Modern.az

Kədərli gözlərin hekayəti

Kədərli gözlərin hekayəti

3 Sentyabr 2018, 14:24

Modern.az Ramilə Qurbanlının Artkaspi.az-a verdiyi "Kədərli gözlərin hekayəti, yaxud Üzeyir bəyin tələbəsi olan məşhur bəstəkar” adlı məqaləsini təqdim edir:


Məni candan usandırdı
Cəfadan yar usanmazmı,
Fələklər yandı ahımdən
Muradım şəmi yanmazmı...

 
Böyük Füzulinin bu misralarını bəlkə də bilməyən yoxdur, bilirəm, amma onu bir də Cahangir Cahangirovun musiqisinin ahəngində dinləyin – "Füzuli kannatası”nı elə indi, yazını oxumağa başlamadan qoşun və oxuya-oxuya dinləyin. 
 
Oyadar xəlqi əfğanım
Qara bəxtim oyanmazmı...
 
Gözlərim qarşısında Cahangir Cahangirovun portreti, qulaqlarımda bu musiqi klaviatura arxasına keçirəm.  İlk dəfə bu şəkli "Musiqi” dərsliyində görəndə beynimdən qəribə bir fikir keçmişdi – görəsən o boyda bəstəkarın, "Füzuli kantatası” kimi bir möhtəşəm əsərin müəllifinin gözləri nədən bu qədər dərin  kədərə bülənd olub. Gözlərmi kədərdə batıb, kədərmi gözlərdə? 
Rəşid Behbudovun ifasında "Ana”, Gülağa Məmmədovun oxuduğu "Ana Kür”, Şövkət Ələkbərovanın avazında "Durnalar”, İslam Rzayevin "Ay, qız”  mahnılarını dinləyib onların sehrinə düşəndə, musiqinin notlarında axıb gedəndə bu mahnıları bəstələyənin kim olduğu haqqında maraqlanmaq heç ağlıma da gəlməzdi. Elə bilirdim müğənnilərin məharətidir. Uşaq idim, amma "Füzuli kantatası” qulaqlarıma süzülüb ruhumu oxşayanda hiss etdim ki, bu ilahi musiqidir, bunu yarada bilən adam adi insan ola bilməz. 
Bir gün "Musiqi” dərsliyində bir nurani  baxışları çox dərinliklərə gedən insanın şəklini gördüm. Oxuyub gördüm ki, bu dərin, kədərli baxışlı insanın adı Cahangir Cahangirovdur, bəstəkardır və yuxarıda sadaladığım mahnıları, həmçinin "Füzuli kantatası”nı yaradan adamdır. 
 
Buluda bürünüb süzən qızlar sonalar kimi
Şəfəqlənin aynalar kimi, qanadlanın durnalar kimi, duranlar kimi
Sizə baxan aşiq olur, könüllərə nur dolur
Aylanın, boylanın, gül kimi gəzin, nura boyanın süzün
Biz sizə baxıb ilham alaq, naz ilə süzüb seyrə dalaq
Aylanın, boylanın, nura boyanın siz... ("Süzən qızlar” İslam Səfərli) 
 
Belə həzin, sözləri ilə musiqisi həmahəng olan gözəl mahnıların müəllifidir. 

Tükəzban İsmayılovanın 
Aman, aman dağlara duman
Bir əbədi mehman...
("Buludlar” İslam Səfərli)
 
deyən zənguləsi qulaqlara onun musiqisi sayəsində süzülür. Təbii ki, ifanın gözəlliyi də rol oynayır, sözlərin – şeirin seçimi də önəmlidir, amma bunların hamısı məhz Cahangir Cahangirovun zövqünün məhsuludur.  

Ana haqqında saysız mahnı var, onun "Ana” mahnısı bu sırada hələ də öndədir.  Musiqinin dili ilə ananın bütün fədakarlığı, alnının təri, gözünün yağını belə balasına necə sevgi ilə verməsi qulaqlarımızdan lirika ilə ruhumuza axır və qeyri-ixtiyari göz yaşımız yanaqlarımızdan aşağı süzülüb yuvarlanır. Ana fədakarlığı qarşısında bir ömür boyu borclu qalmağa məhkumluğumuz və bundan yaranan qəlb ağrısı bu mahnının notlarında necə əks olunubsa həmin ağrı yalnız əlacsız göz yaşlarına çevrilə bilər. Daha heç nə yazmasaydı belə, Cahangir Cahangirov iki əsəri ilə Azərbaycan musiqi mədəniyyətində əbədi qalacaq. Biri böyük Füzuliyə həsr etdiyi "Füzuli kantatası", ikincisi isə İslam Səfərlinin sözlərinə yazdığı "Ana" mahnısıdır.
Deyilənə görə, Cahangir Cahagiroc Füzuli dünyasının aşiqi olub. Görünür, ona görədir ki, "Füzuli kantatası” bu qədər qlblərə yol tapa bilir. Bəstəkar şairin dünyasını duyub ki, onu məharətlə musiqiyə köçürə bilib. Böyük şairin möhtəşəm obrazını, onun daxili aləmini, düşüncələrini musiqi dili ilə aça bilib. Kantatanın əsasını Füzulinin üç qəzəli təşkil edir.
Bu sevimli mahnıları dinləyə-dinləyə onların bəstəkarı haqqında yazıram, amma tərifləri burda dayandırıb, bəstəkarın tərcümeyi-halına keçirəm, çünki onun haqqında tərif elə onun öz yaradıcılığıdır. Görək, bu qədər, mənim aləmimdə, xoşbəxt insanın gözlərində kədər haradandır...
1921-ci ilin iyun ayının  20-də Bakının Balaxanı kəndində, neftçi ailəsində bir oğlan uşağı dünyaya gəlir. Adını Cahangir qoyurlar. Fars sözü də olsa, mənası  dünyanı fəth edən deməkdir. Neft buruqlarını fəth edən atası elə düşünürdü ki, onun fəth edə bilmədiyini oğlu Cahangir  dənizlərin dibindən çəkib çıxardacaq, amma oğlu tamam fərqli istiqamətə üz tutdu.  Sovet quruluşunun bütün naqis cəhətləri ilə birgə yaxşı cəhətləri də vardı. Məsələn, insanları elmə, təhsilə, mədəniyyətə cəlb edirdi. Cahangir Cahangirov da Sovet quruluşunun istedadına görə istiqamət verdiyi uşaqlardan olub. Oxuduğu məktəbdə onun musiqi duyumunu və həvəsini nəzərə alıb özfəaliyyət dərnəyinə cəlb ediblər. Xorda oxuyub, tarda çalıb. Musiqiyə  maraq onu Bakı Teatr Texnikumunda təhsil almağa gətirib çıxardıb. Sonra isə Azərbaycan Dövlət Konservatoriyasına B.Zeydmanın bəstəkarlıq sinfinə daxil olan Cahangir Cahangirov burda  Üzeyir bəy Hacıbəylidən musiqinin sirlərini öyrənib, dərs alıb. Ustadının sayəsində sonralar Cahangir Cahangirovun yaradıcılığının zirvəsi xor sahəsindəki xidmətləri hesab olunur. Xorun əsasını Üzeyir bəy qoyub, amma onun inkişafını yetirməsi Cahangir Cahangirova həvalə edib. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edib və 15 ildən artıq bu kollektivlə işləyib. Yazdığı mahnıların çoxu da ilk dəfə həmin xorun ifasında səsləndirilib. Sonralar Cahangir Cahangirov Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində də çalışıb.   
Tələbəsinin gözlərinin dərinliklərindəki mətləbləri Üzeyir bəy Hacıbəyli oxuyub, onun gələcəyi haqqında nikbin fikirlər söyləmişdi: "Musiqi bəstələmək istəyənlər çoxdur. Amma milli musiqi folklorunun lad-intonasiya xüsusiyyətlərindən yaradıcılıqla bəhrələnib orijinal və yaddaqalan əsərlər yaratmaq hərbəstəkarın işi deyil. Sən xor üçün yazdığın "Gül camalın” və "Nazənin” mahnılarında buna nail olmusan. Sən bəstəkarlıq fəaliyyətini davam etdirə bilərsən”. O vaxtlar hələ Cahangir Cahangirov adı musiqi aləminə tanış deyildi.  
Sonralar Respublikanın Xalq artisti, professor zirvəsinə qədər ucalacaq bu tələbənin kütləyə tanınması 1949-cu ilə təsadüf edib. Azərbaycan bəstəkarlarının yaradıcılığına baxış keçirilirmiş. "Bəstəkar yaradıcılığına baxış keçirmək” cümləsi indiki zamanla səsləşmir, amma o vaxt belə deyər və belə də edərmişlər. Nə isə... Gənc bəstəkarların mahnıları içində  Cahangirovun "Arazın o tayında” vokal-simfonik poeması hamının diqqətini çəkib. Poemanın sözləri Mədinə Gülgünün və Əli Tudənindir. Xalqın azadlıq uğrunda mübarizəsini tərənnüm edən bu görkəmli əsər bir il sonra Dövlət mükafatına layiq görülüb. O zaman Cahangir Cahangirov hələ konservatoriyanın 3-cü kursunda təhsil alırmış. Poema Moskvanın Sütunlu salonunda və Leninqradda ifa olunmuş, lent yazısı Ümumittifaq radiosunun qızıl fonduna daxil edilmişdi. Bu əsər indi də xor musiqisi sahəsində maraqlı əsərlərdən bir olaraq qalır. Bununla da Sovet musiqisi tarixinə daha bir azərbaycanlı ad yazıldı – Cahangir Cahangirov. 
  Bəstəkar 1962-ci ildə – Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün "Sabir” oratoriyasını yazıb.
  Canahgir Cahangirov "Azad” və "Xanəndənin taleyi” adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov ustadı, korifey Üzeyir Hacıbəylinin sənət ənənələrini davam etdirib. Xalq musiqisindən, muğamlardan bəhrələnmək, özül kimi onlardan istifadə etmək hər iki bəstəkarın sənət dəsti-xəttidir. 
  "Xanəndənin taleyi” operası inqilabdan (inqilab deyək də) əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir.
  1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyniadlı əsəri əsasında bəstələdiyi "Azad” operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.
  Cahangir Cahangirovun , musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da var: "Ana”, "Aylı gecələr”, "Bakı”, "Dan ulduzu, bir də mən”, "Ay qız”, "Ala göz” və s. mahnıları dillər əzbəridir – bu öz yerində. Onun elə gözəl mahnıları da var ki,  məhz teatr tamaşaları, filmlər üçün yazılıb və ordan xalqın qəlbinə və dilinə yol tapıb.  "Yenilməz batalyon” filmindən "Teymurun mahnısı”nı, "Koroğlu” filmindən "Xanəndə qızın mahnısı”nı, "Dəli Kür” filmindən "Ana kür” və "Bayatılar” mahnılarını xatırlatmaq yerinə düşür.  
 

Bəstəkar musiqinin sözlərinə böyük önəm verib, söz onu tutmasa musiqi bəstələməzmiş. Uzun müddət Cahangir Cahangirov Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəkanın sözlərinə musiqilər bəstələyib. 
  Onun klassiklərin yaradıcılığına həsr etməsi də diqqət çəkəndir. 1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi günlərində bəstəkar şairin sözlərinə "Gül camalın” romansını və xor üçün "Qəzəl” əsərini yazıb.
  Xalq  artisti, professor, əməkdar incəsənət xadimi Cahangir Cahangirov 1992-ci ilin martında Bakıda dünyasını dəyişib. Məzarı Fəxri Xiyabandadır.  Şəxsi həyatı barədə heç yerdə və heç kimdə məlumat yoxdur, bir onu öyrəndim ki, qızları var və xaricdə yaşayırlar. Bu da bir insan, bir sənətkar taleyi. Bu qədər yaşa, yarat və həyatda səni canlı surətdə görən, tanıyan bir nəfər tapılmasın ki, haqqında iki kəlmə desin. Bu da gözlərdəki kədərin hekayəti.  
  Gözlərim qarşısında Cahangir Cahangirovun portreti, qulaqlarımda bu musiqi klaviatura arxasına keçirəm.  İlk dəfə bu şəkli "Musiqi” dərsliyində görəndə beynimdən qəribə bir fikir keçmişdi – görəsən, o boyda bəstəkarın, "Füzuli kantatası” kimi bir möhtəşəm əsərin müəllifinin gözləri nədən bu qədər dərin  kədərə bülənd olub. Gözlərmi kədərdə batıb, kədərmi gözlərdə? 
  Uzun illər fikrimi məşğul edən bu sualın bircə cavabı var, o gözlərdəki dərin kədər olmasaydı, "Füzuli kantatası” da bu qədər qana işləməzdi. 
  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub