Modern.az

Mərkəzi Bank manatın taleyi ilə bağlı açıqlama verdi

Mərkəzi Bank manatın taleyi ilə bağlı açıqlama verdi

10 Avqust 2018, 15:53

Azərbaycan Mərkəzi Bankı Türkiyədə, Rusiyada və İranda milli valyutanın dollara nisbətdə kəskin ucuzlaşmasının manata təsiri olub-olmayacağı barədə açıqlama verib.

 

Məsələ ilə bağlı Milli Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-ın sorğusunu cavablandırıb.

 

O deyib ki, valyuta bazarındakı vəziyyət və manatın məzənnəsinə təsir göstərən başlıca fundamental amil tədiyyə balansının durumudur.

 

“Azərbaycanın tədiyyə balansı göstəricilərinin yaxşılaşması davam etməkdədir. Ölkənin qeyri-neft sektoru üzrə ixrac potensialının artması və dünya bazarında neftin qiymətinin yüksəlməsi cari ildə ixracın  sürətlə genişlənməsinə şərait yaradıb. Ticarət balansından əlavə xidmətlər balansında da pozitiv proseslər davam edir.

Turizm xidmətləri üzrə müsbət saldo qorunub. Bundan başqa ölkəyə daxil olan pul baratlarının həcmində artım müşahidə olunur. Xarici valyuta daxilolmalarının artım  şəraitində ölkənin həm nağd, həm də qeyri-nağd valyuta bazarında vəziyyət  tarazlıdır. Bazarda aparılmış müşahidələrə görə, banklar xarici valyutanın alış-satış məzənnələrini xüsusi məzənnəyə yaxın səviyyədə müəyyən edirlər”.

Mərkəzi Bank rəsmisi bildirib ki, manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi isə əlverişli makroiqtisadi mühitdə sabit vəziyyətdədir.

 

“O ki qaldı Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşmasına, qeyd edə bilərəm ki, tərəfdaş ölkələrin valyuta bazarlarının vəziyyəti  Mərkəzi Bank tərəfindən daimi olaraq izlənilir”.

 

N.Əliyev Azərbaycanda bəzi bankların dolların məzənnəsini bahalaşdırması iddialarına da münasibət bildirib:

 

“Ümumilikdə tərəfdaş ölkələr üzrə manatın çoxtərəfli məzənnəsinin dinamikasında göstərilir ki, ilin ötən dövründə manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi nominal effektiv məzənnəsi möhkəmlənib. Qeyd olunanlar onu göstərir ki, bəzi banklar dolların satış məzənnəsini cüzi arıtıbsa belə, bu yalnız psixoloji faktorla izah oluna bilər”.

 

Qeyd edək ki,  rəsmi Ankaranın ABŞ-la siyasi gərginliyi fonunda Türkiyə milli valyutası lirənin dollar qarşısında məzənnəsi rekord hədd ucuzlaşıb.

 

Bu gün bir dolların məzənnəsi 6 lirə civarında olub.

 

“Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” (“Defending American Security from Kremlin Aggression Act) adlanan sənədin mətni açıqlanandan sonra ABŞ dollarına nisbətdə Rusiya rublu da kəskin ucuzlaşıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi