Modern.az

Dəmir barmaqlılar arasına düşən prezidentlər - SİYAHI                                    

Dəmir barmaqlılar arasına düşən prezidentlər - SİYAHI                                    

Dünya

30 İyul 2018, 14:28

Ermənistanın ikinci prezidenti Robert Koçaryan 2008-ci il 1 mart hadisələrinə görə cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt prezident seçkilərinin nəticələrinə etiraz edən Levon Ter-Petrosyanın tərəfdarları ilə asayiş keşikçiləri arasında baş verən toqquşmalarda 8 etirazçı və 2 Daxili Qoşun əsgəri həlak olmuşdu.

 

Ermənistan Xüsusi İstintaq Xidməti Robert Koçaryanı bir qrup şəxslə konstitusion quruluşu devirməkdə ittiham edir və artıq onun barəsində 2 aylıq həbs qətiimkan tədbiri seçilib.

 

Amma Robert Koçrayan mühakimə olunan ilk dövlət başçısı deyil. Bundan əvvəl də prezidentlik səlahiyyəti bitəndən sonra bir çox siyasətçilər məsuliyyətə cəlb olunublar.

Modern.az həmin dövlət başçılarının siyahısını təqdim edir. 

 

Slobodan Miloşeviç (Serbiya)

Həbs olunan prezidentlər arasında Serbiyanın ilk prezidenti Slobodan Miloşeviçin nümunəsi ən çox səs-küy qoparan epizodlardan sayılır. 2001-ci ildə növbəti prezident seçkilərini uduzan Miloşeviç hərbi cinayətlər və korrupsiya ittihamı ilə məsuliyyətə cəlb olunmuşdu. Keçmiş prezident keçmiş Yuqoslaviya üçün yaradılmış Beynəlxalq Tribunala verilmişdi. Miloşeviç üzərində məhkəmə işi bir neçə il davam etmişdi.

Sabiq prezidentin səhətində yaradılan problemlərə görə, məhkəmə 22 dəfə fasilə verməli olmuşdu. 2006-cı ilin martında Slobodan Miloşeviç Haaqa Tribunalının həbsxanasında ürək tutmasından vəfat etmişdi. Onun barəsində açılan cinayət işi bu səbəbdən bağlanıb. 

 

Hüsnü Mübarək (Misir)

2011-ci ildə “Ərəb baharı”nın dalğası Misiri də sarmışdı. 1981-ci ildən ölkəyə rəhbərlik edən Hüsnü Mübarək inqilab zaman nümayişçilərə atəş açılmasına göstəriş verməsi ittihamı ilə ömürlük həbs cəzası almışdı. 2015-ci ildə bu ittihamlara korrupsiya və s. qanun pozuntuları da əlavə edilmişdi. Lakin onun yaşı və həbsxanada keçirdiyi müddət nəzərə alınaraq keçmiş prezident azad olunmuşdu. Onun mühakimə olunduğu zaman prezident səlahiyyətlərini icra edən Məhəmməd Mursi özü də həbsxanaya düşmüşdü. Hərbi çevriliş nəticəsində devrilən Mursi Qətərə casusluqda ittiham edilirdi.

Mursi ölüm cəzası almışdı. Amma bir müddət sonra onun cəzası ömürlük həbs cəzası ilə əvəzlənib.

  

Səddam Hüseyn (İraq)

1979-2003-cü illərdə İraqa rəhbərlik edən Səddam Hüseyn də ABŞ-ın müdaxiləsindən sonra məsuliyyətə cəlb olunub. Hakimiyyət illərində törətdiyi cinayətlərə görə, keçmiş liderə edam cəzası çıxarılmışdı. 2006-cı ildə həmin hökm icra olunmuşdu.

 

Luis İnasiu Lula və Dilma Rusef (Braziliya)

Braziliyanın keçmiş prezidenti Lula ölkənin ən böyük neft-qaz şirkəti “Petrobras”la bağlı korrupsiya işinə görə 12 illik həbs cəzası çəkir. Şirkət əlverişli müqavilələr imzalamaq üçün ayrı-ayrı dövlət məmurlarına böyük pullar ödəyirdi.

2016-cı ilin avqustunda o zaman prezident Dilma Rusefin də adı bu korrupsiya skandallarında hallanmışdı. Buna görə, Rusef ölkə senatı tərəfindən impiçment olunaraq, istefaya göndərilmişdi.

 

Pak Kın Xe (Cənubi Koreya)

 

Cənubi Koreyanın keçmiş prezident Pak Kın Xe (2013-2017) də məhkəmə qarşısına çıxıb. 2017-ci ilin martında korrupsiya skandalı ilə bağlı ona impiçment elan olunmuşdu. 2018-ci ilin aprelində isə vəzifə səlahiyyətlərini aşma, korrupsiya, dövlət sirrini yayma və s. ittihamlar əsasında Pak Kın Xeyə 24 il həbs cəzası verilib. Bundan başqa, o, büdcəyə 17,5 milyon dollar pul da qaytarmalıdır.

 

MDB məkanında isə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və Ukraynanın keçmiş rəhbəri Viktor Yanukoviçə qarşı cinayət işi açılıb. Lakin hər iki şəxs ölkə xaricində olduqları üçün onlar barəsində yalnız qiyabi həbs qərarı mövcuddur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır