Modern.az

Seçicilərimə deyərəm ki, mənə deyil, ürəyinizcə olana səs verin...

Seçicilərimə deyərəm ki, mənə deyil, ürəyinizcə olana səs verin...

7 Dekabr 2009, 10:36

Xalq yazıçısı, əməkdar incəsənət xadimi, «İstiqlal» və «Şöhrət» ordenli millət vəkili Əkrəm Əylislinin yeni planları var. Deyəsən bu plan həm də növbəti parlament seçkilərində namizədliyini irəli sürməməkdən keçir. Modern.az saytı deputatın planlarını öyrənməyə çalışıb.  

- Əkrəm müəllim, gələn il deputatlığa namizədliyinizi verməyəcəyiniz barədə açıqlamanızdan belə görünür ki, deputatın həyat tərzindən razı deyilsiniz. Burada sizi qane etməyən nədir?

- Mənim heç bir sözüm heç vaxt birmənalı qarşılanmayıb. Birmənalı qarşılanan söz ancaq mütləq  həqiqətdir. Biləsiniz, mənim öz ölçüm, öz meyarım var. Bunu heç vaxt açıqlamıram.   

- Maraqlıdır, seşicilər təkid etsələr ki, namizədliyinizi irəli sürün, nə edəcəksiniz?

- Dedin bir sual verəcəksən, amma bu müsahibə oldu ki... Qardaş, bü gün-sabah 72 yaşım olur. (Dekabrın 6-da yazıçının 72 yaşı tamam oldu). İndiyə qədər məni hansısa vəzifədən çıxarmayıblar. Hamısından könüllü olaraq özüm getmişəm. Bir qərarı qəbul etdimsə, onu dəyişən deyiləm. Arzum budur ki, gələcək çağırış Milli Məclisdə cavan, işgüzar adamların sayı üstünlük təşkil etsin. Burada siyasi həyat daha fəal, daha qaynar olsun. Mən bunu istəyirəm. Başqa bir arzum yoxdu. Deyə bilərəm ki, indiyədək işlədiyim sahələrdə şəxsi təmənna da güdməmişəm. Buna görə də həmişə başım ağrı çəkib. “Azərbaycan” jurnalında rəhbər işləyərkən bir nəsil yaratmışdım. Orada çalışanda anladım ki, Azərbaycan ədəbiyyatına təsir etmək, köhnəni tərpətmək mümkündür. O zaman katibliyin sözünə belə, baxmırdım. Rəhmətlik Əli Vəliyevin bir əsəri var idi, dərc olunmaq üçün “Azərbaycan”ın redaksiyasına göndərilmişdi. Onu bir az gecikdiridim. Katiblik qərar çıxardı ki, bunu filan nömrədə dərc etməlisən. Dedim ki, həmin qərarın bir nüsxəsini mənə gəndərin, dərc edəcəm. Bilirdim ki, bunu mənə təqdim etməyə ixtiyarları yoxdu. Onda katiblik bir-birinə dəydi, aləm qarışdı. Açığını deyim, kiminsə mənim işimə qarışmağından heç xoşum gəlmir. Çünki insana bir işi tapşırıblarsa, ona hökmən inanmalıdırlar. Deputatlıq da elə...Əgər mənə bunu məsləhət görüblərsə, daxilimdən gələn sözə mütləq hörmət olmalıdır. Hamı “ura!!!” desə, bu olmadı ki...

- Deməli, seçicilərin də sözünə baxmayacaqsınız...

- Qərarımı heç zaman dəyişmirəm. Seçicilərimə deyərəm ki, çox sağ olun, mənə bir dəfə etimad göstərdiniz, indi sizdən xahiş edirəm ki, səs verəndə bir az da diqqətli olun, mütləq ürəyinizcə olana səs verin.

- Yəqin yenə Əylisə üz tutacaqsınız. Yaşamaq orada daha yaxşı olar...

-...Yaşamağa Əylisin yaxsı olduğunu sən məndən yaxşı bilmərsən. İnsana lazım olan tək təbiətin havası deyil. Bunun üçün başqa havalar da lazımdı. Mən bidəfəlik ora gedəndə elə bilirdim qocalmışam, amma gördüm yox, hələ qocalmamışam. Əlli yaşda getmişdim Əylisə. Deyim də,  Azərbacan kəndi dünyanın heç bir kəndinə uyğun gəlmir. Bir fransız, alman gedib kənddə villasında yaşayır. O, heç nədən təcrid olunmur. Onlarda kənddə yaşamaq şəhərdə yaşamaqdan heç nə ilə fərqlənmir.

- Onda bilmək olarmı deputat fəaliyyəti bitdikdən sonra harada olacaqsınız?

- Hələ dəqiq bilmirəm. Düzü, hər şeydən küsüb Əylisə gedəndə orada rahat yazmaq, hardasa öz ölümünü, son gününü öz istədyi kimi qarşılamaq istəyirdim. Gedəndə məndə bu arzular idi. Amma indi deyə bilmərəm ki, necə olacaq. Çünki başqa planlarım da var. Onu isə açıqlamaq fikrim yoxdur.

- Əkrəm müəllim, bu gün bizdə gənc yazarlar nə gəldi, necə gəldi yazırlar. Siz bu barədə nə düşünürsünüz? - İnsan yalnız öz fikrini ifadə edəndə maraqlı olur. Öz fikri olmayan insan isə zərrə maraq doğura bilməz. Belə adamların fikir sahəsində varlıqları hiss edilmir. İstərdim ki, Azərbaycanda öz fikri olanlar çox olsun. Öz fikri olmadan fikir söyləməyə cəhd göstərəndə fikrə divan tutmuş olursan. İndiki cavan yazarları oxuyuram, bir çox məqamda onlarla fikrim üst-üstə düşür. Onlar mənə bir qədər də öz cavanlığımı xatırladırlar. Baxmayaraq ki, mən onların yaşında olanda SSRİ miqyasnda oxunurdum. Adım aparıcı rus yazıçıları ilə bir sırada idi. Başa düşürəm, indi zaman gənclərə bu imkanı vermir. Amma gənclərimizdə sözə həssaslıq da yoxdur.

- Anarla bağlı gənclərin mövqeyini necə qiymətləndirirsiniz?

- Dedim axı, gənclərin mövqeyi ilə mənim fikrimin üst-üstə düşdüyü məqamlar var. Gənclər düşünür ki, Yazıçılar Birliyi ictimai fikrin güclü mərkəzlərindən olmalıdır. Ədəbiyyat olan yerdə mənəvi, əxlaqi məsələlərə, azadlıq  meyllərinə təsir etmək mümkündür. Amma bizdəki gənclərdə həddi aşmaq, təhqirə keçmək problemi var. Anarın Yazıçılar Birliyində pis işləməsi barədə mən də demişəm. Amma onu yazıçı olaraq tamamilə inkar etmək də ağlasığmazdır. Gənclər elə iddilar edirlər ki, mən onları müdafiə edə bilmirəm. Arzu edərdim onlar özlərini elə aparsınlar ki, mənəvi cəhətdən çəkinmədən onları müdafiə edə bilim. Amma elə hərəkət edirlər ki, onları müdafiə etsən sən özünə olan hörməti itirərsən. Bu cür olmaz. Bəzən filankəs yazıçı deyil iddiasını irəli sürürlər. Demisən, sübut elə. İndikilərdə belə dərinliyə getmək yoxdu. Onların analitik düşüncə tərzinə malik olmamaları məni `çox qayğılandırır. Yoxsa durub hökm verəsən ki, kim yazıçıdır, kim yazıçı deyil, bu bir qədər də nadanlıqdır.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi