Modern.az

Düşmənə qan udduran “Əlibaba” ləqəbli qəhrəman - FOTOLAR

Düşmənə qan udduran “Əlibaba” ləqəbli qəhrəman - FOTOLAR

Ədəbi̇yyat

30 Avqust 2018, 11:33

(Gənclərə örnək ömür yolu)


SSRİ kimi böyük imperiyanın dağılmasından, xalqımızın azadlıq uğrunda mücadiləsindən, 20 Yanvar hadisələrindən, müharibənin törətdiyi çətinliklərdən bizi 30 ilə yaxın zaman ayırır. Bu illər ərzində çox şey dəyişdi. Ölkəmiz, eləcə də onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası müstəqilliyin işığında böyük bir inkişaf yolu keçdi. İndi müstəqil, azad bir ölkənin xoşbəxt vətəndaşlarıyıq. Həyatımızın axarı, yaşam tərzimiz, dünyaya baxışımız da dəyişib.  Uşaqlarımız güllə səsindən və hər bir çətinlikdən uzaq, şən, firavan böyüyür. Gündüzlər insanlar işə tələsir, gecələr bağları, parkları istirahətə gələnlərin gülüşləri bəzəyir. Çıraq işığında səhəri açdığımız gecələri indi şəhərin dörd bir yanında gur işıqlar əvəzləyir. Bütün çətinliklər arxada qalıb. Hər şey dəyişib. Dəyişməyən gerçəklər də var: biz o gerçəkləri yaşadıq, göz yaddaşımıza, hafizəmizə yazıldı. 1990-cı illərdə yaşanan ağır hadisələrin və insanların vətənpərvərliyinin şahidləri olduq. O vətənpərvərlik idi ki, silahın, texnikanın çatışmadığı bir dövrdə Naxçıvanı erməni işğalından qorudu, o vətənpərvərlik hissi idi ki, insanları yumruq tək öz ətrafında birləşdirdi, o əqidə idi ki, düşmənə əsir düşməsin deyə, sonuncu gülləsini özünə sıxan oğullar adını tarixin qəhrəmanlıq səhifəsinə  yazdırdı.
Vahid komandanlığa tabe olan ordunun yoxluğundan istifadə edən ermənilər Naxçıvana bir neçə istiqamətdən aramsız hücumlar edirdilər. Sədərək, Havuş, Günnüt kəndləri 1990-cı il yanvarın 19-da səhər, təxminən, saat 11-dən etibarən daha intensiv hücumlara məruz qalmışdı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəldərək Kərki kəndini işğal etdilər.
İnsanlar belə bir məqamda Vətənin dar günündə Naxçıvana gələn Ümummilli Liderin ətrafında sıx birləşərək bu qədim Azərbaycan diyarını mərdliklə qorudular. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində məskunlaşmış həmyerlilərimizdən də geri qayıdanlar oldu. Onlardan biri də Murmanskdan Şərura üz tutan Asəf Bayram oğlu Rəhimov idi.
Asəf Bayram oğlu Rəhimov 1960-cı il yanvarın 24-də Şərur rayon Düdəngə kəndində anadan olub. 1967-ci ildə Düdəngə kənd orta məktəbinə gedib. 1977-ci ildə məktəbi bitirən Asəf Rəhimov  Bakıda 2 saylı peşə məktəbinə daxil olur. 1981-ci ildə hərbi xidmətini başa vurub doğma yurduna qayıdan Asəf Rəhimov təhsilini davam etdirmək üçün 1982-ci ildə Murmanska yollanır. 1983-86-cı illərdə Murmansk şəhərində yeməklərin hazırlanması üzrə texnoloq fakültəsində oxuyub təhsilini başa çatdırır və həmin şəhərdə əmək fəaliyyətinə başlayır. Vətənin dar günündə Asəf Rəhimov doğma elinə qayıdır və 1990-cı ildə Şərur rayon Polis şöbəsində işə düzəlir. Polis nəfəri kimi döyüşlərdə iştirak edən Asəf Rəhimov şücaətlər göstərir, “Əlibaba” ləqəbi ilə tanınır.
Həmin dövrdə təkcə Zeyvə-Düdəngə kəndlərindən 32 polis nəfəri ön cəbhədə düşmənlə üz-üzə dayanmışdı. Onlardan biri də Asəf Rəhimov idi. Sədərək döyüşlərinin iştirakçısı olan Asəfin müdafiəsində iştirak etdiyi ərazilər Günnüt kəndi və onun ətrafı oldu. Günnütün alınması düşmən üçün böyük önəm daşıyırdı. Bu istiqamətdən ermənilərin məskunlaşdıqları Çanaxçı və Cəfərli kəndləri, həmçinin Xankəndinə gedən yol əl içi kimi görünürdü. Bu ərazilər 1992-ci ilə qədər ordumuzun  nəzarəti altında olub. Öz müdafiə mövqelərini möhkəmlətmək baxımından Günnüt ermənilər üçün mühüm strateji əhəmiyyətə malik idi.
Həmin dönəmdə Günnütün “Əlibaba” ləqəbi ilə tanınan Asəf Rəhimov kimi müdafiəçiləri vardı. Qarşı tərəfdən fərqli olaraq müasir texnikaları, silahları olmasa da, güclü iradələri, Vətən eşqi, sarsılmayan əzmləri vardı.
Xarici görünüşünə və rus dilində mükəmməl danışdığına görə azərbaycanlı olduğunu təyin edə bilməyən ermənilərə Asəf dəfələrlə psixoloji zərbə vurmuşdu. Kəşfiyyat xarakterli məlumatları toplayaraq geri qayıdan Asəf arxasınca bir iz buraxardı. Ermənilərə “Alibaba bıl zdes, (“Əlibaba” burada olub)” mesajını ötürən Asəf, sözün əsl mənasında, düşmənə od qoyurdu. Mərmi kimi partlayan sözlərin yazıldığı kağız parçasını tapanda isə artıq Asəf ərazidən çox uzaqlarda idi. O dövrdə belə bir ideyayla döyüşürdülər:  “Hər kəs sağ ikən öz qanına qan  almalıdır”. Asəf Rəhimov düşmənin layiqli cavabını verən igidlərdən idi.


Sonuncu güllə


1992-cı ildə Sədərəkdə qızğın döyüşlər gedərkən düşmən müdafiə qüvvələrimizi parçalamaq məqsədilə Günnüt kəndini də atəşə tuturdu. Günnütü asanlıqla ala bilməyəcəyini görən düşmən qüvvəsini bura yönəldir. İlk vaxtlarda böyük itki verən ermənilər Günnüt kəndini vertolyotla hava hücumuna məruz qoyub yerlə-yeksan edirlər. Qeyri-bərabər döyüşdə Mərdan Abbasov adlı döyüşçü ağır yaralanır, polis işçilərini atəş xəttindən çıxaran digər döyüşçü isə mühasirəyə alınır. Bu "Əlibaba" ləqəbi ilə düşmənin canına vəlvələ salan Asəf Rəhimov idi. Düşmən üçün “Əlibaba” uğurlu hədəf idi. Məqsəd onu diri tutmaq, qalib ədasıyla güc nümayiş etdirmək və “Əlibaba”dan qisas almaq idi. Lakin “Əlibaba” erməni quldurlarına yenilmədi. Düşmənin məqsədinin qurbanı olmadı. “Əlibaba” elini, obasını sevən bir qəhrəman idi. O Vətən naminə etdiyi fədakarlığına görə ad qazanmışdı. Ölüm qorxusumu güc gələcəkdi? Heç bir qüvvə onun qürurunu, Vətənlə qoşa döyünən ürəyini, sarsılmaz ruhunu əsir edə bilməzdi. Son ana qədər erməni quldurları ilə təkbaşına döyüşən “Əlibaba” 17 nəfər silahdaşını xilas etdi, düşmən tərəfini itkiyə məruz qoydu. Ayağından güllə yarası alan Asəf artıq çıxış yolu olmadığını anlayır. Dörd bir tərəfdən mühasirədə qalan qəhrəman sonuncu gülləni özünə sıxır. Bundan qəzəblənən ermənilər  Asəfin ölüsünü belə rahat buraxmırlar. Ermənilərin dəfələrlə dərsini verən Asəf onlar üçün ölüm kabusu idi. Erməni vəhşiləri öldüyünə əmin olmaq üçün meyiti tanınmaz hala salırlar, bununla da ürəkləri soyumur. Özləri ilə meyiti də götürüb gedirlər.


Günnütün ilk şəhidi


“Əlibaba” elə bir ad-san qazanmışdı ki, onun ölümünə inanmaq çətin idi. Şücaəti ilə qəlblərdə ölümsüzlük heykəli ucaltmışdı. Ölümündən sonra Asəfin axtarışı bir neçə gün davam edir. Ulu öndər Heydər Əliyevin səyi ilə Asəf Rəhimovun meyiti geri qaytarılır. Asəf Günnütün ilk şəhidi və müdafiəçisi kimi adını tarixə  qızıl hərflərlə yazdırır. Həmin ildə Asəfin şücaəti ilə bağlı silsilə yazılar qəzet səhifələrində yer alır, qəhrəmanlığı örnək göstərilir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli sərəncamı ilə Asəf Bayram oğlu Rəhimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunur. Məzunu olduğu Düdəngə kənd orta məktəbinə adı verilir və məktəbin həyətində büstü ucaldılır. Oğlu Əfqan Rəhimov bu gün atasının yolunu davam etdirərək Kəngərli rayon Polis şöbəsində öz xidməti vəzifəsini ləyaqətlə yerinə yetirir.


“Rahat uyu şəhidim, Günnütdən düşmən ayağı kəsilib”


Düz 26 il sonra 2018-ci ilin mayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilir. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirilir. Həm də itkisiz. Günnüt əməliyyatı son illərdə həyata keçirilən ən uğurlu hərbi əməliyyat kimi tarixdə öz yerini aldı.
Qısa müddətdə  dağlıq şəraitdə xidmətin təşkili üçün lazımi şərait yaradıldı. Mühəndis-istehkam tədbirləri görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradıldı, yeni səngərlər qazıldı. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi qurulub. Eyni zamanda ərazidə yeni yollar çəkilib, postlar arasında rahat əlaqə təmin edilib.
Asəfin uğrunda canını fəda etdiyi, bu gün işğaldan azad olunan Günnütdə indi üçrəngli bayrağımız dalğalanır. Rahat uyu, şəhidim, Günnütdən düşmən ayağı kəsilib. Müzəffər ordumuz o murdar ayaqları Laçınımızdan, Şuşamızdan, Xankəndimizdən, Kəlbəcərimizdən... də kəsəcək.


                                                           
Ruhiyyə RƏSULOVA,
Naxçıvan televiziyasının baş redaktoru

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi