Modern.az

Qabilin əxlaqi-fəlsəfi şeirləri

Qabilin əxlaqi-fəlsəfi şeirləri

Ədəbi̇yyat

2 Avqust 2018, 16:37

Ədəbiyyatımızda özünəməxsus yeri, dəsti-xətti, ifadə tərzi olan Xalq şairi Qabilin müstəqillik illərində çap olunan kitabları içərisində  dörd kitabı xüsusilə diqqəti çəkir: “İlahi qisməti”, “Dostlarım, tanışlarım”, “Dənizlər mavidir, meşələr yaşıl” və “Ömrün gecə qatarı”. Ardıcıllıqla çap olunan  bu kitablarda  Sovet dönəmində yazılmış məşhur əsərlər də yer alıb. Lakin, çoxluq müstəqillik illərində yazılmış şeirlərin  tərəfindədir.

        
1990-2007-ci illər, yəni şair  ömrünün son on yeddi ili onun müdrik çağlarına düşdüyündən yaradıcılığının çox hissəsini fəlsəfi yönümlü şeirlər, həyatın fəlsəfi dərkini  özündə ehtiva edən poetik parçalar təşkil edir. Demək, bu dönəmdə onun yaradıcılığında lirik-fəlsəfi-əxlaqi dəyərli şeirləri xüsusi önəm daşıyır. Orijinallığı, təbiiliyi, saflığı ilə seçilən bu nümunələr oxucusunu mütləq təsir dairəsində saxlaya bilir.

        
Qabilin bu səpkidə yazdığı “Yedəkdə gələn qayıq”, “İstəmirəm”, “Üç nöqtə”, “İlahi qisməti”,  “Borc”,  “Bilmirəm”, “Pərdə”, “Zarafat eləmə”, “Qarışdırma” kimi şeirləri  həyat  hadisələrinə fəlsəfi yanaşmanı əks etdirən  poetik nümunələrdir:

Kobudluqla cəsarəti qarışdırma!

Yaltaqlıqla nəzakəti qarışdırma!..

… Tülkülüklə fərasəti qarışdırma!

Düşmənliklə rəqabəti qarışdırma!..
 

Oğluna müraciətən yazdığı bu şeirində şair bir-birinə bənzəsə də insanların çox fərqli keyfiyyətlərini, xarakterik xüsusiyyətlərini açıb göstərir.

Şairin “Əslində” şeiri də bu baxımdan çox xarakterikdir.  Müəllif burada üzdə bir, əməlində başqa cür olanları ardıcıllıqla  qamçılayır.  Həyatda  adı alim, loğman olan nə qədər nadanlar var. Əslində, təkcə nadan deyil, həm də “şeytandır” onlar:

Zəlil haqqın kəsən zalım,

Əlil haqqın kəsən zalım,

Ziyarətgaha can atma,

Can atma,  xalqı aldatma!   
 

Şair Fikrət Sadığın şeir haqqında maraqlı fikirləri var: “Bu “Əslində” - əslində deyil. Əslində gördüyümüz hər şey pərdələnib. Səməd Mansurun təbirincə desək, – rənglənib. Gərək bu pərdəni açasan ki, həqiqəti biləsən. Lap illərcə həqiqət bildiyin bir də baxıb görürsən ki,  yalanmış  əslində… Günümüzün güzgüsüdür “Əslində”. Elə özümüzük, əslində”

Şairin “Yedəkdə gələn qayıq” şeirinin çox maraqlı süjet xətti var. Mingəçevir dəryaçasında gəmi ilə səyahət edərkən şairin diqqətini bir qayıq  cəlb edir.  Bu qayıq özü üzə bilmədiyindən gəminin yedəyində gedirmiş. Gəmi hara üzsə, qayıq da onun arxasınca dolaşırmış.

Sular gömgöy, səma mavi.

Ağzı köpüklü-köpüklü,

Başı havalı-havalı,

Ədalarla üzür gəmi.

Boynu yedək kəndirində

Üzür qayıq…   

Şair bu səhnəni ürək ağrısı ilə seyr edir. Yadına ömrü boyu yedəkdə gəzən, onun-bunun qoltuğuna sığınan, öz sözü, öz izi olmayan insanlar düşür. Düşünür ki, bu insanlar yedəkdə yaşamağa məcburdurlar, yoxsa məhkumdurlar? Lirik qəhrəman  yaşamaq naminə mübarizə aparmaq iqtidarında olmayan yedəkdəkilər üçün allahdan  imdad, kömək diləyir:

Üzür yedək qayıqları

Qucağında ümmanların.

Allah çatsın imdadına

Yedəkdəki insanların…

“İstəmirəm”, “Üç nöqtə” şeirləri də şairin fəlsəfi dünyasından ayrı-ayrı yarpaqlardır. Kimlərisə cana-boğaza yığacaq uzun ömrü, acı sözü,  qaşqabaqlı üzü istəməyən  lirik qəhrəman düşünür ki:

Yeyib-içib gəzə-gəzə,

Söz qoşuram təzə-təzə,

İstəmirəm çatam yüzə,

Uzun ömrüm xalqı üzə.

…İstəmirəm bu dünyanı

Ölə-ölə tərk eləyim…

Öz ömür qismətinə şükür edən qəhrəman  artıq möhləti də,  özgə  qisməti də qəbul eləmək istəmir. Çünki “İstəmirəm bu dünyanı ölə-ölə tərk eləyim” – düşünür.

Bu mənada Qabilin müstəqillik illərində yazdığı şeirlərində həyatın və insanların hər üzünü aydın görmək mümkündür. Onun poeziyası yaddaşı oyadan, insanı ayıldan, ayaqda saxlaya bilən poeziyadır.

Duyğulu anın məhsulu olan “Üç nöqtə” şeiri də öz dəyəri ilə seçilir. Bir real həqiqət var ki, sözün bitdiyi yerdə üç nöqtə başlayır… Şairin düşüncəsinə, qayəsinə görə: “İncə mətləb kodlarıdır üç nöqtə, hər biri bir  qıfılbənddir… Lal bir məktub açarıdır…” Üç nöqtə  qoyulan yeri  hər kəs aça, oxuya bilməz, bunun üçün qazdan ayıq, gözdən iti olmaq gərəkdir.  Bəzən şilləyə, gülləyə dönən üç nöqtəni  vaxtından əvvəl  dərk etmək, görmək gərəkdir ki, sonra üzlər qızarmasın, qulaqlar yanmasın.

“Yaxşı adamların həsrətindəyik”, “Mənim ürəyimdə sirlər yatır”, “Avtoportret” kimi nümunələrin  hər birində  bir dünya yaşayır. Bu dünyanın öz ayı, günəşi, ulduzları, insanları var. Bu insanlar fərqlidir, yaxşısı, pisi var, alçaqboylusu, hündürü var, kifiri, gözəli var,  öküzü, tülküsü var…  Şairin lirik qəhrəmanı bu dünyanın içində yaxşı adamların həsrətindədir. Hər şeyin nisbi olduğu bu dünyada  dəmir, mislə yanaşı xalis, təmiz, qızıl külçəsi də var. Çox vaxt biz yaxşı insanları o qızılın xası, xalisi, təmizi ilə ölçürük:

Ancaq nisbi deyil,

Nə qızıl, nə mis.

Ancaq nisbi deyil,

Cins ilə nacins.

Gəzirik xalisi,

Sözün qısası.

Biz ayrı sövdanın xiffətindəyik!

Yaxşı adamların  həsrətindəyik!

        
Yaxşı adamlar təmizdi, qatqısız xalisdi, qızıldır, – düşünür  şair və onların axtarışına çıxır. Maraqlıdır ki, bu yaxşı adamları tapır, sonra onların hərəsinə bir şeir, əsər də həsr edərək xalis poeziyanın xalis qəhrəmanına çevirir. Bu xalis insanlar onun ətrafında, yanında olan dostları, tanışları,  qohumları, həmkarlarıdır.  Millətinin, xalqının qızıl övladlarıdır.  Məsələn, “Davam edir yemək-içmək” şeirini Xəlil Rzanın  “Davam edir 37” şeirinə cavab olaraq yazmışdı. Əslində isə əsər Ulutürkün Lefortovo zindanından azad olduqdan sonra onun şərəfinə verilmiş ziyafətdən bəhs edir. Bu ziyafətin səbəbkarı, qəhrəmanı da xalqının şair oğlu, öz əzmi, əzəməti, döyüşkənliyi, mübarizliyi ilə seçilən, fərqlənən dostu Xəlil Rza Ulutürkdür.

        
1990-cı il yanvar hadisələrindən sonra, yəni xalqı ayağa qaldırıb Müstəqillik, Azadlıq hayqırdığına görə həbs edilərək Moskvaya aparılan Xəlil Rza bundan sonra daha çox üsyankar ruhlu şeirlər yazmışdır.  Onun məşhur şeirlərindən “Davam edir 37”, “Vaysınmıram”, “Qorxma, mən sarsılmaz dağ qalasıyam!” kimi şeirləri sonralar dillər əzbəri idi.

Qorxma, mən sarsılmaz dağ qalasıyam,

Min-min ölüm gəlsə sağ qalasıyam,

Sabah azad olub hayqırasıyam:

-         Canım, ey Azadlıq!.. 


“Davam edir yemək-içmək” şeiri zarafatla, incə yumorla yazılsa da  Qabil müəllim bu yazısı ilə Xəlil Rzanın əsl xarakterini və dogma elin ona olan münasibətini –sevgisini, sevincini  açıb göstərə bilib:


Nə qədər ki, qollarını

Ana kimi açır Salyan,

Nə qədər ki, “Xoş gəlmisən,

Balam”,  - deyib uçur Salyan,

Nə qədər ki, Tofiq Rza

Mənzilinə köçür Salyan,

Nə qədər ki, Xəlil Rza

Şərəfinə içir Salyan,

Davam edir yemək-içmək…

        
Qabil müəllimin öz müasiri olan  alim, şair dostlarına həsr etdiyi şeirləri yetərincədir. B.Vahabzadəyə, B.Azəroğluna, Gülhüseynə, Fikrət Sadığa, Anara, S.Rüstəmxanlıya, V.Səmədoğluya və b.

        
Bu şeirlər içərisində çox səmimi bir parça “Çox Hörmətli Heydər müəllim” adlanır. Və Ulu Öndərə həsr olunub:


Əyilməz uca başın –

Millətin ucalığı!

Şanlı yetmiş beş yaşın –

Qüdrətin ucalığı!

Sənətə - sənətkara

Haqq-sayın var olsun!

Bənzə ulu dağlara,

Zirvələri qar olsun! 

        
Heydər Əliyevin yetmiş beş yaşına ittihaf etdiyi bu bədii parçanı şair sadə, səmimi sözlərdən biçib, lakin çox zəngin, qüdrətli, əzəmətli səslənir: “Bənzə ulu dağlara, zirvələri qar olsun!” – deyir, çünki şairin poetik təfəkkürü də, mənəvi dünyası da, bənzərsiz Azərbaycan sözləri ilə zəngindir. Və hər kəsə öz zəngin baxış bucağından, öz prizmasından yanaşır.

        
Danılmaz bir faktdır ki, Heydər Əliyev sənətə, sənətkara həmişə yüksək qiymət verib. İstedadlının yanında olub. Hər cəhətdən köməyini əsirgəməyib. Odur ki, şair də bu keyfiyyətləri xüsusi vurğulayaraq alqışlayır:


Sənətə, sənətkara

Haqq-sayın var olsun!


Şairin “Dostlarım, tanışlarım” kitabının I hissəsi məhz bu dostlara həsr olunmuş ithaflardır ki,  onların da sayı  yüz on birdir. Bu səpkili şeirlərdən biri “Tofiq  Mahmuda”  adlanır və  daha çox diqqəti çəkir:


Qızıl elə qızıldı,

Zamana dəxli yoxdur.

… Min ilin də yaxşısı,

Bu günün də pisi var.

Min ilin də qızılı,

Bu günün də misi var.

Daha sonra  şair Tofiq Mahmudun xasiyyətini, xarakterini təsvir edir:

… Nə xıltın var, nə ləkən,

Nə qorxun, nə səksəkən,

İsmətin, şəxsiyyətin,

Gül kimi təbiətin.

Özü elə əsərdir.

Özü əla əsərdir!

Adam adam deyilsə,

Yazdığı da hədərdir!    

        
Qabil müəllimin “İlahi qisməti”, “Hörmətimiz”, “Borc”, “Əbəsdir”, “Saat”, “Bilmirəm”, “Pərdə”,  “Birini elə, birini belə”, “Zarafat eləmə” kimi şeirlərinin hər biri həyat həqiqətlərinin əks-sədasıdır, bir şair ömrünün tərcümanıdır,  yaşanmışlardan süzülüb gələn təcrübədir, nəsihətdi, məsləhətdi. Bir sözlə, fəlsəfi dünyanın çalarları, çeşniləri, ilmələri, milləridir!


Toxucu olmaq istəsən,

Millə zarafat eləmə!

… Yazıçı olmaq istəsən,

Dillə zarafat eləmə!  

        
Müstəqillik uğrunda gedən mübarizədə Xalq şairi S.Rüstəmxanlı da öz sözləri, şeirləri ilə meydanda, xalqının yanında idi.  Ancaq meydana təkcə Vətənini sevənlər gəlmirdi. Onların arasında yalançılar, talançılar, düşmənin dəyirmanına su tökənlər də var idi.  Qabilin bu dövr üçün xarakterik olan “Çaxmağı çək” şeiri S.Rüstəmxanlıya müraciətən yazılsa da, əslində bu, qəlbi qaralar, niyyəti düz olmayanlar üçün bir məsləhət, göstəriş rolunu oynayırdı:


Çaxmağı çək,

Yansın ürəklərin qurdu,

Qaradan-quradan

Təmizləyək ana yurdu! 

        
Şair düşünürdü ki, Vətənin bu dar günündə, ağır anlarında baş qaldıran talançıları, böhtançıları, yalançıları yalnız yandırmaqla məhv etmək gərəkdir. Açılmayan düyünləri od vurmaqla açmaq olar. Odur ki, hər dəqiqə, hər an çaxmağı çək, deyirdi. Eyni zamanda, ziddiyyətlərlə, təzadlarla dolu dünyanın  qaranlıq döngələrində qarşılaşan insanların yoluna, qəlbinə işıq salmaqla da pislikləri, rəzillikləri məhv etmək olar, onları düz yola qaytarmaq olar.  Həmçinin, pis niyyətləri yandırmaqla, yox etməklə yaxşıları qorumaq, yaxşı əməlləri çoxaltmaq olar, – düşünür şair. Demək, odla hər şeyi yaşatmaq da olar, məhv etmək də. Baxır od kimin əlindədir. Yaxşılar yaşamaq naminə, yamanlar dünyanı yandırmaq üçün oda əl atıblar. Demək, ulu babalarımızdan qalma çaxmaq da çox qəlblərə işıq sala bilər. Əgər bu gün çaxmaq şair əlindədirsə, onda qəlbi zindana dönmüşlər mütləq  aydınlığa çıxacaqlar.

        
Şairin qənaətincə insan insan kimi yaşamalıdır.  Mərd, mübariz, döyüşkən, çalışqan, haqqa tapınan,  ədalətə sığınan biri olmalıdır. Bu insani keyfiyyətləri yaşatmağın özü, həm də bəşəriyyətin mənfi qüvvələrdən  xilasına xidmət deməkdir.

        
Akademik Bəkir Nəbiyev yazırdı: “Onun hər bir əsərinin bir növ yaranma tarixi, tərcümeyi-halı var. Bu da müəllifin özünün canlı müşahidələri ilə, onun başına gələnlərlə, hardasa qarşılaşdığı gözlənilməz hadisələrlə, yaradıcılıq stixiyası deyilən prosesin min bir məcraya düşüb axması ilə əlaqədardır”.

        
“Avtoportret” şeiri bütün insani keyfiyyətlərin bir adamda cəmləşdiyini əks etdirən poetik parçadır.  “Qibləgahım  - həqiqət // Səcdəgahım – sədaqət,// Daş tərəzim - ədalət // Qətiyyətim – cəsarət, // Riyadan, xəyanətdən // /Uzağam  yeddi iqlim”, - deyir şair.

        
“Şairi heç vaxt tərk etməyən çox zəngin, əlvan müşahidələr onun şeirlərinin ilk rüşeymidir. Daxili hərarət və zərurət, mənəvi ehtiyac, duyğuların çarpışması bu rüşeymi canlandırıb bədii mətləblərə, obrazlara, təsvir və ifadə vasitələrinə, onları da misralara – şeirə çevirir”, deyə əlavə edib akademik. Bu bir həqiqətdir ki, Qabil təkcə müşahidə etmir, həm də daima poetik axtarışdadır, ümumilikdə isə onların nəticəsi çox uğurlu alınıb.

        
Qabil müəllimin bütün ömrü boyu yazdığı rübailəri də var. Onun hər rübaisi bir fəlsəfi əsərdir.  Uzun illər şair bu yığcam şeir növündən geniş istifadə edərək lakonik fikirlərini ustalıqla ifadə etmişdir. Xalq şairi Balaş Azəroğlu bu rubailəri belə xarakterizə edir: “Qabilin rübayilərinin əsas məziyyəti onların həyatiliyində, bu günümüzlə səsləşməsindədir. Bu rübailərdə zəmanəmizin bir çox problemləri haqqında şairin ürəkdən gələn və oxucularının da ürəyindən olan fikirləri vardır”.


Pələng nərə çəkdi, meşələr əsdi,

Pişiyə “pişt” dedin,  səsini kəsdi.

Eyni törəmədi, pələnglə pişik?!

Sözdü deyirsən də, sən Allah, bəsdi!

Evdə, insanların arasında yaşayan kiçik pişiyin pələngin nəslindən olduğunu alimlər hər zaman təsdiqləməyə çalışıblar. Zahiri oxşarlıq olsa da daxili yaxınlıq heç cür ağlasığan deyil. Nərə çəkəndə meşələr əsən pələng hara, “pişt” deyən kimi miyoltusunu kəsən pişik hara! Şair bu fikirə çox şübhə ilə yanaşır. Rübai mətbuatda çap olunanda mən Qabil müəllimin şübhəsinə qarşı mətbuatda “Yaxşı insanların həsrətindəyik” adlı məqalə ilə  cavab yazmışdım. Çünki, düşünürdüm ki, cılızlaşma təkcə heyvanlar arasında deyil, insanlar-nəsillər arasında da gedib: “Yox, Qabil müəllim, bu yerdə bir balaca fikirləşmək lazımdır. Xilafət dünyasına iyirmi il meydan oxuyan Babəkin, ya “Mən öləndə sərhəddə basdırın, qoy övladlarımız sərhədlərimizi qəbrim kimi qorusunlar!” – deyən Cavanşirin nəvəliridir xalqı çaşqın salıb, başsız qoyub  Qarabağı təslim edənlər? Ya bəlkə şiş qayaların ağuşunda Şuşa qalasını tikən Pənah xanın nəvələridir? Ya bəlkə “Siz yalnız  meyidimin üstündən keçib Gəncəyə girə bilərsiniz! İndisə döyüşəcəyik!” – deyən Cavad xanın? Yoxsa Bakı qalasının açarlarını vermək əvəzinə qılıncını siyirən Hüseynqulu xanın?”.

Görünür zaman-zaman sivilizasiya özünün  əks-təsirini bütün sahələrdə, bütün canlılarda göstərib.

Beləliklə, müstəqillik illərində - ömrünün müdrik çağlarını yaşayan Qabil müəllim fəlsəfi ruhlu, fəlsəfi yüklü şeirləri ilə öz ədəbi, bədii irsini xeyli zənginləşdirmiş, xalqına ərməğan etmişdir. Düşünürük ki, şairin bədii sərvəti yeni nəslin vətənpərvər, milli ruhda böyüməsində, həmçinin dünyanı fəlsəfi, estetik dərk etməsində çox mühüm rol oynayacaqdır.


Bahar Bərdəli
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir