Modern.az

Əslində  

Əslində   

Ədəbi̇yyat

18 Avqust 2018, 01:56

Qabil

Mənəm əndazəsiz, sonsuz
Sükuta qərq olan dərya.
Sükutum arxayın qoy salmasın
Sahildə məxluqi...
Coşarsa, heç üzün görmə,
Dəli tufandı əslində.

Dərin fikrimdə gizlənmiş,
Kəfən geymiş dərin məna.
Əgər şayəd açıqlansa
Bəraətsiz, filansız, keç,
Buyur, zindandı əslində.

Günahkarın cəzasın
Bir günahsız çəkməliykən bəs?!
Deməzlər? Gün-günorta
Diqqətə şayandı əslində?!

Nədir insaf, nədir mürvət?
Çaşıb qalmışdır idrakım.
Bütün bunlar qədim söhbət,
Qədim hədyandı əslində.

Səxavət sözdə asandır:
“Nə qulluq, hazıram, qardaş…” –
Bu hap-gopdu, bu, Hatəm naminə
Böhtandı əslində.

Gözüm oynaq, xəyalım quş,
Saçım çal, saqqalım çaldır.
Vücudum-ruhum ancaq ki,
Cavan oğlandı əslində.

Güzarandan düşür söhbət,
Gözəllər qeyb olur gözdən.
Könüldə eşqə yer yoxdur,
Könül virandı əslində.

Zəlil haqqın kəsən zalim,
Əlil haqqın kəsən zalim,
Ziyarətgaha can atma,
Can atma, xalqı aldatma!

İnansaq ki, o dünya var,
O cür dəhşətli səhra var.
Həmişə qır qazanında
Canın büryandı əslində.


Nə çox alim, nə çox tacir
Nə çox loğman olub peyda?!
Ay Allah, bu yarımçıqlar...
Cəmi nadandı əslində.
Əşşi, nadanlıq azmış ki,
Hələ şeytandı əslində.


Baxıb baş tapmıram heç cür
Bu millət acdı, ya toxdu...
Kimi çöpdü, kimi şişman,
Kimi bütdü...
Kimi lütdü.
Hamı üryandı əslində.

Nə qaçqın, ey gözüm-canım?!
Nə işğal, ey gözüm-canım?!
Nə yardım, ey gözüm-canım?!
Nə “verdim”, ey gözüm-canım
Unutqanlıq, utanmazlıq
Açıq talandı əslində.

Nə rəhbər? Ey dili-qafil!
Nə rəhbər! Neynəsin rəhbər?
O azman rəhbərin dörd bir yanı
Cırtdandı əslində.

Ələkbər Sabirin gülmür üzü...
Gülməz də, gülməz də.
Yağışsız da vətənində
Şiddəti-borandı əslində.

Nə gün gördü böyük şair...
Yazıq qan uddu, qan qusdu,
Bu gün Sabirlərin bağrı
Həmənki qandı əslində.

Nə Leyli var, nə də Məcnun,
Nağıl açma uzun-uzun.
Hanı Nöfəl cəsarəti,
Zeydin ağlar sədaqəti?
Nə bir könül şişəsi var,
Nə Bisütun tişəsi var.
Nə Şirin var, nə də Fərhad,
Keyfxanalar çıxardıb ad.
Nə Vaqifin gözəlləri,
Nə Vahidin qəzəlləri.
Bütün bunlar açıq baldır...
Qısa tumandı əslində.

Məhəmməd Hadinin ruhu
Əyandı ruhuma billah;
Onun hali-pərişanı
Calandı ruhuma billah.
Gözüylə baxdım Hadinin
Cahan zindandı əslində.

Dilim: – Qurban olum, – söylər
Gözəl yara, əziz dosta.
Bu boş sözdü...
Bu xoş sözdü...
İlahidən –
Qoyun qurbandı əslində.

Cahana gəldiyim gündən
Ölüm xofu mənə aşkar.
Ölüm vəhmində sonsuzluq...
Ölüm bir andı əslində.
Yığışdır əl-ayağını
Bu söz, bu söhbətin, Qabil!
Uzatma mətləbi bunca
Sənə nöqsandı əslində.


27 fevral, 1998

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?