Modern.az

Qüdrət Həsənquliyev İctimai Palatanı və digər müxalifət partiyalarını hökumətə müraciət etməyə çağırdı

Qüdrət Həsənquliyev İctimai Palatanı və digər müxalifət partiyalarını hökumətə müraciət etməyə çağırdı

20 Sentyabr 2011, 14:30

"İsraillə əməkdaşlığın dayandırılması Azərbaycan üçün ciddi problemlər yaratsa da, türkçülüyün mərkəzi olan Azərbaycan qardaş Türkiyə üçün fədakarlıq etməlidir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıçın son bəyanatına münasibət bildirib. Partiyanın Mətbuat Xidmətinə açıqlamasında BAXCP sədri qeyd edib ki, "Azərbaycan Türkiyənin İsraillə bağlı istəklərini tərəddüdsüz yerinə yetirməlidir".

Azərbaycanla Türkiyə arasındakı bütün məsələlərin açıq və şəffaf şəkildə müzakirə olunmasının tərəfdarı olduğunu vurğulayan Qüdrət Həsənquliyev bildirib ki, yaxın tarixdə, eləcə də bu günümüzdə baş verən və narahatlıq doğuran bütün arzuolunmaz məqamlara rəğmən hər zaman olduğu kimi qardaş ölkənin yanında olmalıyıq:
"Azərbaycan torpaqları işğal olunarkən və 20 ildən artıq torpaqlarımızın işğal altında qalmasına, bir milyondan artıq Azərbaycan türkünün qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına baxmayaraq, Türkiyənin vəziyyəti dəyişmək üçün Azərbaycana verdiyi dəstəyi yetərli saymamışıq, ancaq hər zaman qiymətləndirmişik.

 Biz Elçibəyin prezident olduğu və işğala qarşı savaşın ən şiddətli dönəmində Türkiyənin Ermənistanı taxılla təmin etməsini də, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcərin işğalı zamanı dinc sakinlərin köçürülməsi üçün  Türkiyədən iki mülki vertolyot istəməsinə "yox" deyilməsini də ürək ağrısı ilə xatırlayırıq.

 Bu gün də Türkiyənin Ermənistanla qurduğu iqtisadi və digər əlaqələrin işğalçı dövləti ayaq üstündə saxladığının fərqindəyik. Onu da bilirik ki, Türkiyə hökuməti Ermənistanla sərhədləri açmaq üçün Azərbaycandan gizli hansı çabalarda bulunub.

 Bu gün Azərbaycan ictimaiyyətində ciddi şübhələr yaranıb ki, əgər Ermənistan Türkiyəni insanlıq əleyhinə cinayətdə ittiham etməsə, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməsə Türkiyə-Ermənistan münasibətləri hansı səviyyədə olardı?!

 Bütün bunlara baxmayaraq, bizim İsraili də Azərbaycanın dostu saymağa mənəvi haqqımız yoxdur. Ən azından Azərbaycana qarşı ABŞ Hümayəndələr Palatasında "Azadlığa Yardım Aktına" 907-ci düzəliş qəbul olunanda yəhudi lobbisinin lazımi dəstəyini görmədik, İsrail BMT-də Azərbaycanın ərazi bütövlüyünə səs vermədi. İranın təzyiqlərinə baxmayaraq, İsraillə etdiyimiz əməkdaşlıq qarşılığında İsraildən əhəmiyyətli kömək almamışıq.

 İsraillə əməkdaşlığın dayandırılması Azərbaycan üçün ciddi problemlər yaratsa da, türkçülüyün mərkəzi olan Azərbaycan qardaş Türkiyə üçün fədakarlıq etməli və İsraillə münasibətlərdə Türkiyənin istədiklərini yerinə yetirməlidir.

 Mən İctimai Palatanı və digər müxalifət partiyalarını da bu mövqedən Azərbaycan hökumətinə müraciət etməyə çağırıram".

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir