Modern.az

Bizimkilər: Hüquqşünas olmaq istəyən baş redaktor: “...məndən prokuror və ya hakim çıxmazdı” - FOTOLAR  

Bizimkilər: Hüquqşünas olmaq istəyən baş redaktor: “...məndən prokuror və ya hakim çıxmazdı” - FOTOLAR   

Media

2 Avqust 2018, 14:35

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...


“Bizimkilər”in növbəti qonağı “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmovdur.


Mahir  Əmirzadə  oğlu  Rüstəmov - 1976-cı il oktyabrın 22-də Yardımlı rayonunun Gölyeri kəndində anadan olub. 1993-cü ildə Şıxlar kənd orta məktəbini bitirib. Elə həmin il Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr dərəcəsini bitirib.


“Qeyri-dəqiq adamın həyatda hansısa uğur qazana biləcəyinə inanmıram”


Mahir Rüstəmov  deyir ki, həmişə siyasət və futbol ilə ciddi maraqlanıb:


“Orta məktəbin son siniflərində oxuyanda siyasi cəhətdən fəal uşaqlarla birgə “Ocaq” dərnəyi yaratmışdıq, maqnitofon kasetlərinin plastik qablarından və konserv qapaqlarından dərnək üzvləri üçün döş nişanı düzəltmişdik. Dərnəyin ayrıca divar qəzeti də vardı. Xüsusən 20 Yanvar qırğınından sonra mərkəzi hakimiyyətə qarşı kəskinləşən baxışlarımız rayonun icra strukturları səviyyəsində ciddi söz-söhbətə, bizlə tərbiyəvi danışığın zəruriliyi haqda qənaətə səbəb oldu. Məsələn, Yanvar qırğınından sonra Qorbaçovun şəklini bir itin boynuna keçirib kəndboyu gəzdirməyimizi xatırlayanda indinin özündə də uşaq fanatizminin dərəcəsinə təəccüblənirəm.

Atamı itirəndə cəmi 6 yaşım var idi və belədə tərbiyə, formalaşmaq məsələlərində əsas yük özümdən böyük bacı-qardaşlarımın üzərinə düşüb. İstər məktəbdə oxuyarkən, istərsə də indi – həmişə intizama və dəqiqliyə xüsusi fikir vermişəm. İntizamsız, qeyri-dəqiq adamın həyatda hansısa uğur qazana biləcəyinə inanmıram. İndi orta məktəbdə oxuyarkən yazdığım gündəliklərə baxıram: orda günün hansı hissəsində futbol oynayacağım, nə vaxt qəzet-kitab oxuyacağım, nə vaxt televizora baxacağım, nə vaxt meşəyə ­- odun-ocaq dalınca gedəcəyim dəqiqəsinəcən yazılıb.

Orta məktəb yoldaşlarım arasında da savadlı oğlanlar və qızlar var idi. Təəssüf ki, cənub zonası üçün xarakterik olan qızların erkən ailə qurması gerçəkliyi və 1993-cü ilin təbəddülatları bir çoxunun potensialının açılmasına imkan vermədi. Əvəzində BDU-nun “Jurfak”ında çox güclü, bu gün də yaşlı müəllimlərin hörmətlə xatırladığı 1034-cü qrupa düşdüm. Gizlətmirəm, kənddən Bakıya inamlı və iddialı gəlmişdim, az-çox nələrisə bildiyimi anlayırdım, amma həm də çox güclü qrup yoldaşlarımın əhatəsinə düşəndə daha çox oxumalı, inkişaf etməli olduğumu dərk etdim. Əslində həmin dövrün “Jurfak” mühitində inkişaf etməmək də mümkün deyildi. Müəllimlərin adlarına baxın, özünüz qiymət verin: mərhum Famil Mehdi, Şirməmməd Hüseynov, Tofiq və Akif Rüstəmovlar, Cahangir və Zeynal Məmmədlilər, Əliş Nəbili, Nüşabə Sadıqova, Sabir Xəlilov, Kərim Şükürov, Mahir İsrafilov, Əli Hacıyev , Nəsir Əhmədli və başqaları...”.



“Dövrün siyasi-hərbi olayları məni bu peşəyə atdı”

Baş redaktor  demək olar ki, uşaqlıqdan qəzet-jurnalın içində böyüdüyünü bildirib:


“Məktəbin divar qəzeti, gündəliklər yazmaq özünüifadə yolunda ilk və kövrək cəhdlər idisə, 1986-cı ildən başlayaraq Moskvada və Azərbaycanda işıq üzü görən bütün qəzet-jurnalları nöqtə-vergülünə qədər oxumaq ehtirası məndə qəribə jurnalist acgözlüyü yaratmışdı. “Komsomolskaya pravda”, “İzvestiya”, “Pravda”, “Arqumentı i faktı”, “Krasnaya Zvezda”, “Sovetski Sport”, “Pionerskaya pravda” və təsəvvür edin ki, hətta “Sosialistiçeskaya industriya” qəzetini də oxuyurdum. Respublikanın qəzet və jurnallarını isə daha demirəm. Poçtalyon Nadir dayı və oğlanları qəzetləri çeşidləyib, ertəsi abunəçilərə çatdırana qədər oxuyub qurtarmalıydım. Bəzən oxumaq həvəsi elə güc gəlirdi ki, hətta qonşu kənddəki poçt şöbəsinə də yollanırdım. Ümumiyyətlə, oxu prosesi mənə çox maraqlı gəlirdi. Məsələn, günlər olub ki, hamının gözündən yayınıb, səhər tezdən kitabxanaya girmişəm, bir də gün qaralanda, artıq evdən məni axtaranda ordan çıxmışam. Amma təbii ki, oxumaq həvəsinin, müəlliflər, janrlar və üslublar haqda formalaşan ilkin təsəvvürlərin jurnalistikanı seçməyimin yeganə səbəbi olduğunu düşünmək absurddur. Mənə elə gəlir ki, bu məsələdə 80-ci illərin ikinci yarısında Azərbaycanın başına açılan Qarabağ oyunu, üzləşdiyi haqsız savaş həlledici rol oynadı. Mərkəzi televiziyaya baxırdım, Moskvanın qəzet-jurnallarını oxuyurdum, kor deyildim, hər şeyi görürdüm, cəbhədən gələn şəhid xəbərləri məni hədsiz qəzəbləndirir, həm də necəsə soydaşlarıma kömək etmək həvəsi oyadırdı. Bir sözlə, uşaqlıqdan qəzet-jurnallara bəslədiyim aşırı sevgi və bunun fonunda yaranan özünüifadə istəyi, eləcə də dövrün siyasi-hərbi olayları məni  bu peşəyə atdı. Onu da etiraf edirəm ki, ixtisas seçimində BDU-nun hüququnu 1-ci, “Jurfak”ı 2-ci göstərmişdim. Hüquqa 6 balım çatmadı, amma indi – illər ötəndən sonra zərrəcə təəssüflənmirəm. Onsuz da məndən prokuror və ya hakim çıxmazdı”.



“Bəzən peçenye və “Fanta” ilə naharı yola verirdim”

Mahir Rüstəmov jurnalistika yolunda qarşılaşdığı çətinliklərdən də söz açıb:


“Ailəmiz imkanlı deyildi (11 uşaqlı ailədə səkkizinciyəm) və artıq 1-ci kursda oxuyanda anladım ki, cüzi tələbə təqaüdü ilə nəinki normal dolanmaq, heç dərslərarası tənəffüsdə bufet xərclərini ötüşdürmək də mümkün deyil. 1993-cü il dekabrın 6-da ilk dərsə girmişik, 1994-cü il martın 26-da isə Nazir  Əhmədlinin baş redaktoru olduğu “Millət”də ilk yazım işıq üzü görüb. Sonra qrup yoldaşım, hazırda “Azadlıq” radiosunun Çexiya ofisində çalışan Natiq Zeynalovla birgə “Müxalifət”də  çalışmağa  başladım, Ağamalı Sadiq Əfəndi, Süleyman Osmanoğlu, Rövşən Kəbirli, Vaqif Hacıbəyli, Abdulla Məmmədov kimi usta qələmlərlə tanış oldum.
1994-cü ildə “Çağ” qəzetində, 1995-ci ildə “Şərq”də (qəzetin ilk yaradıcı heyətində olan 4 nəfərdən biriyəm), 1995-ci ilin aprelindən 1997-ci ilin aprelinə qədər “Press-fakt”da, 1997-ci ilin aprelindən oktyabrına qədər “525-ci qəzet”də reportyor işləmişəm.
1997-ci il oktyabrın 1-dən indiyə kimi “Futbol+” qəzetinin baş redaktoruyam. Təbii ki, hər dövrün çətinlikləri və üstünlükləri olub. Əsas çətinlik o idi ki, həm əyani oxuyan tələbə kimi gündəlik dərslərdə iştirak etmək, mühazirə və seminarlara qatılmaq, həm özünə yemək-içmək hazırlamaq, həm də çalışdığın qəzetin tapşırıqlarını yerinə yetirmək lazım gəlirdi.

Gizlətməyə dəyməz, günlər olub ki, sadəcə, tapşırıq dalınca gedə-gedə qidalanmışam, yəni bəzən peçenye və “Fanta” ilə naharı yola verirdim. Texniki avadanlıqlar – kompüter, diktofon çatışmırdı, bütün kollektiv bir stasionar telefonun dəstəyindən asılı qalırdı... Amma həmin dövrün, yəni ötən əsrin 90-cı illərinin jurnalistikasının mənə qazandırdıqları da çox oldu. Piyada gəzə-gəzə bu şəhərin hər künc-bucağını, idarə-müəssisələrini tanıdım, telefonsuzluq mühitində demək olar ki, dövrün bütün siyasətçiləri ilə şəxsən tanış oldum, onları müşahidə etmək, düşüncələrini öyrənmək imkanı qazandım. Rəhmətlik Əbülfəz Elçibəylə müsahibə üçün Natiqlə birgə Kələkiyə getməyimiz, orda başımıza gələnlər heç vaxt, ölənə qədər unudulmayacaq xatirələrdi”.



“Acınacaqlı və yenə də acınacaqlı!”

Müsahibimiz düşünür ki, əslində indiki mərhələ jurnalistika yox, onun parodiyasıdır:


“Demək olar ki, hər şey ölçülü-biçili, qəliblənmiş formadadır. Nə 90-ların inqilabi romantikası, nə də 2000-lərin ağır intellektual-təhlili yükü var. “Kopi-pəst” manevrləri sərhəd tanımır, bəzən kiçik bir xəbərdə üçqat istinad olur, janr müxtəlifliyi hədsiz aşağı səviyyədədir, texnoloji yeniliklər onsuz da məhdud olan oxucu auditoriyasını çoxdan ağuşuna alıb, satış bazarı bilərəkdən daraldılıb, abunə sistemi iflasa uğrayıb (Bakının 15 dəqiqəliyində olan qəsəbələrə qəzet çatdıra bilmirik...), TV-də fərqli baxışları, fikir müxtəlifliyini görmək əsla mümkün deyil. Nazirlər və komitə rəhbərləri həyatın bütün başqa sahələrində olduğu kimi, jurnalistikada da holdinqləri vasitəsilə inhisarçılıq yaradıb, bir sözlə, acınacaqlı və yenə də acınacaqlı! Yeganə maraqlı məqam kimi hər üç-dörd ildən bir jurnalistlərə ev paylanmasını göstərə bilərəm. Düzünə qalsa, bu özü də normal cəmiyyətlər üçün qəbulolunmaz haldır. Amma haqq etməyən, hər cür imkanlara malik çoxluğun fonunda 20 faiz gerçək həmkarımız mənzil sahibi olursa (onsuz da bizim maaşımız ilə Bakıda ev almaq mümkünsüzdü), buna da sevinməyə dəyər. Bir də uzaqbaşı fikir müxtəlifliyinə hörmət edən, bütün baxışlara tribuna verən üç-dörd sayt qalıb ki, onlarsız jurnalistika mühiti daha boz görünərdi”.


Mahir  Rüstəmov jurnalistika ilə bağlı gələcək arzularından da danışıb:


“Çox istərdim ki, qəzet, jurnal, TV, xəbər agentliyini birləşdirən holdinqim olsun. Özü də idman sahəsində yox, daha böyük çapda. Allah ömür və pul qismət etsə, jurnalist olmaq istəyənlər üçün özündə nəzəri və praktiki təlimi birləşdirən yaradıcılıq emalatxanası da açardım, onları cəmiyyətə peşəkar və şəxsiyyət kimi qazandırmaq üçün bütün bilik və bacarığımı sərf edərdim. Amma rusların yaxşı bir məsəlində deyildiyi kimi: çelovek predpolaqaet, a Boq raspolaqaet.
Görək də, axırı necə olur. Hər halda, gerçəkdən güclü olan, fikir müxtəlifliyi sərhəd tanımayan bir ölkənin möhtəşəm jurnalistikasının fərdi kimi yaşamımı sürdürmək istərdim...”.

 


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!