Modern.az

Qənirə Paşayeva Türkiyədə bütün türklərə səsləndi: "Sizi bizim qədər yaxşı anlayan olmaz"

Qənirə  Paşayeva Türkiyədə bütün türklərə səsləndi: "Sizi bizim qədər yaxşı anlayan olmaz"

Təhsil

20 Sentyabr 2011, 14:39

Millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Bursada keçirilən II Böyük Rumeli Balkan Festivalında iştirak edib. Mustafa Kamal Atatürk adına mərkəzi şəhər stadionunda düzənlənən və Türkiyənın hökumət, parlament numayəndələri ilə yanaşı Balkan ölkələrindən, eləcə də dünyanın müxtəlif bölgələrindən gəlmiş türk kökənli nazirlər, millət vəkilləri, bələdiyyə başqanlarının, minlərlə yerli sakinin qatıldığı toplantıda çıxış edən xanım millət vəkili diqqəti Azərbaycan torpaqlarının işğalı faktına və bu faktın bütün Türk Dünyasını təhdid edən bir təcavüzkarlıq aktı olduğuna yönəldib.

İştirakçıları Qarabag ugrunda mubarizədə azərbaycanlı qardaşlarının haqlı səsini eşitməyə səsləyən Qənirə Paşayeva qaçqın və məcburi köçkünlərin durumunun, işğal altındakı ərazilərdəki milli, tarixi mədəniyyət abidələrinin dağıdılması və “erməniləşdirilməsi”nin – özgələşdirilməsinin, ümumən işğal faktının davam etməsinin yalnız Azərbaycanın milli məsələsi olmadığını, bir insani problem olduğunu vurğulayıb. Onlara Ermənistanın törətdiyi vandalizm aktlarına dair faktları, statistik göstəriciləri çatdıran xanım Paşayeva Balkanlardan, Rumelidən bir zamanlar Türkiyəyə pənah gətirmiş köçkün, qaçqın düşmüş türklərə üz tutaraq, deyib:

“Sizi bizim qədər yaxşı anlayan olmaz. Çünki biz eyni kədəri yaşayırıq. 1988-ci ildən Ermənistan öz ərazisində etnik təmizləməyə başlayaraq yüz minlərlə insanımızı ata-baba yurdundan didərgin saldı. Bundan başqa, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. 20 ilə yaxındır ki, Dağlıq Qarabağımızı və ona bitişik olan 7 rayonumuzu işğal altında saxlayır. Sizin 1 milyon bacı-qardaşınız 20 ilə yaxındır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır və öz torpaqlarına, öz  evlərinə dönə bilmirlər. Ermənistan onların öz evlərinə dönməsinə, öz doğmalarının qəbirlərini ziyarət etməyə icazə vermir –nəinki icazə vermir, üstəlik həmin qəbristanlıqları dağıdır…’.

Sonra türk gəncliyinə səslənən Q.Paşayeva onları fikir birliyinə çağırıb. Və bütün türk insanının eyni fikirdə olacağı təqdirdə onlara kimsənin gücünün yetməyəcəyini vurğulayıb. Ulu öndərlərimiz Atatürkün “Azərbaycanın acısı bizim acımız, sevinci bizim sevincimiz”, Heydər Əliyevin “biz bir millət, iki dövlətik” kəlamlarını xatırladan millət vəkili gücümüzün birlikdə olduğunu qeyd edib.
 
Çıxışının sonunda Qənirə Paşayeva tədbir iştirakçılarına belə bir festivalı keçirdikləri üçün təşəkkürünü bildirməklə yanaşı, “bildiyimiz kimi, Böyük Rumeli, Balkan festivalları artıq ikinci ildir keçirilir. İnşallah, birliktə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edəcəyik. Arzu edirəm ki, üçüncü il şölənlərini hamımız birlikdə Qarabağımızda keçirək” deyib.

Azərbaycan parlamentinin üzvünün çıxışı böyük alqışlarla qarşılanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır