Modern.az

Ramil Usubov İnterpolun baş katibinə Azərbaycanın öhdəliklərindən danışıb

Ramil Usubov İnterpolun baş katibinə Azərbaycanın öhdəliklərindən danışıb

Təhsil

6 Oktyabr 2011, 17:34

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 6-da ölkəmizdə səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb.

DİN mətbuat xidmətindən Modern.az-a bildirilib ki,  nazir R.Usubov Daxili İşlər Nazirliyi ilə Beynəlxalq Polis Təşkilatı  arasında sıx əlaqələrin mövcudluğunu xatırladıb  və qeyd edib ki, qloballaşan dünya, inteqrasiya imkanlarının getdikcə artması müxtəlif təhdidlər ortaya çıxarır ki, bu da yeni növ cinayətlərlə, transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizəni şərtləndirir.

Qeyd olunub ki, Azərbaycan İnterpolla işbirliyinə xüsusi əhəmiyyət verir və  onu  daha da inkişaf etdirməkdə maraqlıdır. Əməkdaşlığın əsas istiqamətlərindən biri təqsirləndirilən və itkin düşən şəxslərin beynəlxalq axtarışının təşkil edilməsidir. Hər il orta hesabla İnterpol tərəfindən 60-70 nəfər belə şəxsin yeri müəyyən olunur və onlar yaxalanaraq ədalət məhkəməsinə təhvil verilir.

Nazir deyib ki, 20 illik müstəqillik tarixi ərzində inamla dünya birliyinə inteqrasiya edən gənc respublikamız suveren və hüquqi dövlət kimi demokratik prinsiplərə riayət edir, bütün sahələrdə, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının təmini və cinayətkarlıqla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.

Daha sonra daxili işlər naziri bu gün Azərbaycanın dünyanın ən sabit və təhlükəsiz ölkələrdən biri olduğunu diqqətə çatdırıb. Bu fikir xüsusilə vurğulanıb ki, ölkə Prezidenti İlham Əliyevlə R.Noblın görüşü və aparılan fikir mübadiləsi İnterpolla əlaqələrimizin daha da dərinləşməsinə öz töhfəsini verəcək.

İnterpolun baş katibi Ronald Nobl İnterpolun ölkəmizdəki Milli Mərkəzi Bürosunun fəaliyyətinin günün tələblərinə uyğun təşkil edildiyini, Azərbaycanın dünyada təhlükəsiz qlobal polis kommunikasiya xidmətlərini həyata keçirən ilk 10 ölkədən biri olduğunu deyərək, əlaqələrimizin mövcud durumundan məmnun qaldığını bildirib.

O, həmçinin məmnunluqla qeyd edib ki, ölkəmizdə bundan əvvəl olduğu 2003-cü ildən bəri paytaxt Bakı tanınmaz dərəcədə dəyişib və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.  

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.  

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə