Modern.az

Ətin bahalaşmasının qarşısını alan olacaq..? (Araşdırma)

Ətin bahalaşmasının qarşısını alan olacaq..? (Araşdırma)

Ölkə

23 Sentyabr 2011, 11:37

Azərbaycanda mal və qoyun ətinin bahalaşmasının qarşısını alan yoxdur. Kənd Təsərrüfatı Nazirliyi ətin süni surətdə bahalaşdırıldığını bildirdiyi halda, qiymətlərin tənzimlənməsinə nəzarət edən İqtisadi İnkişaf Nazirliyi əksini deyir. Bu nazirlik bəyan edib ki, ətin bahalşaması suni qiymət artımı ilə bağlı deyil.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bəyan edib ki, "araşdırmalar göstərir ki, ətin qiymətindəki artım yem və yem komponentlərinin qiymətinin artması, habelə mal-qaranın idxal olunduğu qonşu ölkələrdə ətin bahalaşması ilə əlaqədardır”.

Əti bahalaşdıranlar isə bu qarmaqarışıqlıqdan məharətlə istifadə edirlər. İndi paytaxt bazarlarında sümüklü mal ətinin qiyməti 8 manat 50 qəpik - 9 manat, qoyun əti isə 9 manatadır. Mağazalarda ət hətta 10 manata da satılır.

Normalda minimum istehlak səbətinin tərkibinə görə adambaşına ildə 27,8 kq ət istifadə etməliyik. Kənd Təsərrüfatı Nazirliyi isə etiraf edir ki, hələ qiymətlərin nisbətən aşağı olduğu keçən ildə adambaşına 26,8 kq ət istehlak olunub. Amma əminliklə söyləmək olar ki, Azərbaycanda il ərzində adambaşına 20 kq-dan da az ət yeyən insanlar çoxdur.

Araşdırmalara görə, 2010-cu ildən bu yana ətin qiymətində müxtəlif vaxtlarda 6 dəfə bahalaşma müşahidə olunub.
 
Əhalinin gəlirləri baxımından məsələyə iki yanaşmanın olduğunu deyən iqtisadçı-ekspert Rövşən Ağayev Modern.az-a danışarkən qeyd edib ki, bir qrup insanlar, xüsusilə də ət istehsalı ilə məşğul olmayan şəhər sakinləri fikirləşir ki, ətin qiyməti aşağı olmalıdır və hamının ət istehlak etmək imkanı olmalıdır.

“Əhalinin gəlirlə bağlı problemi var”  

R.Ağaveyin sözlərinə görə, real yoxsulluq səviyyəsi 9 faiz olan ölkədə əhalinin bu kimi narahatçılığı olmamalıdır. “Hökümətin nə deməsindən asılı olmayaraq, Azərbaycan kimi yoxsul ölkədə əhalinin cüzi qiymət artımında ət istehlakı ilə bağlı problemi varsa, deməli, gəlirlə bağlı əhalinin problemi var.  

İkinçi yanaşma budur ki, rəsmi qrumların baxışına görə, Azərbaycanda ətin qiymətinin artması üçün heç bir iqtisadi zəmin yoxdur. Bu, süni qiymət artımıdır. Rəsmi qurumlar burada süni qiymət artımının ətin maya dəyərini təşkil edən xammalın qiymətinin qalxamaması ilə izah edirlər”.

Rövşən Ağayevin sözlərinə görə, burada unudulan cox sayda məqamlar var: “Məsələn, o gün ANS televiziyasının jurnalisti tamamilə qeyri-peşəkar şəkildə təqdim edir ki, ətin 1 kq-nın maya dəyəri 5 manat 50 qəpiyə çıxır. Mütəxəsisilərlə söhbət edən jurnalist hesab edir ki, 5 manat 50 qəpiyin üzərinə maksimun 20 faiz gəlmək olar. Amma unudurlar ki, fermerlər burada işçi qüvvəsindən istifadə edir. İnsanların itirilmiş gəlirləri hesablanmır. Hökümət yanacaq, enerji daşıyıcılarının qiymətini artırır, bunun müqabilində büdcədən çalışanların maaşları da artır. Amma fermer maaş almadığı üçün onun büdcəsində hər hansı artım baş vermir. Yaxud ölkədə ərzaq qiyməti artımı baş verir. Fermer də gedib o məhsulları bazardan alır. Belə olan halda fermer öz xərclərini ödəyə bilmək üçün məcburdur ki, istehsal etdiyi məhsulun qiymətini artırsın”.  

Azərbaycanda son iki-üç ildə qiymətlər xeyli yüksəlib

Azərbaycanda gizli inflyasiya var. Son illər Azərbaycanda inflyasiyanın səviyyəsi, xüsusilə də neftin qiymətinin artdığı son iki-üç ildə qiymətlər xeyli yüksəlib. Kənd yerlərində insanların xərcləri artdığına görə, bu qiymət artımının qarşısının almaq mümkün deyil.

Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda qiymətlər yalnız məhsul bol olduğu halda sabitləşə bilər. Rəsmi qurumlardan açıqlama verilir ki, ölkədə yetərincə ət istehsal olunur.  Ekspert isə bu qənaətdədir ki, rəsmi qurumların verdiyi açıqlama həqiqəti əks etdirmir: “Nazirlər Kabinetinin təsdiq etdiyi minimum istehlak səbətinə görə, Azərbaycanda orta əmək qabiliyyətli əhali orta hesabla il ərzində 27 kq ət istehlak etməlidir. Bu hardasa, 241 min ton ət tələbatı deməkdir. Rəsmi qurumların məlumatına görə, ölkədə 240 min ət istehsal olunur”.

Minimum istehlak səviyyəsi ilə rəsmi dairələrin elan etdiyi rəqəmin eyni olduğunu deyən ekspert qeyd edir ki, dövlət üç il bundan əvvəl 180-190 min ton ətin istehsal olunduğunu açıqlamışdı.  “Məsələn 2008-ci ildə ət istehsalı 170 min ton göstərilib. 2009-cu ildə birdən-birə qaldırdılar 240 min tona, çünki araşdırmalar nəticəsində məlum oldu ki, minimum istehsal səviyyəsi istehlak səviyyəsi ilə düz gəlmir. Dövlət yenidən Statistika Komitəsinə göstəriş verdi. Guya, ev təsərrüfatlarının büdcə müayinəsi təzədən aparıldı, kənd təsərrüfatının istehsalı ilə bağlı dəqiqləşmələr apardılar. Birdən-birə ət istehsalı 60 min ton artdı. Bu absurd yanaşmadır”.

“Real istehlaka uyğun olaraq ən azı 25-30 faiz artıq ət istehsal olunmalıdır”

Ekspert R.Ağayev düşünür ki, ölkədə 240 min ton ət istehsal olunsa belə, yenə də əhalinin tələbatını ödəmir: “Çünki bizim minimum tələbatımız üçüncü dünya ölkələrinin minimum istehlak göstəricisinə uyğundur. Məsələn, Qazaxıstanda minimum ət norması bizdən təxminən 70 faiz yuxarı- 48 kq təyin edilib. Rusiyada isə bu göstəriçi Azərbaycandan 25 faiz yuxarı -37,5 kq müəyyənləşib. Ümündunya Ərzaq Təşkilatının təsdiq etdiyi optimal normalara görə, ət istehlakı 70 kq olmalıdır. Hətta bizim rəsmi qurumların 2010-cu ildə ərzaq balansı ilə bağlı hazırladığı kitabda da bu rəqəmə istinad olunub”.

R.Ağayevin sözlərinə görə, əgər Qazaxıstanın minimum göstəricisi olan 48 kq-la götürsək, Azərbaycana ən azı 430 min ton ət istehsal olunmalıdır ki, əhalinin tələbatını ödəsin: “Rusiyanın minimum istehlak norması ilə götürsək, 335 min ton ət istehsal edilməlidir. Yəni indi Azərbaycanın istehsal etdiyi 241 min tondan əlavə 30 faiz ət lazımdır”.  

İqtisadcı ekspert düşünür ki, ölkəmizdə əhalinin 25-30 faizinin ət istehlakı ilə bağlı problemi ola bilər: “65-70 faiz əhali isə heç də minimum istehlakla qidalanmır, xüsusilə də əhalinin 40-50 faizi Dünya Səhiyyə Təşkilatının, yaxud da ki, Qazaxıstanın normasına uyğun şəkildə qidalanır. Bu şəkildə məlum olur ki, heç də rəsmi qurumların dediyi kimi daxili istehsal real istehlakı ödəmir”.

R.Ağayevin sözlərinə görə, real istehlaka uyğun olaraq ən azı 25 -30 faiz artıq ət istehsal olunmalıdır: “Hələ mən onu demirəm ki, hökümətin 241 min tonu nə qədər şübhəli rəqəmdir. Hətta o rəqəm də real olmasa, deməli Azərbaycanda kifayət qədər ət qıtlığı var”.

Müsahibimizin sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyinin bazarlara girərək qiymət qoyması azad sahibkarlıq prinsipinə zidddir: “Dövlət bazara tənzimləmə vasitələri ilə müdaxilə etməlidir. Məsələn, inkişaf etmiş ölkələrdə ət istehsalçılarının birlikləri var və bazarlar həmin birliklərlə müqavilə bağlayır. Bizdə isə bu mexanizlərin heç birindən istifadə edilmir”.  

“Fermerlərə haqq qazandırıram”

Ekspert fermerlərə haqq qazandırdığını bildirərək qeyd edir ki, fermer təsərrüfatı üçün lazım olan vasitələrin qiymətlərində artım var: “Bu il ot bağlamasının qiyməti 1 manat 60 qəpik- 2 manatdırsa,  keçən il 80 qəpik - 1 manat 20 qəpik idi. Arpanın qiymətində isə 20 faizə qədər artım var, bundan əlavə, heyvanların sağlamlığını qorumaq üçün lazım olan iynə-dərmanların da qiyməti artıb. Eyni zamanda, icarə qiymətlərində də bahalaşma müşahidə edilir. Bunları nəzərə almadan danışmaq qeyri-peşəkar yanaşmadır”.
Ekspert deyir ki, ölkədə olan qiymət artımı, yaşayışın bahalaşması bir çox hallarda fermerləri məcbur edir ki, onlar da öz həhsullarının qiymətini artırsınlar.

 Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!