Modern.az

25 ildir görməyən afrikalının gözünü açan azərbaycanlı həkim: “Ora gedəndə bütün təhlükələrdən xəbərdar idim” - MÜSAHİBƏ  

25 ildir görməyən afrikalının gözünü açan azərbaycanlı həkim: “Ora gedəndə bütün təhlükələrdən xəbərdar idim” - MÜSAHİBƏ  

6 Sentyabr 2018, 10:06

Bir müddət bundan öncə bütün Türkiyə, daha sonra dünya azərbaycanlı həkimin Afrikada həyata keçirdiyi uğurlu əməliyyatdan yazdı. Mehriban Əlizadə adlı oftalmoloq  Afrikada  25 ildir ki, dünya işığına həsrət qalmış qadının gözlərinə nur bəxş etdi.

Modern.az saytı  AMT klinikada çalışan oftalmoloq Mehriban Əlizadə ilə görüşüb, müsahibə alıb.

 -  Media sizi 25 ildir görməyən afrikalının gözünü açan azərbaycanlı həkim kimi tanıtdı. Mehriban Əlizadə kimdir, özünüz haqqında oxuculara məlumat verə  bilərsiniz?

- Mən 1986-cı ildə Bakıda anadan olmuşam. Elə Azərbaycanda da təhsil almışam. 59 saylı orta məktəbə getmişəm. 2004-cü ildə Tibb Universitetinin Pediatriya ixtisasına qəbul olunub, 2010-cu ildə bitirmişəm. 2010-2011-ci illərdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində internatura keçmişəm. Bir il sonra Türkiyədə “Haydarpaşa Elmi tədqiqat Xəstəxanası”nda göz uzmanlığını qazandım. 2017-ci ildə göz  uzmanı oldum. Sonra isə Bakıda müxtəlif  hospitallarda  işlədim.

- Oftalmoloq olmaq öz seçiminizdir?

- Bizim ailədə demək olar ki, həkim yoxdur. Amma mən cərrah olmaq istəyirdim. Bu mənim uşaqlıq arzum olub. Universitetdə oxuyan zaman çox istədim ki, neyrocərrah olum.  Təəssüf ki, alınmadı. Açığı, hazırkı ixtisasımı istəmədən seçdim. Buna baxmayaraq   internaturada olanda  ixtisasımı sevməyə başladım. Türkiyəyə gedəndə asanlıqla neycərrah ixtisasını seçə bilərdim. Çünki  oftalmoloq ixtisasının balı daha yüksək idi. Göz doğurdan da mükəmməl bir orqandır. Bu sahə çox fərqli sistemdir.

- Bildiyimiz qədərilə Afrikaya könüllülük proqramı vasitəsilə getmisiniz. Proqrama  qoşulmaq barədə nə vaxtdan düşünməyə başladınız? Hər halda qoşulmazdan öncə müəyyən araşdırmalar aparmısınız və ya bu haqda kimlərdənsə eşitmisiniz.

- Bütün dünya bilir ki, Afrikada vəziyyət çox acınacaqlıdır. Türkiyədə  oxuduğum dövrdə bizdən bir həkim Afrikaya getmişdi və  gördüklərini bizə danışdı, çox pis olmuşdum. Ona görə də Afrikaya getmək istəyirdim. İnternetdən  ordakı insanların aclıq, səfalət içində ölümə məhkum olduqlarını izləyirsən.  Mən də peşəmin bir faydasını insanlara göstərmək istədim. Türkiyə bu istiqamətdə fəaliyyət göstərən bir neçə dərnək, təşkilat mövcuddur. Mən də könüllülər təşkilarına üzv olmuşdum, hətta Afrika üçün CV göndərmişdim. Elə bu ilin iyun ayında  müsbət cavab aldım və sevindim. Şükür ki, Afrikaya gedə bildim, sağ-salamat qayıtdım. O cümlədən  faydalı işlərimiz oldu.

- Könüllülər təşkilatına qoşulan zaman yalnız Afrikanı nəzərdə tutmuşdunuz?

- Əvvəldən elə həmin ölkə ağlımda var idi. Düzdür, dünyada  kifayət qədər çətin vəziyyətdə olan  ölkələrin olduğunun şahidi oluruq. Amma  düşünürdüm ki, Afrikanın vəziyyəti daha ağırdır.

 


- Dediyiniz kimi, bu qitənin  kifayət qədər çətin durumda olduğu, insanların necə yaşadığı sizə bəlli idi.  Nələrlə qarşılaşdınız?

- Afrikaya getməzdən öncə qısa müddətdə  Türkiyədə oldum. Orda Afrikaya gedən insanlar toplaşıb məlumatları bir-birilə bölüşürdülər. İnanın, orda elə şeylər danışırdılar, insanın ayağı altından yer qaçırdı. Düşünün, Afrikada insanların 80 faizi dənli bir bitki becərirlər ki, qidalana bilsinlər.  Həmçinin onların su problemləri var, həkim ümumiyyətlə yoxdur. Məsələn, dərnəklər özləri orda quyu açırlar ya da insanların qismən də olsa ehtiyaclarını ödəyirlər. Quyu olmayan yerlərdə insanlar susuzluqdan ölürlər.  Tibbi ləvazimatlar yoxdur.  Afrikada qız uşaqları daha erkən yaşda ailə həyatı qururlar və  məlumatlı olmadıqları üçün  ana-uşaq ölümləri çox olur.  Bəzi yerlədə anormal mentalitet qaydaları mövcuddur və onların inkişafına mane olur. Mən daha pis vəziyyət gözləyirdim, lakin nisbətən yaxşı idi.  Adətən 2-3 gün öncədən həkimlərin gələcəyini xəbər verirlər. Biz çox kasıb, heç nəyi olmayan insanları müayinə və müalicə edirdik. Lakin bir az maddi durumu yaxşı olan biri belə orda həkimə gedə bilmir. Çünki dediyim kimi, həmin ölkələrdə həkim belə yoxdur.

- Nə qədər müddət Afrikada oldunuz?

- Hardasa 2 həftəyə yaxın  orda oldum. Həmin vaxt ərzində 5 nəfər həkimlə birlikdə 800-ə yaxın əməliyyat  etdik. Mən  isə təqribən 60-70 arası  əməliyyat etdim. Polinikada 1600-ə yaxın xəstəyə baxdıq.

- Hər halda həmin müddətdə  baş verənlər sizə çox təsir edib. Unutmadığınız anlar oldumu?

- İnanırısınız, çox şey oldu. Biz ora getməzdən öncə məlumatlı bir həkim “Siz ora gedib qayıdandan sonra tamam fərqli biri olacaqsınız” - , dedi. İnsan bəzən nələrinsə qədrini bilmir, naşükürlük edir.  Bu baxımdan öncə, şükür etməyi öyrəndik.  Ən azı  “Bu dünyaya niyə gəlmisən? Niyə yaşayırsan” sualının cavabını tapa bilirsən, hansısa bir insana faydan olur. Biz orda yerli  əhali ilə tərcüməçilər vasitəsilə əlaqə qururduq. Onların yeməkləri, suları olmadığı üçün bəzi uşaqlarda erkən yaşda  görmə sinirində soluqlaşma, atrafiya olur. Bunun da dünyada müalicəsi yoxdur. Məsələn,  bu cür  10 yaşında uşaq gəlmişdi yanımıza. Tərcüməçiyə dedim ki, bu uşağı  görməsini heç cür bərpa edə bilmərik. Baxdım ki, tərcüməçi də bunu uşağa necə deyə biləcəyini düşünüb pis oldu. Yəni  yardım edə bilmədiyimiz zamanlarda  daha çox üzülürdük.

- 25 ildir görməyən afrikalının gözünü açdınız. Bu necə oldu?

- Bizim getdiyimiz andan hardasa 4-5 gün keçmişdi. Həmin qadın öz uşağını müayinəyə gətirmişdi. Gördüm  ki, uşağın anası qəribə baxır, normal insan baxışı deyildi.  Normalda bəbək qara rəngdə olur, mirvari suyu isə ağ.  Lakin qadında bəbək ağ rəngdə idi. Ona görə onu müayinə etdim. Həmin qadının simasında dərin kədər var idi. Düşünün, bir insan doğuşdan bəri övladlarının üzünü, rəngləri, həyatı  görmür.  Müayinədən sonra qadına problemi barədə məlumat verib əməliyyat təklif etdik, o da razılaşdı. Şükür olsun, nəticə də yaxşı oldu. Çünki  əməliyyatdan sonra insanın görməmə ehtimalı yüksəkdir.  Şansımızdan həmin qadın gördü. İnanın,  bu o qədər gözəl hiss idi ki... Sevincimdən  ağlamışdım. Bir insana dünyanı görməyi bəxş etmək gözəl hissdir. Təbii ki, bəxş edən Allahdır, biz sadəcə vasitəçi olduq.

- 2 həftəyə çox böyük işlər sığışdırdınız.

- Şükürlər olsun, edə bildik. Digər tərəfdən, bizim özümüz üçün də təhlükə var idi. Çünki ora gedən çox insan xəstələnir. Məsələn, malyariya riski var, 6 saatlıq təyyarə uçuşu, 15 saatlıq avtobus   yolu insanı yorur. Bu çətinliklərə baxmayaraq bacardıq. Sanki Allah  insana qüvvət verir. Ümid edirəm, gələcəkdə yenə gedərəm.

- Qeyd etdiyiniz kimi, Afrikada sizi çətinliklər, təhlükələr gözləyirdi. Adətən belə şəraitdə valideyn  etirazı ilə qarşılaşırlar.  Sizin ailənizin münasibəti necə oldu?

- Vallah, atam, anam, o cümlədən, bacım, qardaşım həmişə mənə dəstək olublar. Sağ olsunlar, bu qərarı verəndə də əngəl olmadılar. Çox şeyi onlara borcluyam.

- Könüllülər təşkilatında başqa azərbaycanlı həkimlər var idimi?

- Mənim olduğum könüllülər təşkilatı artıq 23-cü dəfədir, Afrikaya – Nigerə gedirdi. Məndən öncə  gedən azərbaycanlılar olub. Daha çox dərnəklə bağlı məlumatı olanlar gedirlər. Çünki həmin dərnəklər işi bilməyən adamları qəbul etmirlər. Təşkilat  həkimin qabiliyyətinə, mühitə adaptasiya olma bacarığına bələd olmalıdırlar.  Yəni seçimlər əsasında olur.

- Afrikadan sonra hansı ölkələrə  getmək fikriniz var?

- Təbii, öncə öz ölkəmdə könüllülük fəaliyyəti ilə məşğul olmaq, yəni bütün bölgələrə getmək istəyərəm. Çünki doğurdan da kifayət qədər ehtiyacı olan insanlar var. Bunu təşkil etsələr canla-başla iştirak edərəm.  Bundan sonra Pakistana gedərəm. Ora müsəlman ölkəsidir və hər zaman bizim ölkəyə rəğbət göstəriblər.  Və digər başqa ehtiyacı olan ölkələr.

- 25 ildir görməyən afrikalının gözünü açmağınız təkcə Azərbaycan  deyil, Türkiyə mediasında da işıqlandırıldı və maraq doğurdu.  Bundan sonra sizə hər hansı təkliflər gəldimi?

- Bundan öncə də Türkiyədən təkliflər var idi. Mən Azərbaycana qayıtmaq istədim. İnşallah daha xeyirli işlər görə bilərəm. Təbii ki,  tanıyanlar çoxaldığı üçün bundan sonra da çoxlu təkliflər aldım. Yəni Türkiyədə qalmaqla bağlı. Lakin kariyeramı Azərbaycanda qurub inkişaf etdirmək fikrindəyəm. Hazırda  elə əvvəldən işlədiyim AMT klinikasında fəaliyyətimi davam etdirirəm. Burda  müayinələrimizi, lazım olanda əməliyyatlarımızı edirik. İstəyən  insanlar müraciət edə bilərlər.


- Maraqlıdır,  sizə müraciət edənlər ən çox hansı xəstəliklərdən şikayətlənirlər?

- Daha çox qlaukoma, refraktiv qüsurlardan, eynək problemlərindən şikayət edirlər. Digər xəstəliklərə isə çox nadir rast gəlinir. Demək olar ki, Türkiyə ilə eynidir, böyük fərq yoxdur. Amma Afrikada bir az fərqlidir. Onlarda  yemək zəif olduğu  üçün görmə sinirinin zədələnməsi halları daha çoxdur. Ya da  katarakta sərtdir.

-  Son zamanlar  insanlar  xüsusilə göz zəifliyindən  narazılıq edirlər. Uşaqdan tutmuş yaşlısına kimi.

- İnsanlar kompüterə, televiziyaya çox baxırlar,  gecə gec yatırlar. Ən az 7 saat yatmaq lazımdır. Yaxud qida faktoru önəmlidir. Məsələn, Afrikada çox çəplik yoxdur. Çünki onlar televizora baxmırlar. Orda olduğum müddətdə cəmi bir ya iki dəfə çəplik problemi olan insan gördüm. Bizdə isə demək olar ki, uşaqların 50-60 faizində bu  problem müşahidə edilir.

- Bu gün texnologiya dövrüdür və istər-istəməz  kompüterdən  ya da telefondan  istifadə etməli oluruq. Bunların gözə mənfi təsiri bəllidir. İnsanlar nələrə diqqət etməlidir?

- Kompüter  qarşısında olanda gün ərzində ən azı  iki –üç dəfə insan pəncərəni açıb uzaq yerə baxmalıdır. Bu, gözün dincəlməsi üçündür. 15-20 dəqiqədən bir göz yumulmalıdır.  Belə olanda  göz yaşı gözün üstünü isladır və quruluq şikayətləri azalır. Həmçinin bir şeyə 7 dəqiqədən artıq baxanda  gözün tor qişasında görüntünün aydın  görünməsi azalır. İnsanlar  axşam saat 11-dən gec yatmasalar, daha yaxşı olar.  Gün ərzində açıq havada olsan -  heç olmasa  bir saat, o cümlədən  qeyd edilənlərə nəzarət etsən heç bir problem olmur.

- Hər halda müəyyən müddətdən bir müayinə də lazımdır.

- Ümumiyyətlə, uşaqlar doğuşdan 6 ay içində mütləq göz həkiminə  gəlməli, problemlərin olub-olmadığı müəyyən edilməlidir. Uşaq sağlamdırsa, 3 yaşına kimi bir dəfə müayinə oluna bilər. Həmçinin, məktəböncəsi uşaqlar müayinə edilməlidir. Yetişkin insanlar isə ildə bir dəfə  müayinəyə gələ bilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi