Modern.az

Azerfon şirkəti Bank Standard-la əməkdaşlığa başladı

Azerfon şirkəti Bank Standard-la əməkdaşlığa başladı

22 Sentyabr 2011, 15:43

Azerfon şirkəti ilə Bank Standard arasında əldə olunan razılaşmaya əsasən 2011-ci ilin iyul ayından etibarən 15 mln. manat məbləğində vəsaitin ayrılması məqsədi ilə veksel satışı elan edilmişdir.

Veksel satışından əldə edilən vəsait mobil operator tərəfindən qısa müddət ərzində yeni texnologiyaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və şəbəkə əhatəsinin gücləndirilməsi üçün istifadə olunacaqdır. Müqaviləyə əsasən veksellərin hazırlanması və satışı ilə bağlı bütün işləri, o cümlədən, potensial investorların cəlb edilməsi Bank Standard tərəfindən həyata keçirilir.

“2011-ci il Azerfon abunəçiləri üçün böyük dəyişikliklər ili olacaq. Azərbaycanın ən böyük özəl banklarından olan Bank Standardla həyata keçirdiyimiz veksel proqramı ilk növbədə 3G şəbəkəsinin qısa müddətdə gücləndirilməsinə yönəlib. Hazırda mobil rabitə bazarı artıq doymuş vəziyyətdədir, əhalinin 100%-i mobil telefondan istifadə edir. Lakin, data xidmətlərinin istifadəsinin artımında böyük potensial var və biz də ilk 3G operator olaraq əhaliyə 3G xidmətlərinin çeşidini çoxaltmaq, 3G şəbəkəsini gücləndirmək məqsədi ilə investisiyalarımızı artırırıq. İki ay əvvəl Nokia Siemens Network (NSN) şirkətiilə şəbəkəmizin genişləndirilməsi və modernizasiyası üçün 65mln. ABŞ dolları məbləğində müqavilə imzaladıq. Bank Standard vasitəsi ilə həyata keçirəcəyimiz növbəti yatırım qısa müddət ərzində şəbəkə əhatəmiz və xidmət keyfiyyətinin artmasına səbəb olacaqdır” - deyə, Azerfon şirkətinin Baş İcraçı Direktoru cənab Yurgen Pitz qeyd etmişdir.

Öz növbəsində Bank Standard İdarə Heyəti Sədrinin 1-ci müavini cənab Cavid Quliyev bunları bildirmişdir: “Azərbaycan bank sektorunun liderlərindən biri Bank Standard Azerfon şirkətinin maliyyə tərəfdaşı kimi vəsaitlərin cəlb olunmasını təşkil edir. Apardığımız araşdırma onu göstərir ki, Azerfon şirkəti sürətli inkişaf templərinə görə sərmayəçilərin böyük marağını cəlb etməkdədir. Bu sahədə olan tərcrübəmizi, habelə Azerfonun maliyyə qurumları və geniş ictimaiyyət arasında olan etibar və nüfuzunu nəzərə alaraq əminik ki, Azerfon şirkəti ilə hazırladığımız veksel proqramı çərçivəsində lazım olan vəsait qısa müddət ərzində tam şəkildə cəlb olunacaq. Bank Standard üçün bu layihə ölkənin ən böyük və aparıcı şirkətləri ilə qurduğumuz uğurlu maliyyə tərəfdaşlığının daha bir önəmli nümunəsi kimi ön plana çıxır.”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?