Modern.az

Gülər Əhmədova spikerlə görüşüb təkliflərini verdi

Gülər Əhmədova spikerlə görüşüb təkliflərini verdi

Təhsil

6 Oktyabr 2011, 15:09

Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən“Avrasiya məkanı: türkdilli ölkələrin və Rusiya regionlarının XXI əsrdə potensialı”adlı Türk dünyası sosioloqlarının IV Konqresində iştirak edən millət vəkili Gülər Əhmədova Başqırdıstan Parlamentinin spikeri Konstantin Tolkaçev ilə görüşüb.
Uşaq turizm mübadiləsi tərəflər arasında əsas müzakirə mövzusu olub. Rəsmi qəbula görə, Başqırdıstan Parlamentinin spikeri Konstantin Tolkaçevə təşəkkürünü bildirən millət vəkili Gülər Əhmədova Azərbaycandakı inkişaf və tərəqqidən danışıb, həyatın bütün sahələrində nəzərə çarpan irəliləyişdən söhbət açıb. Gülər Əhmədova Başqırdıstan Parlamenti sədrinin diqqətinə çatdırıb ki, Azərbaycan artıq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib, dünyanın ən iri idman və musiqi yarışmaları məhz Azərbaycanda keçirilməkdədir. Azərbaycanda uşaqların hüquqlarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirilir.
Bu sahədə Heydər Əliyev Fondunun və onun sədri Mehriban Əliyevanın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələrdən danışan millət vəkili Azərbaycanın işğal olunmuş ərazilərindən köçkün düşmüş uşaqların hüquqlarının qorunması, onların sağlam həyata cəlb edilməsi istiqamətində intensiv işlər görüldüyünü K.Tolkaçevin diqqətinə çatdırıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova Başqırdıstan Respublikası ilə uşaq sahəsində əməkdaşlıq barədə maraqlı təkliflə çıxış edib. Azərbaycanın regionun turizm mərkəzinə çevrildiyimi diqqətə çatdıran Gülər Əhmədova Başırdıstandakı valideyn himayəsindən kənarda qalan kimsəsiz uşaqların Azərbaycandakı yay və qış düşərgələrində dincəlmələrinin mümkünlüyü barədə danışıb, azərbaycanlı uşaqların da Başqırdıstana dəvət edilməsinin məqsədəuyğun olduğunu bildirib. Rusiya Federasiyasında iki milyondan artıq azərbaycanlının yaşadığını bildirən millət vəkili buradakı gənclərin Rusiyanın ictimai-siyasi həyatında önəmli rol oynadığını söyləyib, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Rusiyadakı gənclərin təşkilatlanmasında xeyli işlər gördüyünü bildirib.

Görüş zamanı hər iki respublikanın sosial-iqtisadi vəziyyəti barədə qarşılıqlı məlumat mübadiləsi aparılıb.

Başqırdıstan Parlamentinin sədri Konstantin Tolkaçev Gülər Əhmədovanın tərcümeyi-halı ilə yaxından tanış olduğunu və onun rəhbərlik etdiyi Respublika Uşaq Təşkilatının uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi layihələrdən xəbərdar olduğunu bildirib. Gülər Əhmədovanın təklifini böyük maraqla qarşılayan K.Tolkaçev öz növbəsində Azərbaycan Parlamentinin deputatlarından ibarət nümayəndə heyətini Başqırdıstana rəsmi səfərə dəvət edib. Daha sonra Başqırdıstan Parlamentinin sədri MM üzvü Gülər Əhmədovanı bu ilin noyabr ayında Ufa şəhərində keçiriləcək “Ümumrusiya Analar Forumu”na dəvət edib. Görüşün sonunda Konstantin Tolkaçev millət vəkili Gülər Əhmədovaya Başqırdıstanla bağlı hədiyyələr təqdim edib. Gülər Əhmədova isə öz nəvbəsində Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən kitabı və Azərbaycanın milli mədəniyyətini əks etdirən suvenirləri Başqırdıstan Parlamentinin sədrinə təqdim edib.
Görüşdən sonra millət vəkili Gülər Əhmədova Başqırdıstanın Dövlət Televiziyasına müsahibə verib və Azərbaycan barədə, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən işlər barədə ətraflı danışıb.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə