. Hakimiyyətə gəldikləri ilk gündən hər an AK Partinin ya hakiməyyətdən ən qısa zamanda gedəcəyi ya da, bu partiyanın ləğv ediləcəyi, liderlərinin isə həbs olunacağı proqnozlaşdırılsa da hələki, dünyada gedən bütün prosesləri, təkcə son illərdə bölgədə baş verən proseslərdə, hətta iqtisadi böhranı belə nəzərə alaraq deyə bilərik ki, Türkiyə, öz intibahını yaşayır və Ərdoğan bir dunya lideridir. Dünyada çox nadir demokratik ölkə var ki, orada bir partiya təkbaşına iqtidara gəlsin və 50 faiz səs çoxluğu ilə. Əlbəttə bu başqa bir yazının mövzusu ola bilər.

Əziz oxucular, bəzən düşmən təcrübəsindən də öyrənmək lazımdır. Türk millətinin tarixi düşməni olan erməni toplumunda biri hansısa yaxşı vəzifəyə təyin olunursa, digərləri fikirləşirlər ki, necə edək ki, o daha çox irəli getsin ki, onun təsir gücü daha çox olsun. Əlbəttə də bu çox bəsit bir bənzətmədir, amma canlı həyatdan kişik bır misaldır.
Bu gün həm Azərbaycanın , həm də Türkiyənin dünyada daha çox söz sahibi olmalari üçün kifayət qədər çox resursları var, istər iqtisadi, istərsə də geosiyasi. Bu bir millətə xidmət ədən iki dövlətin - Azərbaycanın gücü Turkiyənin, Türkiyənin gücü isə Azərbaycanındır.

Əziz oxucular, fikirlərimi Türk dünyasının böyük oğlu Atatürkün ölümündən bir neçə il öncə səsləndirmiş olduğu fikiləri ilə tamamlamaq istərdim:
“... TÜRK Birliği’nin bir gün hakikat olacağına inancım vardır. Ben görmesem bile, gözlerimi dünyaya onun rüyaları içinde kapayacağım. TÜRK Birliği’ne inanıyorum, onu görüyorum, yarının tarihi yeni fasıllarını TÜRK Birliği’yle aşacaktır... ”

Allah yolumuzu açıq etsin.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı