Modern.az

Dünənin olayları

Dünənin olayları

23 Sentyabr 2011, 10:29

Bu məmləkətdə tək kasıblar deyil, varlılar da ağlayır

Dünən Mirmövsüm Ağanın İçəri Şəhərdəki evini ziyarətə getmişdim. Gördüm ki, yanında 6-7 yaşlı oğlan uşağı olan bir qadın dayanmadan ağlayır. Həm Allaha, həm də Ağaya yalvarır ki, ona kömək etsinlər. Allahı başa düşdüm, amma Ağaya yalvarmağını anlaya bilmədim.

Ev problemi vardı. Deyirdi ki, İcra Hakimiyyətinə, bir çox inistansiyalara müraciət etsə də, bir uşaqla ac-susuz küçədə qalıb. Ağlayaraq Allaha şikayət edirdi ki, gözləri görmür, buna görə də ona heç kim iş vermir. Deyəsən o qadın günün bütün saatını Ağanın evində həm onun şəklinə, həm də Allaha yalvarmaqla keçirirdi. Çünki ziyarətə gələnlər nəzir pulunu otaqdakı masanın üstünə deyil, o qadının cibinə qoyurdu. Elə bu da Ağanın ziyarəti hesabına varlanan oradakı qohumlarının kefinə soğan doğrayırdı. Nə dizlərini yerə qoyub Allahdan və Ağadan imdad diləyən qadını oradan qova, nə də qadına pul verənlərə “pulu ona verməyin, masanın üstünə” qoyun deyə bilirdilər. Açığı, Ağanın evində heç Allaha da dua edə bilmədim, ziyarətimi yarımçıq buraxıb qayıtdım.

Yazıq qadın o qədər zarıyırdı ki, öz-özümə düşündüm, yerdəkilər onu eşitmir, bəlkə göydəki bu gün onu eşidib bir əlac etdi...

Dünən təsadüfən köhnə Sovet küçəsinin, yəni sovetskinin yaxınlığından keçirdim. Dayandığım küçənin düz ortasında bir-iki gün əvvəl bir qadının başını kəsmişdilər. Başı kəsilən qadını və başkəsən barədə oradakılar daha məlumatlıydı. Bəzisi deyirdi ki, qadın ərindən boşanıb başqasıyla görüşürmüş və hamiləymiş. Digəri də deyirdi ki, ərindən ayrı yaşasa da, boşanmamışdı. Bir başqası da deyirdi ki, nə fərqi var ki, günün günorta vaxtı küçənin ortasında baş kəsiblər. Tək baş kəssə nə varmış ki... Qadının qarnı da yırtılmışdı, iç-çalatı asvaltın üstünə tökülmüşdü. Onu da dedilər ki, baş kəsən həm narkoman, həm də narkotik alverlə məşğuldur: “O oğlan həbsdə yatmayacaq, pul verəcək, buraxacaqlar. Siz bu ölkədə Jipp-i olanın həbsdə yatdığını eşitmisinizmi?”... Bəlkə də belədir, bilmirəm, amma Ağanın evində zarıyan qadının da pulu olsaydı indi küçələrdə yatmazdı, pul verib evinə sahib olardı...

Dünən bu olaydan ayrılıb yoluma davam edirdim ki, iki uşağın bağırtısı məni dayanmağa vadar etdi. 3 yaşında əkiz uşaqlar idi. Birinin əlindən anası, o birinin əlindən nənəsi tutmuşdu. Əkiz olmalarına baxmayaraq ikisi də fərqli şeylərə ağlayırdı. Biri dükanın vitrinə düzülmüş konfet üçün ağlayırdı, digəri isə maşın üçün. Anası əlindəki oyuncağı maşın üçün ağlayan uşağına uzatsa da “mən bundan istəmirəm, ondan istəyirəm” deyib əlini maşınlara uzadaraq bağırtı qoparırdı. Anasından onun hansı maşın üçün ağladığını soruşdum. Sən demə uşaq küçələrdə o yana, bu yana şütüyən Jipplər, mersedeslər üçün ağlayırmış. Konfet üçün ağlayan əkizlərdən birinin səsini kəsə bildim, çantamdakı konfeti ona verməklə. Amma Jipp üçün ağlayan əkiz tayının səsini kəsə bilmədim. Çünki bunu etməyə qadir deyildim...Və oradan uzaqlaşdım...

Dünən şəhərin mərkəzi küçələrindən birinin tinində qoyulmuş zibil qutularında eşələnən yaşlı bir kişi gördüm. Hərçənd ki, bu cür olaylarla hər gün qarşılaşırıq. Zibil qutularını axtaran o yaşlı kişin zahiri görünüşü  bomja oxşamırdı. Adam qutuları axtara-axtara dodaqaltında mızıldayırdı: “Utanmırlar, bu cür bahalı evlərdə yaşayırlar, amma əti sümüyünə kimi sümürür, çörəyi qırıntılarına kimi yeyir, meyvənin cecəyinə kimi udurlar”... Vallah, düz deyir, çünki indi varlılar da ağlayır...   

Dünən bu xoşagəlməz olaylardan sıxılıb evə döndüm. Yolda qonşumla rastlaşdım. Qadın çox pərişan görünürdü. Səbəbini soruşdum, güllə kimi açıldı: “Uşaqların ikisi də bu il birinci sinfə gedir, məktəbli formasının pulunu borc almışam, hələ qaytara bilməmişəm. Bu yandan uşağın sinif müəllimi deyir ki, hər bir şagirddən 10 manat fond pulu yığılır, sabah gələndə pul gətirin. Bir evdən iki uşaq eyni sinifdə oxuduğu üçün ikisinə bir kitab verirlər, amma pulu ayrı-ayrı gətirmələrini istəyirlər”. Mən də dedim ki pul vermə. Əlavə etdi ki əgər o pul yığılmazsa guya sinifləri təmiz olmayacaq, partaları tozlu qalacaq, süpürgə ala bilməyəcəklər, uşağa şeir öyrətməyəcəklər, çünki hazır vərəqələrdə şagirdlərə şeir paylayırlar ki, valideynləri evdə öyrətsin. Ən əsası da odur ki, pulu verilməsə uşağı ayaq yoluna aparan olmayacaq. Qonşum onu da bildirdi ki, yanvar ayında yenidən hər şagirddən 10 manat fond pulu yığacaqlar. Məndən xahiş etdi ki, məktəbin və müəllimənin adını heç yanda deməyim: “Kasıb adamam, uşağı məktəbdən qovarlar, heç yana apara bilmərəm. Kimdir məni eşidən, yenə də borc alıb məktəbə fond pulu verəcəyəm”...

...Dünən tək yuxarıda yazdıqlarımla deyil, çox olayla qarşılaşdım. Eh, anlatsam nə olacaq, anlatmasam nə olacaq? Guya o qadının əlindən alınan evini özünə qaytaracaqlar? Yoxsa, başı kəsilən o Jipp markalı avtomobilin sahibi uzun müddət həbsdə qalacaq? Və ya o ağlayan əkizlərə konfet, maşın alan olacaq? Və yaxud da, zibillikdə özünə və ailəsinə yemək axtardığını görənlər qutulara ərzaq qoyacaqlar? Və yaxud da ki, məktəblərdə fond pulu yığanlardan guya xəbərsiz olan Misir Mərdanov məktəb direktoruna töhmət verəcək?  Heç nə baş verməyəcək, heç nə dəyişməyəcək. olaylar elə belə də davam edəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir