Modern.az

Kənd fəndgirliyi

Kənd fəndgirliyi

22 İyul 2018, 10:33

Azad Müzəffərli

(hekayə) 
 

         
Çoxları fərqinə varmasa da, böyük siyasətin mayası məhz kənddən gəlmədir. Loru dildə desək, dünyaya papış tikənlərin siyasətinin fəlsəfəsi elə kənd fəndgirliyinin üstə qərar tutub. Kənd fəndgirliyi siyasətin rüşeymidir. Özü də dünya kürəsəlləşməyə yönələndə (mərkəzləşmiş dövlətlər yarananda) hansı ölkələrdəki kənd fəndgirliyi daha üstün olubsa, məhz o dövlətlər də həmin vaxtdan siyasətin cilovunu ələ keçiriblər. Sadəcə, qərinələr bir-birini əvəzlədikcə yeniliklərdən, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından peşəkarcasına bəhrələnməklə kənd fəndgirliyi cürəbəcür dona salınaraq zənginləşdirilib. İndi kənd fəndgirliyi, bir növ, elə, siyasətin bətnindəcə kölgəyə çəkilib, ilk baxışdan gözəgörünməz olub.  

           
Hər bir kənddə təbiət qədər saf, halal və müdrik insanlarla yanaşı həsədaparılası cüvəllağılar da kifayət qədərdir. Ucqar dağ kəndində dünyaya göz açan Nömrə Şəmi də kənd fəndgirliyinin atasıydı. O, başını da bu hesaba dolandırırdı, çörəyi də çoxbilmişliyindən çıxırdı. Gözünün ağı-qarası bircə oğlu isə fəndgirlikdə ona çəkməmişdi. Bu da Şəminin cızzağını çıxarırdı. Yeganə övladı dədəsinin gücünə qəbul olunduğu universitetdə  kimya müəlliminin “öhdəsindən” heç cür gələ bilmirdi ki, bilmirdi. Düzdü, bu halda Fagır Habili tam qınamaq da ədalətli olmazdı. Dərd orasındaydı ki,  həmin müəllimin “qəssablıq”da  tayı-bərabəri yoxdu. Habilin bu fəndən yetim “kafi” qiymət almağa belə fərasəti yetmirdi ki, yetmirdi.  Üçüncü kursu alabaşına-külbaşına birtəhər bitirmək üzrə olsa da, indiyə qədər dədəsi kimya müəlliminin bığının altından keçmədən kursdan-kursa adlaya bilməmişdi. Yenə ümidi həmin fəndən təkrar imtahana qalmışdı. Bu dəfə də çək-çevirə dədəsini göndərməkdən başqa çıxış yolu görmürdü. Üzüqara yenə yön aldı kəndlərinə sarı.

      
Bütün “çəpərlər”i bir içim su kimi aşan Nömrə Şəmi bala səddini heç cür adlaya bilmədiyindən bir neçə gün sonra Bakıdaydı. Oğlunun oxuduğu universitetin qapısını yağır eləsə də, kimya müəllimini heç cür dinə-imana gətirə bilmirdi. O, Habilin dədəsinə elə qiymət oxuyurdu ki, bunu ən azı “allahsızlıq” adlandırmaq olardı. Para Valeh “çörək ağac”ına nə təhər sarılmışdısa, Nömrə Şəminin cəbbəxanasındakı ağır artilleriyanın qarşısında belə dim-dik dayana bilirdi. Nəhayət, əli hər şeydən üzülən kəndçi baba sonuncu qarmağını işə saldı:

     
-Valeh müəllim, deyirəm, yayın cırhacırıdı, bəlkə, yaxınlarını da başına yığıb bizə qonaq gələsən, ürəyiniz istəyən qədər qalın, dincəlin, qulluğunuzda müntəzirik. Axı, pulunuzu-paranızı niyə ora-bura dağıdasınız?!. Evimiz-eşiyimiz sizə qurbandı, təki Habilin işi düzəlsin...

      
Para Valehdən səs çıxmasa da, Nömrə Şəmi gülləsinin hədəfə tuş gəldiyindən duyuq düşüb, ”Qarğa, məndə qoz var” fəndini bir az da cilalamağa güc verdi. Boynunu çiyinlərinin arasına çəkib, səsinə “bulaq halallığı” qatdı. Yaxından tanımasan, deyərdin ki, dünyanın ən saf adamı elə bu kişinin özüdü ki var. Mətləb üstə dolayı gəldi.

      
-      Vallah-billah, kirayədə qalmaq istəyən əcnəbi turistlər, elə, lap özümüzünkülər qapımızı döyəcələməkdən əldən düşüblər, nə desəm də verəsidələr, əlacları nədi. Bizim kənd ələdüşəsi deyil, maşallah, dağlar qoynunda əsl cənnətdi, cənnət. Oralara gələnlərin nəyi sizdən artıqdı, mən də sizi deyib gəlmişəm, evimizi özünüzünkü bilin, həqiqi sözümdür...

     
Xeyli müddət peysərini ovuşduran Para Valeh qafasında əməlli-başlı haqq-hesab edəndən sonra nəhayət ki, dilə gəldi:

    
-      Yaxşı, Şəmi kişi, sənin sözün ağlıma batdı, elə nəvələrim də çoxdandı məni divara dirəyiblər ki, biz kənd görmək istəyirik. Danışdıq, sözümüz sözdü. Məzuniyyətə çıxan kimi nəvələrimi də qoltuğuma vurub gələcəm sizlərə sarı. Habilə de ki, 4-cü kursda güzəşt olmayacaq ha, indidən hazırlaşsın.  Elə eləməsin ki, işi “rektor göndəriş”inə qalsın. Dünya görmüş kişisən, özün yaxşı başa düşürsən də, bu nə deməkdi. Birdən fikrinizdən keçər ki, sizdə çörək kəsəcəm deyə ürəyim yumşalar, qətiyyən. Mənə qonaqlığınız sadəcə əvəz-əvəzdi. Tələbənin borcu canı çıxıb oxumaqdı, ya da doyunca “tərləmək”. Hansını seçir, bu, onun öz işidir.

        
Təşəbbüsün cilovunu ələ keçirdiyini sezən Nömrə Şəmi bu dəfə “uzaqvuran toplar” fəndini işə saldı. Boynunu bir az da içinə çəkərək çöhrəsinə əlavə məhrəmlik abı-havası qatdı, gözlərindən nur ələdi. Dilindən bal yağırdı. 

        
-      Müəllim, nəvə baladan da şirindi, bunu özün bir baba kimi məndən də yaxşı bilirsən. Biz sizə bacardığımızın beş qatını edəcəyik, əziz qonağımızsınız. Di gəl, bütün günü evdə oturası ha deyilsiniz, çölə-bayıra da çıxacaqsınız. Bizim dağlar sizə sakitlik verən deyil, elə, hey sizi haraylayacaqlar. Yəqinki, nəvələriniz at minmək, şəlalənin ətəyindəki təndirdə bişirilən kababların, bulaq başında sacda araya-ərsəyə gətirilən göy və qarın qutabının dadına da baxmaq istəyəcəklər. Bu hələ harasıdır, bizim tərəflərdəki əyləncələri, təamları saymaqla qurtaran deyil. Şəhər adamlarının da bunlara tezcənə quşu qonandı. Bunların da hərəsi bir ətək pul istəyir. Bizimkilər yayda nə qopardılar, qamarladılar ilin qalan hissəsini onunla dolanasıdırlar deyə kimsəyə güzəşt yoxdu. Hamı dədəsinin qiymətini oxuyur. Birdən fikrin xaricilərə, lap, elə doğmamız Türkiyəyə gedər ha, aldanma, cibişdana babat xərclik qoymağı da unutma. Yenə deyirəm, bizi sarıdan nigaran qalma, əmrinizdə farağatıq. O biri tərəfini də deməyi özümə mənəvi borc bildim.

        
-      Şəmi kişi, sən narahat olma, biz bazburudlu kişilərdən heç dala qalan oğul deyilik. Bir də ki, kimin üçün yaşayırıq, nəvələrimin də qulluğunda dura bilməyəndən sonra mən kimə lazımam. Bütün çabalarımız  oğul-uşağımız, nəvə-nəticəmiz üçün deyil, bəyəm?!. Bizim millətin mayası belə yoğrulub.

       
Bir-birini tən gələn, xeyli müddətdir “Əl əli yuyar, əl də üzü” prinsipi ilə ortaq məxrəc tapan Nömrə Şəmi ilə Para Valeh doğmalar təki sağollaşıb ayrıldılar. Ən əsası, hər ikisinin işi düzəlmişdi.

       
Aradan sayılı günlər ötmüşdü. Para Valeh iki oğul nəvəsi ilə birgə Nömrə Şəminin doqqazını kəsdirmişdi. “ New Range Rover”ini rayon mərkəzində tanış tələbələrindən birinin həyətində saxlamalı olmuşdu. Nömrə Şəmigilin kəndinə gedən çaylaq daşı döşənmiş, çala-çuxurlu yola cağbacağ avtomobilini salmağı özünə rəva bilməmişdi. Kəndə “xalturşik” maşını ilə gəlmişdi. Para Valeh arif adamdı. Nömrə Şəmigilə ayaq basmağı ilə qonaq qalacaqları evin yoxsullar daldanacağı olmasına şəkki-şübhəsi qalmadı. Anladı ki, kirayə məsələsində Nömrə Şəmi ona dolaq gəlib. Kimdi, cındrından cinhürkən bu komaya yaxın gələn, ələlxüsus da,  əcnəbilər. Ərköyün, dəymə-düşər nəvələrinin onun və ev sahiblərinin başında turp əkəcəklərinə zərrəcə şübhəsi qalmamışdı. Nə edəsiydi, artıq iş-işdən keçmişdi.  Nəvələri üçün gətirdiyi dondurma, içəcək və digər naz-nemətləri yerləşdirməyə alababat soyuducu da yoxdu. Bu evdəki Sovet əyyamından qalma “Saratov” soyuducusu, “Rubin” televizoru ən yaxşı halda muzeylikdi. Kələ-kötür hasarın dibinə qısılan “Niva” maşını da yetim gündəydi.

      

İnsafən, təkcə Fağır Habil yox,  bütün doğmaları fır-fıra kimi qonaqların başına fırlanmaqdaydı. Para Valehin ərköyün nəvələri isə cığallıqlarından qalmırdılar. Aradan heç yarımca saat da ötməmiş “multik, multik, internet...” deyə dad döyürdülər. Səngəri xatırladan bu dağ kəndində kasıbın komasında internet sevdası Məcnunun Leyliyə həsrətdə qalmasından cıqqa da olsa fərqlənmirdi. Para Valeh də, ev sahibləri də giriftar vəziyyətdəydilər. Sınıq-salxaq stol və stullar da bir göz qırpımındaca ələgəlməz oldu. Bu azmış kimi Para Valehin nəvələri hələ divan, qoltuqlu kürsü sevdasındaydılar.

     
Nömrə Şəmigildə ürəkaçan ikicə şey vardı; krantdan bulaq suyunun şırhaşır gəlməsi və qazın gur yanması. Tezliklə söhbət əsnasında məlum oldu ki, bu da kənddə hamının “Qardaşlar” kimi tanıdığı qonşuluqdakı ailənin mərhəməti hesabınadır. Sən demə, hələ alababat vəziyyətdəykən “Niva”nı da qonşularına onlar bağışlayıblar. Rusiyada məskunlaşan qardaşların kiçiyi, Ata yurdunu boş qoymayan Vahid Nömrə Şəmigildən kəramətini əsirgəmir, yoxsul qonşularına bacardıqca əl tuturdu. Kənddə internet də təkcə həmin imkanlı ailədə vardı. Suyu da, qazı da onlarla kilometrdən çəkib gətirmişdilər həyətlərinə. Bu hesaba paltaryuyan maşınları da işlək vəziyyətdə idi. Varlığa, nə darlıq. Çimyağ qonşu Nömrə Şəmi üçün ələdüşməz fürsətdi, dildən pərgardı.

     

Dar məqamda son ümid yeri olan Vahidin daha kənddə qərar tuta bilməyərək yaxın günlərdə Rusyata getmək sevdasına düşməsi xəbəri onun yuxusunu ərşə çəkmişdi. Qonşusu evindəki şey-şüyləri xırıd eləmək fikirini də, elə, ilkin olaraq Şəmi kişiyə söyləmişdi, ələ gələn nəyi vardısa dəyər-dəyməzinə ona satmağa hazırdı. Di gəl, Nömrə Şəmi yetərincə pul-para üzünə həsrətdi. Qəlbinin dərinliyində ümidi qonağına idi. Nədənsə, bir neçə gün öncə Bakıdaca körükləməyə başladığı közün alova dönəcəyinə inamı tükənməzdi. Səhərin gözü açılandan beynini gücə salmışdı, kələfin ucunu aramaqdaydı. Fərasətinə güvənirdi.

     
Para Valehin nəvələrinin həngamələri axşama yaxın lap şahə qalxmaqdaydı. Aradan azca ötmüş onlar bir vay-şüvən qopardılar ki, gəl-gərəsən. Nədi, nədi, sən demə, Nömrə Şəminin övrəti onların itgününə saldıqları köynəklərini paltaryuyan maşın əvəzinə dərədən gurultu ilə axıb keçən çayda yuyubmuş. Bu, kənddə dədə-babadan qalma bir adətdi. Hələ bu harasıydı, axşam onlar üçün yatacağın yerdən salındığını görəndə həmin binəvalar bir çığır-bağır saldılar ki, az qala, səs-küyə  kənd əhli dərbədər ola. Nə faydası, Nömrə Şəmigildə bircə çarpayı vardı, onun da “qılçaları” çoxdan tutmurdu. Dəmir toru da adamın kürəyini cadar-cadar edəcək haldaydı.

         
Bu məqamda Nömrə Şəmi söhbət əsnasında “Cırmaq-cırmaq” fəndini işə saldı. Fürsəti fövtə verməyib öncə özlərini təmizə çıxarmağa çalışdı. Sadəlövh, fagır görkəm aldı. Sanki, dünyanın ən yoxsul bəndəsi məhz o idi. Həmin anlarda, hətta, illərin zəngin təcrübəli dilənçiləri belə ona  həsəd aparardı.

         
-      Ay Valeh müəllim, siz şəhərlilər bizim nələr cəkdiyimizi bilməzsiniz. Əlqap eləməyə bir şey tapanda sevinirik. Ət asmaq bizdə bayrama bərabərdi. Çox vaxt çörəyimizi qafunsuz gəvələmək məcburiyyətində qalırıq. Kimimiz var ki, bircə qarıdı, bir də mən, Habil tələbə olandan bəri günümüz lap qaradı. Onun təhsil və kirayə xərcini çıxarmaq üçün ildə satlıq bir dana və beş-altı quzunu güc-bəla ilə saxlayırıq. Allah balalarına dəyməsin, xatadan-bəladan uzaq olsun qonşu Vahidi. O, olmasa idi, biz çoxdan batmışdıq. Di gəl, tərslikdən, ilin-günün bu vaxtında qara günlər qapımızı yenidən kəsdirib. Vahid evində gözə dəyən nəyi var satıb yolunu Rusyata salmaq istəyir. Fikrində qətidir.  İnciməyim deyə, ilk təklifini də bir neçə gün bundan əqdəm – səninlə Bakıda görüşə gəldiyim gün səhər tezdən mənə eləyib, vaxt da dardı, Allah kəssin kasıblığı... Əllərim göydə qalıb... Bilmirəm, haranın daşını töküm başıma...

   
“Şəhərli” kəlməsini eşidən andaca diksinən Para Valeh özünü o yerə qoymadı, tezcənə dim-dik görkəm aldı. Şəhərli döyül, bəs nədi, tələbəlikdən kəndlərindən çıxandı. Bir daha oralara qayıtmamışdı. Nə olsun ki, kəndin göbəyində dünyaya göz açmışdı, oraların cikinə də, bikinə də bələddi. Günorta çağı Şəmigilin həyətindən kəndin kənarındakı çayın qabağını iri şümşad daşlarla kəsib, xol düzəldərək çimişən uşaqları görəndə o günlərini bir daha əyani yaşamışdı da. İş orasındaydı ki, Para Valehin övladları da, nəvələri də özlərini şəhərli sayırdılar, kimsə onlara kənddən-kəsəkdən söhbət belə salmamışdı, Para Valehin kəndinin səmtinin belə harda olmasından bixəbərdilər. Bir də ki, el arasında bir deyim var, arvad haralıdırsa, kişi də oralıdı. Para Valeh ali təhsilini başa vuran kimi kirayədə qaldığı evin sahibinin qızı ilə ailə qurmuşdu. Şəhərliydi ki, şəhərli.


Nömrə Şəminin ağlamsınmağı vecinə olmasa da, Vahidin təklifi elə ilk andaca Para Valehin ağlına batmışdı. Səhər bu qapıya ayaq basandan dabanına tüpürüb geriyə dönmək fikri ona rahatlıq vermirdi. Bir tərəfdən də düşünürdü ki, bu lap ayıb olar. Digər tərəfdən nəvələrinin qırımına dərindən bələddi, onu da yaxşı bilirdi ki, onlar Şəmigildəki şəraitlə heç cür barışan deyillər. Belə bir müşkül vəziyyətdəykən ani olaraq beyni işlədi, dodağı qaçdı:


-      Ay, Şəmi kişi, o qonşun Vahid evindəki məişət əşyalarını neçəyə deyir ki?


Eşitdiyindən gözlərinə işıq gələn Nömrə Şəmi  bu dəfə “Yastıq” fəndinə dirsəkləndi. Özünü lap sadəlövhlərin sadəlövhü kimi apardı. Ənənəvi tülkü donuna girdi. Gözündəki hiyləgərlik parıltısı sezilməsin deyə tezcənə özünü yığışdırdı.

      
-      Valeh müəllim, sən deyən, elə də baha demir; televizor, əl kompyuteri, soyuducu, paltaryuyan maşın, divan, kreslolar, stol, stullar, çarpayılar, hamısı da təptəzədir, vur-tut  2000 manata, vallah havayıdır...

 
-      Mən başa düşdüyümdən, o qonşun sənin xətirini çox istəyir, özü də sizin maddi durumunuzdan da tam halidir, yanılmıramsa, sənə lap 1700 manata də verər... Deyərsən ki, əgər, üstəgəl öz internetini də sizə hədiyyə eləsə, sövdələşmə baş tuta bilər... Amma qətiyyən büruzə vermə ki, bu iş mənlikdir, sən bacardıqca zarı, danışdıq...

     
Sevincindən qanad açan Nömrə Şəmi “Nə deyirəm ki” anlamında sadəcə çiyinlərini çəkdi, özünü o yerə qoymadı, bacardıqca qalibanə görkəmini yığışdırmağa çalışdı. Müəllimi nəzərlərini Habilə çevirib  amiranə şəkildə dilləndi:


- Qağa, sən də səhərin alaqaranlığından işə başla. Biz gəzintidən qayıdana qədər, alacağınız əşyaları yerbəyer elə, usta tap, paltaryuyan maşını da qoşdur, işlək vəziyyətə gətir. İnterneti də qaydasına salmağı unutma ha... Yoxsa, bu lotular başımızı keçəl eləyəsidilər, danışdıq?

      
Habil də şadlığından çırtma vurub, süzməyə hazırdı. “Baş üstə” deyib tələm-tələsik  yatağına sarı yön aldı. O gecə Nömrə Şəmi də, Para Valeh də ilan ağzından qurtulan təkin mışıl-mışıl yuxularını aldılar.

      
Ertəsi günü səyahətdən Şəmigilə dönəndə Para Valeh öncə qəribsəyən “Niva”nın başının üstünü kəsdirdi. Nömrə Şəminin xoruzunun da yumurtalayan çağıydı.

 

        
- Ay Şəmi kişi, bu avtomobilin dərdi nədi? Niyə bu küncdə mürgü döyür?

       
 - Valeh müəllim, qadasın alım, akkumulyatoru yatıb, mən də heç cür imkan eləyə bilmirəm ki, onu ustaya göstərim, -deyə fürsətcil Nömrə Şəmi bu dəfə “Saqqızını çırpışdırma” fəndinə güc gəldi.

       
- Bunun xərci təxminən nə olar?

       
- Yəqinki, lap özünü öldürəsi, yüzcə manat, - Nömrə Şəmi çöhrəsinə utancaqlıq sığalı çəkərək “Solaxay qapaz” fəndini işə salmağı da unutmadı,     - Mənə xəcalət verirsən e, müəllim, axı, bunun təkərlərinin dördü də keçəldi, əməlli-başlı dazdı...

      
- Məncə,  kənd yerində bunlar hamısı 250 manata düzələr, -deyə Para Valeh sözünə davam elədi, – Ay Habil, götür pulu, səhərə bu binəvanı da ayağa qaldır. Yoxsa, söküldüm, bircə günün içində sizin taksi sürücüləri öz cındır maşınları ilə məndən 40 manatdan çox pul qopardılar. Təsəvvür edirsən, Şəmi kişi, sizinkilər səhər bir neçə fal yumurta, azacıq nehrə yağı, qaymaq, təndir çörəyi, bir də samovar çayına görə məndən 50 manatdan çox pul qamarladılar, haram xoşları olsun.

     
 - Elədir, Valeh müəllim, buradakı istirahət yerlərində üç nəfərlik otağı  kimsə sizə gecəsi 100 manatdan aşağı kirayə verməz, dədəm Həlləm-Qülləm Əbdülün goru haqqı...

    
 - Əşi, and niyə içirsən, sənə inanmayan kafirdi...

     
Bir neçə günün içində Nömrə Şəminin evi əsl malikanəyə döndü, “Niva” da ayaq üstəydi. Nəhayət, iki həftəlik ürəyincə istirahətdən sonra Nömrə Şəmigillə halallaşan Para Valeh nəvələri ilə birgə paytaxta döndülər.

     
Bu əhvalatdan heç bircə il də ötməmişdi. Şəmi gözünə dəyən alababat nəyləri vardısa, dəyər-dəyməzinə satıb “rektor göndərişi”nin ümidinə qalan oğlunu müəlliminin “tilsim”indən qurtarmaq üçün tələb olunan 2000 manatı toplamışdı. İndi əvvəlki təkin bir həsirdi, bir də Məmmədnəsir!!! Necə deyərlər, daş qayaya rast gəlmişdi. Nömrə Şəmini ən çox yandıransa, Para Valehin ona “Nədi, ə, gözümün içinə niyə belə xam-xam baxırsan. Bu qədər puldan mənə qalan vur-tut əllicə manatdı. 1950 manatı ötən yayda sizdə qoyub gəlmədim, ay qurumsaq, nə tez unutmusan. Sevin barı, hələki məndən bu qiymətə can qurtaran olmamışdı... Get, bir özündən dəm vuranda, beş də məndən döşəməyi unutma, di tərpən, xoş gəldin” deməsiydi.                                             

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?