Modern.az

Bu həftə enerji qəzası ilə bağlı yekun rəy olacaq

Bu həftə enerji qəzası ilə bağlı yekun rəy olacaq

Hadisə

20 Avqust 2018, 12:24

Mingəçevirdəki enerji qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyası araşdırmaları yekunlaşdırmaq üzrədir.

 

Bu haqda Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, Komissiyanın üzvü Nazim Məmmədov açıqlama verib.

 

O qeyd edib ki, iyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza ilə bağlı  Dövlət Komissiyasının  bu həftənin sonuna kimi yekun rəyi olacaq.

 

“Komissiya hadisənin yekun rəyini bitirmək üzrədir. Bildiyiniz kimi, bu ayın 22-23 Qurban bayramı ilə əlaqədar qeyri-iş günüdür. Ancaq komissiya həmin günləri də işləyəcək. Hadisənin yekun rəyi isə  tam hazır olduqdan sonra dövlət başçısına təqdim olunacaq”.

 

Qeyd edək ki, İyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza bütün Azərbaycanı zülmətə qərq elədi, dövlətə və əhaliyə böyük ziyan vurdu.

 

Baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və “Azərenerji” ASC-nin  birgə rəsmi məlumatında bildirilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

 

Hadisədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə  qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.

 

Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə Prezidentə məlumat verməlidir. Qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməli və həyata keçirilməli, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verilməlidir.

 

Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.

 

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının tərkibinə aşağıdakı şəxslər daxildir:

 

Komissiyanın sədri

 

Baş nazirinin birinci müavini Yaqub Eyyubov

 

Komissiya sədrinin müavini

 

Energetika naziri Pərviz Şahbazov

 

Komissiyanın üzvləri

 

Daxili işlər naziri Ramil Usubov

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov

 

Baş prokuror Zakir Qaralov

 

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

 

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev

 

“Azərişıq” ASC-nin sədri Baba Rzayev

 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov

 

Fizika İnstitutunun direktoru Nazim Məmmədov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır