Modern.az

Day.Az Media Şirkətinin direktor müavini: “Bütün internet media qurumları bir araya gəlməlidirlər”

Day.Az Media Şirkətinin direktor müavini: “Bütün internet media qurumları bir araya gəlməlidirlər”

22 Sentyabr 2011, 12:18

“Aznetin inkişafı fəaliyyətimizin prioritet istiqamətidir”

Day.Az Media Şirkətinin direktor müavini Sevda İlhamqızı Modern.az saytına açıqlamasında ölkədə fəaliyyət göstərən bütün ciddi internet media quruluşlarının bir araya gəlməsinin vacibliyindən danışıb.

- Son dövrlərdə medianın öz biznesini qurması, reklam bazarını genişləndirməsi məsələləri haqda çox danışılır. Bu mövzu niyə aktuallaşıb?

- Çünki artıq medianın pul qazanmaq vaxtıdır. İnternet mediası bu gün malik olduğundan qat-qat artıq gəlirlər əldə edə bilər. Bizim şirkətin də qarşısında dayanan əsas məqsədlərdən biri internetə reklam axınını gətirməkdir.

İnternet sektorunda olan bütün media qurumları bu ortaq maraqları naminə bir araya gəlməlidirlər. İnformasiya agentlikləri, xəbər saytları, portallar, qəzetlərin internet səhifəsi bu sektorun inkişafı üçün birgə fəaliyyət göstərə bilərlər. Onlardan birinin inkişafı digərinin inkişafından keçir, çünki hamısını ortaq bir məkan birləşdirir.

Day.Az Media Şirkətinin internet resurslarının istifadəçiləri günü-gündən artır. Bu resurslar üzərində böyük komanda çalışır, həm Azərbaycanda, həm xarici ölkələrdə olan peşəkar proqramçılar, marketoloqlar, reklam menecerləri və s. mütəxəssislər işləyirlər. Qarşıdakı yeni layihələrimizlə saytlarımızın reytinq göstəricisinin daha çox artacağı proqnozlaşdırılır. Lakin biz eyni zamanda başa düşürük ki, hər bir saytın ayrılıqda inkişafı ilə internetə reklam axını gəlməyəcək. Biz bütün saytların inkişafında maraqlıyıq. Çünki internet sektorunun səviyyəsi yüksəlməyincə hər hansı bir sayt, inet-holdinq, internet mediası qazana bilməz. Odur ki, Aznetin inkişafı fəaliyyətimizin prioritet istiqamətdir.

Bu, həm də biznesdir, biz bu sahəyə sərmayə yatırırıq və onun bəhrəsini də görməliyik. Əgər internet sektorunu yüksəltməsək, təbii ki, qazanc götürməkdən söhbət gedə bilməz və qoyulan sərmayələr də havaya sovrular.         

- İnternet sektorunda reklamı artırmaq üçün necə bir iş qurulmalıdır?

- İnternetin imkanları barədə bütün reklamvericilərə düzgün təqdimat verilməlidir. Yeri gəlmişkən, Day.Az Media Şirkəti yaxın aylarda “İnternet mediasının və onun reklam bazarının inkişafı” mövzusunda beynəlxalq konfrans keçirəcək.

Həm reklamverici şirkətlərin, həm də media orqanlarının reklam menecerləri  üçün nəzərdə tutulan bu konfransa Rusiya, Ukrayna, Qazaxıstan, Belorusiya və başqa ölkələrdən mütəxəssislər dəvət olunublar. Onlar öz təcrübələrini bizimlə bölüşəcəklər və internetə reklam cəlb etməyin, uğurlu reklam siyasəti qurmağın yolları barədə danışacaqlar.

Biz həm də düşünürük ki, reklamvericilərlə sıx əməkdaşlıq qurmaq üçün onlara internet resurslarının obyektiv reytinq göstəriciləri təqdim olunmalıdır. Bu göstəricilər şəffaf olmasa, şirkətləri inet-medianın reklam bazarında saxlamaq çətin olacaq. Yəni hesab edirəm ki, obyektivliyi, şəffaflığı saxlamaqla reklam qazanmaq daha doğru yoldur. Bütün internet saytlarının ən dürüst, vahid sayğac sisteminə qoşulması bu obyektivliyi təmin edə bilər. Elə bir sistem ki bütün kənar müdaxilələri, manipulyasiyaları aşkar etsin və uzaqlaşdırsın. Obyektiv reytinqə hamı qoşularsa, bu zaman media üçün də, reklamvericilər üçün də aydın təsəvvür yaranacaq və bundan hamı qazanacaq.        

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir