Modern.az

Şəhriyarın əmisi də DANIŞDI:  “Heydər Əliyevə verilən siyahıya onun adını daxil etməmişdilər”

Şəhriyarın əmisi də DANIŞDI:  “Heydər Əliyevə verilən siyahıya onun adını daxil etməmişdilər”

28 Avqust 2018, 09:36

Azərbaycanın məşhur şahmat qrossmeysteri Şəhriyar Məmmədyarovun sponsoru olmadığına görəyarışlara öz pulu hesabına getdiyi, artıq yorulduğu haqda ötən gün açıqladığı fikirlərinə əmisi də dəstək verib.

Modern.az-ın məlumatına görə, şahmatçının əmisi, tanınmış həkim Məmmədyar Məmmədyarlı sosial şəbəkədəki statusunda bildirib ki, Şəhriyar onillərdi dünya cəbhəsində şahımızı müdafiə edərək onun qalib çıxmasına çalışır.

“Əksər halda buna nail olub, ölkəmizə onlarla qızıl medal gətirib. Demək olar ki, ilin əksər hissəsini hava yollarında, vağzallarda, ən yaxşı halda isə mehmanxanalarda keçirir. Bəzən iki aydan sonra evə dönəndə onu heç tanımaq olmur, əlavə xəstəlik qazanmağının şahidi oluruq. Kompüteri iki ay fasiləsiz işlətsək, o da yəqin sıradan çıxar. Bu yarışlardan bəzisi Dünya, Avropa, Olimpiya birinciliyi olduğu üçün mütləq, vazkeçilməzdi. Bundan başqa ailəni saxlamaq üçün necə deyərlər, kommersiya yarışlarına çıxmalı olur ki, bu da orqanizmin, əsasən də əsəblərin yüklənməsinə səbəb olur”.

Şahmat qrossmeysterinin əmisi  bir maraqlı fakta da diqqət çəkib:

“Ulu öndər o vaxtlar gənc şahmatçılar üçün fond yaratmışdı ki, onlar istədikləri yarışlara həmişə gedə bilsinlər. Onu da qeyd edim ki, ulu öndərə verilən siyahıya nədənsə Şəhriyarı daxil etməmişdilər. Daha imkanlı ailələrin övladlarını ora daxil etmişdilər. Şəhriyar perspektivi olmayan şahmatçı kimi ancaq ailə maliyyəsi hesabına sərhəddən kənara çıxdı, dünya səviyyəsində tanındı. Dünya tanıyandan sonra bizim Şahmat Federasiyası və İdman Nazirliyi tanımağa məcbur oldu”.

Məmmədyar Məmmədyarlı istedadlı şahmatçılara göstərilən qayğıdan danışarkən düşmən ölkəni də misal göstərib:
  
“Hətta Ermənistanda şahmatçılara yüksək maaş verilir, bütün yarışlara dövlət hesabına gedirlər. 
Sözümün canı ondan ibarətdir ki, güclü dövlətimiz, Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi olan yerdə heç yaxşı olmaz ki, Şəhriyara əlavə hesab yaradılsın. Bax bu cür maliyyə çətinliyinə görə nə qədər potensiallı idmançılarımız idmanı tərk edir...”.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir