Modern.az

Bu məlumatlar 100 il saxlanacaq

Bu məlumatlar 100 il saxlanacaq

25 İyul 2018, 11:52

Azərbaycanda qəbul edilən yeni qanunlardan biri "Azərbaycan Respublikasının dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsidir. Qanunun qəbulu ilə genetik məlumat əsasında insan şəxsiyyətini müəyyənləşdirmək mümkün olacaq. Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

 

Qanunun tətbiqi başladıqdan sonra hazırda qüvvədə olan "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanun qüvvədən düşəcək.

 

Sənədə əsasən Azərbaycanda vətəndaşın daktiloskopik (əl-barmaq izləri) və genom məlumatlarının alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsi, o cümlədən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, insanın əl barmaqlarındakı kapilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatlar, DNK ilə bağlı məlumatlar, bunlardan hansı hallarda istifadə edilməsinin hüquqi mexanizmləri təsbit olunur.

 

Layihədə həmçinin qeyd olunur ki, naməlum meyitlər də məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər. Qanun layihəsinə əsasən, dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış daktiloskopik məlumatın (insanın şəxsiyyətini müəyyən etməyə imkan verən onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumat) maddi daşıyıcılarının nüsxəsi ölkə üzrə vahid məlumat bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.

 

“Sənədin əhatə dairəsi genişdir”

 

Bu barədə məlumat verən deputat Əli Hüseynli bildirib ki, qanun layihəsi 4 fəsil, 21 maddədən ibarətdir: "Qanun daktiloskopik və genetik məlumat əsasında insan şəxsiyyətinin eyniləşdirilməsinə xidmət edir. Qanun layihəsi itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətində olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, cinayət və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması məqsədilə istifadə ediləcək”.

 

Deputat deyib ki, məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, əməliyyat axtarış əməkdaşları, miqrasiya orqanları daktiloskopik məlumatlardan istifadə edə biləcək. Qanun ətrafında müzakirələrdə iştirak edən deputatlar qeyd ediblər ki, qanun layihəsi cinayətkarların aşkar edilməsinə yüksək səviyyədə dəstək verəcək. Qanun layihəsinin hüququ baxımdan hansı inkişafa şərait yaradacağını və cinayətlərin açılmasında nə kimi rolu olacağını öyrənməyə çalışdıq.

 

Tahir Kərimli: “Qanun terror hallarında əhəmiyyətli rol oynayacaq”

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli bildirir ki, genom haqqında belə bir qanun olmasa da, daktiloskopik qeydiyyat haqqında qanun var idi: "Bəzi dövlətlərdə bu qanunlar ayrıdır. Amma Azərbaycan spesifikasına uyğun olaraq, onlar vahid qanunda birləşdirildi. Hesab edirəm ki, bu, çox yaxşı addımdır. Bu qanun ona görə zəruridir ki, aidiyyəti orqanlar hamısı özlərinin daxili əsasnamələri ilə işləyirdilər. Bu qanun dili çox sadədir, həmçinin kifayət qədər də əhatəlidir. İclasda mən özüm də çıxış etdim, həmçinin daxili İşlər Nazirliyinin və laboratoriyanın da nümayəndələri bu qanun haqqında fikirlərini bölüşdülər. Məncə, çox yüksək səviyyədə hazırlanmış bir qanundur. Artıq  bütün orqanlar vahid qanun əsasında işləməli olacaqlar. Arxivin qaydaya salınması, könüllü daktiloskopik və genom qeydiyyatından keçməni tənzimləyəcək çox ciddi qanundur.  Həmçinin itkin düşmüş şəxslərin tapılmasında, cinayət və terror hallarının baş verdiyi zaman əhəmiyyətli rol oynayacaq. O cümlədən, uşağın valideyninin müəyyən edilməsi halları zamanı da məhkəmədə istifadə ediləcək. Düşünürəm ki, qəbul edilən bu qanun layihəsi hüquq tənzimlənmədə sözün yaxşı mənasında yeni bir mərhələnin başlanğıcıdır. Həm də beynəlxalq cinayətkarlığa qarşı mübarizədə də kifayət qədər təsirli olacaq bir qanundur.

 

Qanuna əsasən, 15 yaşı tamam olmuş, ümumvətəndaş, xidməti və ya diplomatik pasport alan , müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşlarının və digər bir sıra şəxslərin məcburi daktilaskopik qeydiyyatı aparılacaq.

 

Həmçinin, ölkə hüdudlarından kənara çıxarılmalı olan, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslərdən də barmaq izi götürüləcək. Millət vəkili Tahir Kərimli deyir ki, daktiloskopik qeydiyyatın aparılmasında məqsəd şəxsiyyətini başqa üsullarla müəyyən etmək mükün olamayan meyitlərin və naməlum şəxslərin kimliyini asanlıqla aşkarlamaqdır. Daktiloskopik qeydiyyat barədə məlumatlar məxfi şəkildə 100 il saxlanılacaq.

 

Vəkil: “Plastik əməliyyat edib cildini dəyişsə də, cinayətkar bilinəcək”

 

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Ceyhun Cəfərli bildirdi ki,  bir sıra qanunlar var ki, onların qarşısında duran vəzifəyə tam çatması üçün dövlət texniki məsələləri tənzimləyən normativ hüquqi aktlar da qəbul edir: "Şəxsiyyətin daktiloskopik məlumatlarının hüququ aktlarla müəyyən edilməsi olduqca əhəmiyyətlidir. Bundan cinayət işlərinin açılmasında, yəni cinayət törədilən alətlərin üzərində aşkar edilən əl izləri ilə şübhəli bilən şəxsin əl izlərinin eyniləşdirilməsində istifadə olunur. Digər bir tərəfdən də, istənilən qanun layihəsi mühüm sosial münasibətləri tənzimləyir. Bunlara daim təkrarlanan, insan hüquq və mənafeləri, dövlət mənafeləri baxımında olduqca vacib olan münasibətlər daxildir. Tənzimləməyən bu kimi münasibətlər cəmiyyətdə mühüm zərərlərə gətirib çıxarda bilər”.

 

Hüquqşünas deyir ki, bu qanun layihəsi mühüm mənafelərin qorunması baxımında əhəmiyyətlidir: "Məncə, daktiloskopik qeydiyyat  texnika və texnologiyanın inkişaf etdiyi belə bir dövrdə olduqca vacib olan məsələlərdən biridir. Çünki hazırda insanlar müxtəlif plastik əməliyyatla zahiri görkəmini dəyişərək, ayrı şəxsə dönür. Və beləliklə, qanunla qadağan olunmuş əməllərə yol verib, məsuliyyətdən yayına bilərlər. Lakin daktiloskopik qeydiyyat vasitəsilə bu kimi halların qarşısını almaq mümkündür. Amma bu qeydiyyatdan daha çox əməliyyat-axtarış tədbirləri zamanı istifadə edilir. Onu da qeyd edim ki, sosial həyatın digər sahələrində, həmçinin seçki kampaniyasında, digər dövlət və ictimai tədbirlərdə də bu üsuldan istifadə etmək olar”.

 

Qeyd edək ki, respublikamızda ilk DNT tədqiqatı laboratoriyası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində 2009-cu il 15 iyun tarixindən fəaliyyətə başlamışdır. Laboratoriya 27 oktyabr 2009-cu il tarixli “DNT tədqiqatının aparılması və DNT məlumat bankının yaradılması qaydaları barədə” Təlimata əsasən fəaliyyət göstərir. Bundan başqa “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 aprel tarixli 154 nömrəli fərmanı ilə Daxili İşlər Nazirliyinə ilkin və əlavə məhkəmə tibbi-genetik ekspertizaların keçirilməsi hüququ da verilib.

 

2016-cı il ərzində hüquq mühafizə orqanlarının 709 sorğusu əsasında hadisə yerlərindən götürülmüş müxtəlif bioloji materialların DNT tədqiqatı ilə naməlum meyitlərin aşkar olunması, oğurluq, qətl, zorlama, quldurluq və digər faktlar üzrə 73 məhkəmə genetik ekspertizası rəyi və 564 arayış tərtib edilmişdir. Nəticədə 58 fakt üzrə şəxsiyyətin eyniləşdirilməsində müsbət nəticələr əldə olunub.

 

QEYD: Yazı Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi  “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsinin ictimai müzakirələrinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!