Azərbaycan Müəllimlər İnstitutunda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birlikdə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Müstəqillik illərində Azərbaycanda elm və təhsilin inkişafı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə AMİ-nin rektoru, millət vəkili Aqiyə Naxçıvanlı açıb. AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə “Müasirləşmə dövründə elm və təhsil”, həmin İnstitutun aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Habil Həmidov “Azərbaycanda təhsil siyasəti”, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə “Siyasətdə və politologiyada İKT strategiyası”, AMİ-nin kafedra müdiri, tarix elmləri doktoru Qafar Cəbiyev “Müstəqillik illərində Azərbaycanda tarix elminin inkişafı” mövzusunda məruzələri dinlənilib.
Dəyirmi masa iştirakçılarından professor Ramiz Məmmədzadə, professor Mircəfər Həsənov, AMİ-nin əlavə təhsil üzrə prorektoru Rahim Əzizov, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov və digər natiqlər çıxış edərək müstəqillik illərində Azərbaycanda elm və təhsilin inkişafı yolunda qazanılan uğurlardan və bu sahədə qarşıda duran vəzifələrdən danışıblar.
Modern.az