Modern.az

Yaradıcılıq üfüqlərində və ya gələcək teatrımızın təntənəsi  

Yaradıcılıq üfüqlərində və ya gələcək teatrımızın təntənəsi   

29 Avqust 2018, 16:18

Harada olursunuzsa olun, əlinizdəkilərlə edə biləcəklərinizi edin.
Teodor Ruzvelt.

        

İnsan həyatı boyu təsadüflərlə üzləşir. Çox zaman bu təsadüflər zərurətə çevrilir. Haqqında söz açmaq istədiyim şəxslə tanışlığım da elə təsadüflə bağlıdır... İsti yay günlərinin birində daim sənət barəsində müzakirələr apardığım gənc qələm sahibi Emil Seyidəliyev ilə söhbət zamanı o, mənə bir nəfər gənc aktyor barədə söz açdı və onun sosial şəbəkədə yayımlanan çıxışlarına nəzər yetirməyimi məsləhət gördü. Sosial şəbəkədə onun bütün çıxışlarını dinlədim. Çox bəyəndim və təsirləndim. Bəli, təsirləndim. İlk növbədə onun səsi, səs tembri məni valeh etdi. Son illərdə belə səs eşitməmişdim. Xüsusilə də, səhnədə və efirdə 1 həftə ərzində dəfələrlə həmin çıxışlarını izlədim, həm də tamaşa elədim. Qeyri-ixtiyari olaraq beynimdə bu fikirlər dolaşdı, nəhayət ki, səhnəmizə, efirimizə əsl kişi siması, əsl kişi səsi gəlib...  Oxucuları çox intizarda qoymayım. Bu gənc və istedadlı aktyor, bədii-qiraətçi, müğənni Əmrah Dadaşovdur.   

Onun barəsində nə düşünürdümsə, şəxsi tanışlıq zamanı bunların canlı şahidi oldum və düşüncələrimi qələmə almağa qərar verdim.                                            
Uzun illər əsasən, ədəbi-dram, musiqi verilişləri hazırlayan televiziya jurnalisti kimi araşdırmalarımdan bilirdim ki, bütün estetik və etik keyfiyyətlərə, yaradıcı təxəyyülə, peşəkarlığa, gözəl nitq və səhnə mədəniyyətinə, şirin və bariton səsə malik, yüksək musiqi duyumlu, poeziyanı, bütövlükdə ədəbi əsəri duyan, dərk edən, yaşayan aktyora çox nadir halda rast gəlinir. Bütün bu keyfiyyətləri özündə ehtiva edən Əmrah da məhz belə bir nadir aktyorlardandır. Mən onu tam məsuliyyətlə həm səhnə, həm də efir üçün kəşf hesab edirəm.                                                                                    
Onun həyat yoluna nəzər salıram. Hələ uşaq ikən evlərində müşayiət olunan ədəbi mühit balaca Əmrahın sənətə marağına səbəb olub. Hələ kiçik yaşlarında şerləri qiraət etməyə başlayıb, məktəb tədbirlərində şer müsabiqələrində çıxış edib, uğurlar qazanıb.                                                                                                               
Məhz bu istək, bu həvəs onu Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə gətirib. Qızğın, coşğun tələbəlik dünyasına qədəm qoyub. Universitetdə respublikanın ən böyük sənətkarlarından, aktyorlarından, müğənni və xanəndələrindən, rejissorlarından dərs alıb. Teatr sənətinə olan sevginin qəlbində qaynar bulaq kimi aşıb-daşması bu gənc istedadın özünü sənətə fəda etməsinə rəvac verdi. O dərslərinə maraqla, həvəslə yanaşdı, və məsuliyyət hissi ilə dərslərini öyrənməyə başladı. İlk vaxtlardan Universitetin ictimai həyatında fəallığı ilə seçildi. Ondakı istedad, yaraşıqlı sima, çox gözəl, nadir səs müəllimlərin diqqətini çəkirdi. Günlərin birində tale tələbə Əmrahın üzünə güldü. O, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində səhnəyə qoyulan, “Leyli və Məcnun” tamaşasında Məcnun obrazında rol aldı. Yeniliklərlə əhatə olunmuş, özünün oyun tərzi, istedadı, qəzəllərin düzgün tələffüzü, muğamları düzgün ifası ilə diqqət çəkdi. Bu rolun müvəffəqiyyəti ona uğur gətirdi. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin dəvətilə  Universitetin musiqili teatr aktyoru fakultəsinin III kurs tələbəsi olan Əmrah Dadaşov xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” adlı lirik komediyasında baş rolu canlandırır. Hələ hazırlıq prosesində tamaşanın rejissoru xalq artisti Cənnət Səlimova Əmrahın rolunu bəyənir.      

İlk dəfə böyük səhnədə baş rolu canlandırmaq fürsətini özü üçün böyük şans kimi dəyərləndirən Əmrah o günləri belə xatırlayır : “Xalq yazıçısı Elçin kimi böyük bir dramaturqun əsərində baş rolda, xalq artisti Cənnət xanım Səlimova kimi bənzərsiz bir rejissorla işləmək sözün həqiqi mənasında əsl xoşbəxtlik və özümü təsdiq etmək üçün az-az ələ düşən bir fürsətdir. Bu mənim böyük səhnədə debütüm olacaq. Mənə bu şəraiti yaratmış hər kəsə təşəkkürümü bildirirəm. Söz verirəm ki, bütün istedadımla çalışıb teatr rəhbərliyinin etimadını doğruldacağam”.    
Bəli o gündən bu günə, romantik xarakterli Əmrah həyatını Azərbaycan Dövlət Musiqili Teatrına bağlayıb. Az bir zamanda nəinki rəhbərliyin, bütöv bir kollektivin də hörmət və rəğbətini qazanıb.                                                                           
Əmrah çox mədəni, mərifətli, qanacaqlı, yüksək ədəb və əxlaq sahibi, diqqətcil, böyük-kiçik yeri bilən bir insandır. Kimsənin qəlbinə dəyməz, könül sındırmaz. Alicənablıq, xeyirxahlıq, şəfqət onun qanından gəlir. Yersiz gülümsəməz, yersiz danışmaz. Öz abırını gözləyən bir adamdır. O, Allahtəalanın ona verdiyi bəxşişlərdən bəhrələnməyə, faydalanmağa çalışır. Aktyorluqla yanaşı, tez-tez televiziya efirlərində onu ayrı-ayrı verilişlərdə bədii qiraətin mahir ustadı kimi görürük. Onun ifasında N.Kəsəmənlinin “Biri vardı, biri yox”, Şəhriyarın “Yarımın qasidi”, R.Rövşənin “Sevgilim”, “Qara paltarlı qadın”,”Ana” və s. şeirlərinin sehrinə düşür, mənəvi qida alırıq.       


Əmrah muğam sinfini bitirib, Xalq artisti Azər Zeynalovun sinfində vokal dərsi alıb! Odur ki, gözəl, bənzərsiz, bariton səsə malik Əmrah Dadaşovun ifasında xalq və bəstəkar mahnılarının tamaşaçılar və dinləyicilər tərəfindən necə sevgi və maraqlı qarşılandığının şahidi oluruq. Onun ifasında “Uzun gecələr”, “Gəl incitməyək bir-birimizi”, “Sənə də qalmaz”, “Ana”, “Yaşa könül” və s. mahnılar Əmrahın vokal və muğam imkanlarından xəbər verir. Bir aktyor üçün bu keyfiyyətlər çox önəmlidir. Heç də hamıya nəsib olmayan xoşbəxtlikdir, deyilmi? Əmrah Dadaşov kinoda da özünü sınayıb. İran rejissorlarının çəkdikləri “Arpa çayı, ayrılıq nəğməsi” adlı filmdə Aydın obrazını canlandırır. Çəkilişlər zamanı ölümlə üz-üzə gələn Əmrah özünün dediyi kimi həmin rola özünün bir parçasını qoyub. Bütün bunlarla yanaşı, mən Əmrahı səhnədə ciddi, dramatik rollarda da görürəm. Əminəm ki, o rolların öhdəsindən də gələ bilər. İstərdim, Həsənağa Turabov, Əliabbas Qədirov, Fuad Poladov, Rasim Balayev kimi sənətkarların davamçısı olaraq görüm. Ola bilsin, teatr tənqidçiləri mənim bu fikrimlə bəlkə də razılaşmasınlar. Çünki, hər bir tənqidçi aktyora öz şəxsi zövqü ilə yanaşır, qiymət verir. Uzun illər boyu qazandığım təcrübə, o mühitə olan yaxınlığım imkan verir ki, sözlərimin haqlı olduğunu tam mənada qəbul edim.


Əslində, hər bir istedadlı gəncə yollar açılmalı, ona mənəvi dayaq verilməlidir. Sadaladığım bu və ya digər keyfiyyətlər mənə onu deməyə əsas verir ki, Əmrah nadir simalardan biri olacaq. Aqillərin dediyi kimi, hər bir xalqın milli mədəniyyət tarixində nadir simalar olmuşdur. Məhz onların vasitəsilə həmin xalqın varlığı, mənəvi həyatı və milli şöhrəti qol-qanad açaraq şaxələnir, gündən-günə çiçəklənərək təravətli, mənəvi yüksəliş dövrü keçirir. Belə nadir şəxsiyyətlərin sənəti nəticəsində  xalq kamalı, onun mənəvi dünyası, həyat və mübarizə qüdrəti düha süzgəcindən keçirilərək, ümumiləşdirilir. Xalqın milli şüuruna yeni-yeni məfkurələr, tərəqqipərvər əməl və istəklər aşılanır. Xalq öz tarixi və istiqbalı ilə fəxr edir. O, dünya mədəniyyəti səhnəsində tanınır, ölkələrin və xalqların nəzərində yüksəlir, pərəstişkar məhəbbəti qazanir. Mən Əmrahı məhz, belə görmək istəyirəm. Məncə, sənətin əsil və böyük qüdrətini bu sənətin yüksək ideyalar, canlı fikirlər və obrazlar, insanpərvər əməl və istəklər sənəti olmağında görmək lazımdır. Bu istiqamətdə xaruqələr yaratmaq lazımdır.


Əmrah Dadaşovda olan ən gözəl xüsusiyyətlərdən biri də daim irəliyə, tərəqqiyə can atmasıdır. Onun aparıcı bir qüvvəsi ilham səsi kimi duyulur. O, bütün varlığını sabahın romantik dünyasına kökləyir.               

        
27 yaşlı gənc bir aktyorun zəngin mənəvi dünyası, belə demək mümkünsə, bugünkü gənclərimizin sənətə ciddiyyətlə, məsuliyyətlə yanaşmalarına güclü təsir göstərir. Haqqlı olaraq, Əmrah bütün imkanlarını dərk edərək, öz yaradıcılıq prinsiplərinə zidd olan təklifləri qəbul etmir, tamaşaçı zövqünü oxşayan, eləcə də yalnız özünün daxilən qəbul etdikləri ilə kifayətlənir.                                                       
Əmrah qiraət edərkən belə şeirləri ürəklə, duyaraq oxuyur. Səhnədə yaratdığı obrazları elə məharətlə tamaşaçılara çatdırır ki, sanki ustad sənətkarların ifasına tamaşa edirsən. O, həqiqətən əsl teatr və efir aşiqidir. Çox yaxşı olar ki, rejissorlarımız həm səhnədə, həm kinoda, həm də efirdə Əmrahdan kifayət qədər bəhrələnsinlər, istifadə etsinlər.                                                                                                         
Əmrah Dadaşovun ən böyük arzusu dahi dramaturq Cəfər Cabbarlının əsərlərinin baş qəhrəmanını böyük səhnələrdə  yaratmaqdır. O, tez-tez SSRI Xalq artisti Mərziyə Davudovanın sözlərini xatırlayır: “Əgər dramaturgiyamızı zəngin bir xəzinəyə bənzətsək, onun ən qiymətli ləl-cəvahiratını  Cəfər Cabbarlının yaratdığı əsərlər təşkil edir. Cəfər Cabbarlı dramaturgiyası teatrımızın daha da tərəqqi etməsinə böyük yardım göstərmişdir.”                                                                                                 
Qəlbi həmişə teatr eşqi ilə, romantika ilə döyünən Əmrah bunu əbəs yerə xatırlamır. Çünki, neçə-neçə böyük sənətkarlar məhz, Cəfər Cabbarlı əsərləri ilə inkişaf edib, tanınıb, əsl sənətkar kimi yaddaşlara həkk olunub. Odur ki, Əmrah Cəfər Cabbarlı əsərlərində oynamağı özünə şərəf bilir, sənəti üşün məktəb hesab edir. Arzusu Cəfər Cabbarlının 120 illiyində ədibin əsərlərinin birində baş rol olmaqdır. Bu il böyük romantik şair Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd olunur. Əmrah bu ölməz şairə +ehtiram əlaməti olaraq “Yenə o bağ olaydı” şeirinə maraqlı bir kompozisiya, “Ana”, “Qurban olduğum”, mahnılarını hazırlayıb müşfiqsevərlərə ərmağan edəcəkdir.                  
Əmrah haqqında fikirlərim çoxdur. Amma, istəyirəm hələlik bu yazımla kifayətlənim. Onun sənətdə özünü göstərməsinə ümidlər bəsləyirəm. Bu gün gənclərə dəstək durmaq hamının borcudur. Çünki, onlar mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı, elmimizi  təbliğ və inkişaf etdirirlər. Bəli, köhnə stereotipləri sındıraq, gənclərin yollarına sədd qoymayaq, onları səhnədən, sənətdən küsdürməyək, əksinə stimul verək. Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında gənclərlə münasibətdə sağlam, yaradıcı mühit formalaşıb. Teatrın direktoru Əliqismət Lalayev deyərdim ki, bu sahədə flaqmandır.                                                                                 

Gələn il Teatrın 110 illiyidir. İnanıram ki, gənc aktyor Əmrah Dadaşov yeni, yadda qalan obrazları ilə tamaşaçılara yubiley töhfəsi verəcəkdir.                              

Bəzən həyata elə gənclər gəlir ki, onlar bir şəxsiyyət kimi formalaşaraq, öz əqli, zəkası, istedadı sayəsində yaşadığı dövrün bütün sahələrini əhatə edir, xalqımızın mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına və s. təkan verir, inkişaf etdirir və özündən sonra elə bir irs qoyub gedir ki, gələcək nəsillər o irsi araşdırıb təqdir edir, keçmiş ənənələri öyrənir, yaşadır. Məncə, sənətə, yaradıcılığa vurğunluğu, istedadı ilə seçilən, korifey sənət adamlarının həyat yolunu özünə daim örnək bilən, Milli mədəniyyətimizin zənginləşməsinə əzmlə çalışaraq töhfələr verməyi özünə dönməz yol seçən Əmrah Dadaşov da məhz, belə gənclərdən biridir. İnanıram ki, o bu yolu şərəflə davam etdirəcək, adını teatr tariximizin parlaq səhifələrinə yazacaq. Dünyaya gələrkən valideynləri ona Əmrah adını verib. Ərəbcədən “Əmrah” sözü şənlik, şadlıq, təntənə deməkdir. Əslində, həqiqətən də Əmrah sanki şənliklərçün, şadlıqlarçun yaranıb. Elə onun bu gün səhnəmizdə olması özü gələcək teatrımızın təntənəsidir. Ona uğurlar diləyirəm.                                                

                                                                          

Qafar Əsgərzadə
Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, “Tərəqqi medalçısı”                                                                    

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?