Modern.az

Bakının qonağı olan Kıprıs türkləri deputatla görüşüblər

Bakının qonağı olan Kıprıs türkləri deputatla görüşüblər

22 Sentyabr 2011, 17:26

Millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan Quzey Kıprıs Türk Cümhuriyyəti (QKTC) Lefkə Avropa Universitetinin (LAU) İdarə Heyətinin və Lefkə bələdiyyəsinin başqanı prof. Mehmet Zəfər və həmin universitetin prorektoru Akın Cellatoğlu ilə görüşüb.

Səfərlərinin məqsədi barədə bilgi verən Mehmet Zafer Azərbaycanla tələbə mübadiləsi, gənclərin təhsil səviyyəsinin yüksəldilməsi və habelə Lefkə bələdiyyəsi ilə Azərbaycan bələdiyyələrindən birinin qardaşlaşmış bələdiyyə olması ilə bağlı, ümumən işbirliyi imkanlarının araşdırılmasını nəzərdə tutduqlarını deyib. O, universitetlərində müxtəlif hazırlıq kurslarının təşkil olunduğunu, bundan sonra LAU-nun Azərbaycanda da təmsilçiliyinin fəaliyyət göstərəcəyini bildirib. Qonaq özəlliklə, Qarabağ müharibəsi veteranları və şəhid ailələrindən olan gənclərə üsütünlüklər tanınacağını vurğulayıb.

Keçirdiyi digər görüşlər və mətbuat konfransı barədə millət vəkilinə bilgi verən kıprıslı qonaq, səfər çərçivəsində, LAU ilə sıx əməkdaşlıq edən, Azərbaycana bu səfərlərinin gerçəkləşməsində dəstək olmuş Avrasiya Ekonomik İlişkilər Dərnəyinin (EkoAvrasya) ödülə layiq gördüyü üç Azərbaycan QHT və KİV təmsilçisinə ödüllərin təqdim ediləcəyini də bildirib. Mehmet Zəfər həmin şəxslərin, Azərbaycanla Türkiyə arasında sosial-mədəni və informasiya mübadiləsi sahəsində göstərdikləri xidmətlərə görə ödülləndirildiklərini qeyd edib. 

Qonaqları Azərbaycanda görməkdən, onların zəngin səfər proqramından, keçirdiyi görüşlərdən məmnun olduğunu bildirən xanım millət vəkili, belə görüşlərin bütövlükdə Türk Dünyası üçün faydalı olduğuna inandığını vurğulayıb. Ayrıca LAU-nun Bakıda təmsilçilik açmasının da bu universitetlə Azərbaycan təhsil ocaqları arasında yeni işbirliyi üfüqləri açacağını bildirən millət vəkili, hər konstruktiv layihənin, hər konkret işin irəliyə doğru bir addım kimi dəyərləndirib.

Sonra EkoAvrasyanın ödülünə layiq görülən hər üç şəxsin – araşdırmaçı-jurnalist Elnur Eltürk, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər Təşkilatının başçısı, Milli QHT Forumunun koordinatoru Mübariz Quliyevi yaxşı tanıdığını, işlərinə yaxından bələd olduğunu bildirən millət vəkili, onların göstərilən sahədə diqqətəlayiq işləri olduğunu vurğulayıb.
Deputat bu gün Azərbaycan və Türkiyə arasında, ümumən Türk Dünyasında inteqrasiya prosesinə ictimai platformadan, mediadan dəstək göstərilməsini alqışaladığını, belə ödüllərin verilməsinin gərəkli bir addım olduğunu qeyd edib. O, ödül təqdim edən qurumun da necə bir təsisat olmasının önəm daşıdığını, bu anlamda, artıq Azərbaycanda da yaxşı tanınan EkoAvrasyanın və eyni adlı dərginin dəyərli işlər gördüyünü və ictimai təsisatlar arasında sayğın bir mövqe qazandığını vurğulayıb.

Qənirə Paşayeva qonağa Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir