Modern.az

Aygün Kazımovanın evi  

Aygün Kazımovanın evi   

Ədəbi̇yyat

25 Avqust 2018, 23:00

Mahir Qabiloğlu



On-on beş ilin sözü olar. Həyat yoldaşımla toydan qayıdırdıq. Taksiyə mindik. Ünvanı dedim:

–      Gedirik “Afsentr”in üstünə.

–      Ora haradır, qardaş? – deyə taksi sürücüsü soruşdu.

–      Səməd Vurğun küçəsi.

–      Tanımadım, – deyə sürücü üzümə baxıb gözlərini döydü.

–      Təzə bazarın yanı.

–      Qardaş, mən təzəyəm, şəhəri yaxşı tanımıram. Yolu göstərə bilərsən?

–      Bilərəm.

–      Elə isə getdik, – deyə sürücü qazı basdı.

Yolumuz uzaq idi, kefim də yuxarı. Başladım söhbətə.

–      Ay “şofer”, “neujeli” o boyda binanı tanımırsan? Şəhərdə hələ ki “yedinka elitni novostroyka”dır. Özü də çox məşhur adamlar yaşayır orda.

–      Kimlərdi ki?

–      Murtuz Ələsgərov – Parlamentin sədri. Onun oğlu Fuad Ələsgərov. Prezident Aparatında şöbə müdiridir.

–      Tanımıram.

–      Vergilər naziri Fazil Məmmədov.

–      Onu da tanımıram.

–      Mahmud Kərimov ­– Akademiyanın prezidenti. Deputatlar Elmira Axundova, Muxtar Babayev, Əhəd Abıyev. Voleybolçu Faiq Qarayev.

–      Vallah tanımıram.

–      İndi deyəcəksən ki, şair Qabili də tanımırsan?

–      Vallah şeir-meir həvəskarı deyiləm.

Son tanıtımımdan sonra susdum. Daha qonşu binaya keçib orda Hidayət Zeynalov, Əlabbas Qədirov, Altay Həsənov və başqa məşhurları demədim. Susdum. Barmağımla işarə verə-verə gəlib çatdıq mənzilbaşına. Pulunu ödəyib maşından düşəndə səhərdən sakit görünən sürücü coşdu:

–      Ay kişi, sən də qəribə adamsan e... Səhərdən başlamısan ki, Murtuz ele getdi, Qabil belə gəldi... Birdəfəlik denən ki, Aygün Kazımovanın yaşadığı bina, tanıyaq da... Namiq Qaraçuxurlu da burda qalır, yoxsa ayrıldılar?..

 

2018 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar