Modern.az

Nemət Pənahlı türmədə şeir yazıb

Nemət Pənahlı türmədə şeir yazıb

Təhsil

23 Sentyabr 2011, 11:29

Azərbaycan xalq hərəkatının öncül şəxslərindən olmuş Nemət Pənahlı 2011-ci il yanvarın 8-dən həbsdədir. Bakı İstintaq Təcridxanasında saxlanır. İyunun 17-də Nəsimi Rayon Məhkəməsi onu silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib. “Media forum” saytının təqdim etdiyi şeiri Nemət Pənahlı həbsxanada yazıb.

Yaşatsın Yusiftək soyadım səni.
Qızlar bulağından su içən kimi
Çəkib imtahana sınadım səni.
Şirin xəyalların qucağındaca
Göylərə qaldırdı qanadım səni.

Eşqimlə qəlbində atəş yandırıb,
Bala tərlan kimi pərvazlandırıb,
Süzüb, kainatı hey dolandırıb
Könlümə əbədi caladım səni.

Dərib açılmamış qönçə gül kimi,
Eylədim qəlbimin mütləq hakimi.
İllərlə qoynunda çəkib kefimi,
Çapıb, yağmalayıb, taladım səni.

Sən mənim solmayan cənnət bağımsan,
Vüqarlı, yenilməz, məğrur dağımsan.
Ömrə, günə bəzək göy qurşağımsan,
İnci tək boynuma doladım səni.

Odlu baxışların üzümdə qaldı,
Surətin, gözlərin, gözümdə qaldı,
Adın da şerimdə, sözümdə qaldı,
Andıqca od tutub hey yandım səni.

Neçə vaxtdır ruhum candan ayrılıb,
Arı baldan, bal da şandan ayrılıb.
Elə bil ki, ürək qandan ayrılıb,
Kərəm tək oduma qaladım səni.

Məcnun Leyli deyib dağlar dolandı,
Əsli də Kərəmin oduna yandı.
Züleyxa illərlə dözdü, dayandı,
Yusifəm, zindana dayadım səni.

Bu missiya müqəddəs görəvim, inan,
Daim pərvanətək oduma yanan.
Qurban gözlərinə, sevgili canan,
Yalnız sənin üçün qınadım səni.

Millətim unutqan, xalqım biganə,
Sənsiz zindan olub cəhənnəm mənə.
Car çəkib dərdimi hər kəsə demə,
Pərişan etməsin inadım səni.

Leylimsən, gəl dinlə Məcnun sözünü,
Tanı mənim kimi özün özünü.
Bilmək istəyirsən sözün düzünü -
İstərəm Leylitək tanıdım səni.

Aşiqəm, eşqimi əfsanə sanma,
Mənsiz dərdli-dərdli gəzib dolanma.
Əfsanə alışma, əfsanə yanma,
Oyatsın qəflətdən fəryadım səni.

Sən iki dünyada arzum, diləyim,
Mənim gözəl yarım, hurim, mələyim.
Haqqın dərgahında itməz əməyim,
Yar, Allah eşqiylə boyadım səni.

Nuh kimi həyəcan təbili çaldım,
Məlikməhəmmədtək zülmətdə qaldım.
Yolunu məhbəsə, zindana saldım,
Çalışdım vaxtında oyadım səni.

Azadlıq uğrunda, yar, can qoymuşam,
Yağı düşmənlərin gözün oymuşam.
Satqınlar əlindən cana doymuşam,
Nigarım, Həcərim hayladım səni.

Çeynənən, tapdanan hürriyyətimdir,
Haqq üçün çarpışmaq zordur, çətindir.
Bu yolda şəhidlik son niyyətimdir,
Sən uşaq deyilsən aldadım səni.

Bitib tükənməyən istedadın var,
Yaz, yarat, ömrümə gətir yaz, bahar.
Sənə sevgim, sayqım sonsuzdur, ey yar,
Sanma ki, küyləyib, qıyladım səni.

Bu da keçib gedər, pərişan olma,
Dərd çəkib, qəm yeyib ümidsiz qalma.
Hicrandan saralıb vaxtsız qocalma,
Sevir Allahımla övladım səni.

Gülüm, eşqimizdən gəl yazaq dastan,
Çağdaş aşiqləri tanısın cahan.
Köçürək tarixə ömrü anbaan,
Xalqa elçi kimi yolladım səni.

Dəli-divanətək sevirəm səni,
Nemətin dünyaya yay nəğməsini.
Dedin Züleyxa tək sevirsən məni,
Yaşatsın Yusiftək soyadım səni.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir