Modern.az

15 Sentyabr 28 May qədər tarixi və müqəddəs gündür

15 Sentyabr 28 May qədər tarixi və müqəddəs gündür

Ədəbi̇yyat

12 Sentyabr 2018, 08:38

Abid Tahirli

Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mahiyyəti, mənzərəsi on illər boyu gizlədilmiş, saxtalaşdırılmışdır. Sovet rejimi, kommunist ideologiyası bir tərəfdən tarixin təhrif edilməsinə, qərəzli qələmə alınmasına rəvac vermiş, digər tərəfdənsə xəstə erməni təxəyyülünün, məkrli erməni təbliğat maşınının işləməsinə göz yummuşdur. Nəticədə üzdəniraq «partiya və dövlət xadimi, alim, pedaqoq, kommunist və vətəndaş» (Henri Azadyan) Con Kirokosyanın «Gənc türklər tarixin məhkəməsi qarşısında» (Yerevan, «Ayastan» nəşriyyatı, 1986-cı il) kimi əsərlər kütləvi tirajlarla nəşr olunmuş, milyonlarla insanı yalanlarla məlumatlandırmış, əsl həqiqətlərdən elmi ictimaiyyətin diqqətini yayındırmış, ermənilərə qarşı regionda ardıcıl şəkildə genosid həyata keçirildiyi, Bakıda və Azərbaycanın digər bölgələrində onlara divan tutulduğu həyasızcasına qeyd olunmuş,  qatillər – erməni terrorçuları, başkəsənlər, qaniçənlər isə «xalq qisasçıları» adı ilə təqdim olunmuş, təbliğ edilmişdir.

         
Bizdə Mart qırğını ilə bağlı həqiqətlər (illər boyu susmayan və susdurula bilməyən tək səs – mühacir nəşrlər ( «Yeni Qafqasya», «Azəri-türk», «Odlu yurd», «Bildiriş», «İstiqlal», «Qurtuluş», «Azərbaycan» kimi qəzet və jurnallar), mühacirət publisistikası  istisna olmaqla) Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra söylənilməyə başlanmışdır. Dünya şöhrətli dövlət və siyasət xadimi Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra isə Mart qırğını haqqında həqiqətlər ən yüksək tribunalardan eşidilməyə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1998-ci ildə imzaladığı Fərmana uyğun olaraq, həmin vaxtdan hər il 31 mart Azərbaycan xalqının soyqırımı kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarının xatirəsi yad edilir. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar mühüm sənədlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərini tanımasını, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli tədbirlər görülməsini xahiş etmişdir. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1919 və 1920-ci illərdə martın 31-i milli matəm günü kimi qeyd olunmuşdur.

         
Mart qırğını qurbanlarının xatirəsini yad etməklə yanaşı, eyni zamanda Azərbaycanlıların cismən məhv edilməsinin qarşısını alan qəhrəman, məğlubedilməz türk əsgərlərinin, xalqımızın igid övladlarının da əziz xatirəsini minnətdarlıqla yad etməliyik…

         
Ötən əsrin yetmişinci illərində kəndimizdə – bizim Dəmirçi məhəlləsində yaşı 100-ü haqlamış xeyli ağsaqqal, ağbirçək yaşayırdı: babam Məcid əfəndi, onun qardaşları Yusif əfəndi, Tahir əmi, eləcə də qonşularımız Muxtar əmi, Qədim əmi, Tacəddin əmi, Məci əmi, Daşdəmir əmi, Hümbət əmi, Cəlal əmi, Tükəzban nənə, Şəkər nənə, Zərxatun nənə, Ümmü nənə, Səfurə nənə, Sona nənə, Gülzar nənə, Züleyxa nənə… Onların nurlu, təbəssümlü çöhrələri, işıqlı, ifadəli gözləri, dəyərli öyüd-nəsihətləri, şirin, məzəli söhbətləri, müdrik kəlamları o dövrün cavanlarının yaddaşına əbədi həkk olunub. İxtiyar kişilərin ixtalatlarının (söhbətlərinin) mövzusunun sədd-sərhədi yox idi: ata-babalarından eşitdiklərindən, özlərinin şahidi, iştirakçısı olduğu hadisələrdən danışmaqdan yorulmazdılar. Kolxoz-artel quruculuğundan, bu işə müqavimət göstərənlərə divan tutulmasından, din xadimlərinə qarşı amansız rəftar edilməsindən, müharibə, aclıq illərindən, kəndimizin iki addımlığında Nohur su anbarının tikintisindən, ilk avtomobilin, ilk priyomnikin (radionun) gətirilməsindən, dəmirçi sexlərindən, sənətkarlardan, at-öküz, kəl arabalarından, toz-torpaqlı kənd yollarından, cəltik zəmilərindən, arpa-buğda xırmanlarından… ağsaqqallar təsbeh çevirə-çevirə, tənbəki qəlyanı sümürə-sümürə, həvəslə, ehtirasla, bəzən də göz yaşları ilə, köks ötürə-ötürə danışardılar. Biz isə maraqla dinləyər, hey dinləyərdik…


Bu mövzulardan birindən – kəndimizdə və ona yaxın kəndlərdə ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edəndə ağsaqqallar bir qədər ehtiyatlanar (bu barədə danışmaq olmazdı),  həyəcanlanar, sarsılar, dodaqları titrəyər, əlləri əsər, qəzəbdən gözləri hədəqəsindən çıxardı. Onlar söyləyərdilər ki, silahlı ermənilər 1918-ci ildə qonşu kəndlərdə, xüsusi ilə Yengicə və Tüntüldə ağlasığmaz vəhşiliklər törətmişlər: hamilə qadınları süngüləmiş, adamları diri-diri təndirə tullamış, bellərinə qaynar samovar bağlamış, uşaq, qoca, xəstə bilmədən qarşılarına çıxan hər kəsi qəddarcasına qətlə yetirmiş, sakinlərin var-dövlətlərini talan etmiş, ev-eşiklərini yandırmışlar.


İxtiyar həmsöhbətlərimiz danışırdılar ki, ermənilər qəflətən dəyişmişdilər: bir anda hər şeyi – haqq-salamı, duz-çörəyi, qonşuluğu unutmuş, qatı düşmənə, cəllada çevrilmişdilər. Silahsız azərbaycanlılar dəhrə-balta, yaba ilə müqavimət göstərsələr də, bu yetərli deyildi; insanların ah-naləsi göylərə bülənd olurdu, imdada yetişən yox idi. Bir gün isə… adamların əli, ümidi hər yerdən üzüləndə… lap nağıllarda olduğu kimi, toplar guruldadı, yer-göy titrədi. Əvvəl heç kim heç nə anlamadı. Az sonra kəndə çapar gəldi. Məlum oldu ki, qonşu Göyçaya yetişən Osmanlı əsgərləri Qutqaşında erməni vəhşiliyindən xəbər tutmuş və qətliama məruz qalan azərbaycanlıların köməyinə gəlmişlər: Kötüklü kəndində quraşdırılan toplar erməni kəndlərini – Bəylər və Əmirvanı hədəfə alır. Elə ilk həmlədən ermənilərin böyük əksəriyyəti pərən-pərən düşür, meşələrə səpilir, dağlara çəkilirlər, azərbaycanlılara sığınır, onlara yalvarır-yaxarır, qonşu olduqlarını, duz-çörək kəsdiklərini xatırladır, diz çöküb aman diləyirlər. Bir qismi isə müqavimət göstərir, təslim olmaq istəmirlər. Yaşlı həmkəndlilərimin bu söhbətlərindən 30-35 il ötdükdən – Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən bir müddət sonra mən Azərbaycan Respublikasındakı Türkiyə səfirliyinin sabiq müşaviri Fəthi Gədikliyə aşağıdakı məzmunda məktubla müraciət etdim:


«Hörmətli Fəthi bəy! Tariximizin son 200 ili barədə düşünəndə fikirləşirəm: millət olaraq ən böyük faciəmiz nədir? XIX əsrin əvvəllərində Rusiya tərəfindən Azərbaycan xanlıqlarının işğalı, başqa sözlə Türkmənçay, Gülüstan sövdələşmələri? Bəşər tarixində analoqu olmayan işgəncə və təhqirlərin farslar tərəfindən başımıza gətirilməsi – milyonlarla insanın dilsiz və məktəbsiz qoyulması? Son 100 ildə ermənilər tərəfindən millətimizə qarşı törədilmiş cinayətlər – 1905-ci il fevral, avqust qırğınları, 1918-ci il Bakı, İrəvan, Zəngəzur, Şamaxı, Quba, İsmayıllı, Göyçay, Nəvahi, Kürdəmir, Neftçala, Salyan, Gəncə… fəlakətləri? Xoy faciəsi? 1948-1953-cü illərdə Ermənistan adlandırılan ərazidən 200 mindən çox azərbaycanlının deportasiyası? 1988-ci ildən başlanan və bu gün də davam edən erməni vəhşiliyi – terrorlar, təcavüzlər? Dağılmış məktəblər, mədrəsələr, şəhərlər, kəndlər? Xocalı, Malıbəyli, Meşəli, Qaradağlı vəhşətləri? Ya, bəlkə Azərbaycanın ümumi ərazisinin son iki yüz ildə itirilmiş 80% (!) torpaqları? Əlbəttə, bunların hamısı tariximizin bir digərindən  acı, ağır səhifələridir. Bütün bunlar həm də, unutqanlığımızın, biganəliyimizin, biveciliyimizin, ətalət, laqeydliyimizin fəsadlarıdır...


Keçirəm mətləbə. Oxuduğum Qəbələ rayon Nohurqışlaq kənd orta məktəbinin həyətində – futbol meydançasının kənarında, məktəb binasına gedən cığırın – yolun sağ tərəfində böyük, qollu-budaqlı bir əzgil ağacı vardı. Onun budaqlarına çoxlu qara və qırmızı parçalar bağlayardılar. Lakin bu iş nə vaxt görülürdü, bilmirdik. Yalnız hər dəfə köhnəlmiş, cındır əskilərin yanında, yaxud yerində təzə parçaların bağlandığı diqqətdən qaçmırdı. O vaxt bizə deyirdilər ki, həmin yer pirdir – ocaqdır. Lakin orada kim, nə vaxt dəfn     edilib – bu barədə bizə heç kim heç nə demirdi. Biz həmin əzgilin meyvəsini də yemirdik. Bu, günah sayılırdı…


Rəhmətlik babam Məcid əfəndi və atam Həmid kişi həmişə bizim tərəflərdə, xüsusi ilə qonşu Tüntül və Yengicə kəndlərində ermənilərin yerli sakinlərə qarşı törətdikləri ağlasığmaz vəhşiliklərdən danışardılar. Üzdə özünü dost göstərən mənfur ermənilər gizlində silahlanırmışlar. 1918-ci ilin mart, aprel aylarında onlar əliyalın azərbaycanlılara qarşı amansız divan tutmuşlar. Bundan 4-5 ay sonra Qafqaz-Türk Ordusu tərkibində Azərbaycana köməyə gələn türklərə də silahlı ermənilər ara-sıra müqavimət göstərir, onları arxadan vurur, yaxud pusquya salırdılar. Bizə deyərdilər ki, bir gün Göyçay tərəfdən – Kötüklüdən Tüntülə yaxın Bəylər və Əmirvan erməni kəndlərinə top gülləsi düşəndə, ermənilər – «bu həna o hənadan deyil, türk gəldi, biz batdıq»- deyib, pərən-pərən düşürlər.  Qafqaz Ordusu tərkibində döyüşən əsgər və zabitlərdən də yaralanan, həlak olanlar vardı.Valideynlərimiz bizim kənddə də türk məzarı olduğunu ehtiyatla söyləyirdilər…


Mən «Odlar yurdu» qəzetində işləyəndə Tüntül kənd sakini – Fərman müəllim redaksiyaya rəsmən müraciət etdi. O, yazırdı ki, həyat yoldaşının babası türk zabiti olub. Fərman müəllim Türkiyədəki – Bayburtdakı qohumlarını soraqlayırdı. Təəssüf ki, o vaxt Fərman müəllimə kömək edə bilmədik – nə isə…


Kəndimizin ağsaqqalları, xüsusilə tarix müəllimləri Ağahüseyn  və YaqubTahirovlar israr və inadla bildirirlər ki, əzgilin altındakı pir türk zabitinin, yaxud əsgərinin məzarıdır. Həmin ərazi yeni məktəb binasının özülünə düşdüyündən əzgilin ətrafı qazılmış və kənd sakinləri (Molla Qaraca və digərləri) oradakı sümükləri toplayıb kənd qəbiristanlığında – Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş İlham İlyas oğlu Abdulkərimovun, Elçin Məhəmməd oğlu Orucovun, Elxan Süleyman oğlu Abuşovun, Elbrus Rza oğlu Qasımovun, Natiq Əlisa oğlu Abuşovun məzarının sırasında yenidən dəfn etmişlər. Heç şübhəsiz, bu türk zabitinin, yaxud əsgərinin məzarıdır ki, kənd sakinləri ora vaxtı ilə pir, ocaq kimi baxmışlar.


Sovet dövründə yasaqlar olduğundan, bu gün isə gizlətməyəcəyəm, unutqanlığımızdan, laqeydliyimizdən hələlik həmin məzarı müqəddəs şəhid qəbiri səviyyəsinə qaldırmaq, səcdəgaha çevirmək mümkün olmamışdır. 1918-ci ildə azərbaycanlıların cismən məhv edilməsinin qarşısını alarkən türk ordusu 1300 nəfərdən çox şəhid vermişdir. Sovet hökuməti onların məzarlarını da yer üzündən silmişdir…Ölkəmizin ərazisində cəmi bir neçə yerdə, o cümlədən  Bakı-Şamaxı yolunun kənarında bir türk zabitinin tənha məzarı qalmaqdadır. Nohurqışlaqdakı məlum məzar son vaxtlar aşkar edilən tək-tək türk qəbirlərindəndir. Ruhu şad olsun!


Bəlkə o şəhidin ruhunu sevindirək? Bəlkə, türk zabitinin xatirəsinin əbədiləşdirilməsi, məzarının abadlaşdırılması, abidəsinin ucaldılması üçün tərpənək, hərəkət edək?


Biz çox vaxt tariximizin doğru-düzgün yazılmadığından gileylənirik. Amma tarix yaşananlar deyilmi? Yaşananları öz əlimizlə torpağa basdırırıqsa, günah kimdədir?»


Məktubun üstündən bir müddət keçdikdən sonra Türkiyə Cümhuriyyəti Bakı Böyük Elçiliyi Silahlı Qüvvələr attaşesi general Fəxri Kır Nohurqışlaq kəndinə türk əsgərinin qəbrinin ziyarətinə gəlir. Nohurqışlaqdan Qarabağ uğrunda şəhid olan 5 nəfərin məzarı ilə bir sırada uyuyan xilaskar türk əsgərinin qəbiri başında farağat duran general şəhidlərin ruhuna dua oxuyub qarşılarında baş əydi. Onun görkəmi elə təəssürat yaradırdı ki, sanki general şəhidə raport verirdi: «Sevgili osmancıq, hüzurundayıq. Rahat uyu, Azərbaycan istiqlalına qovuşmuşdur. Ruhun şad olsun».


Kənd sakinlərinin, Bakıdan və rayon mərkəzindən gələn hörmətli qonaqların, məktəb müəllimlərinin, digər ziyalıların iştirakı ilə keçən ziyarət zamanı çıxış edənlər erməni vəhşiliyindən, xilaskar türk əsgərlərinin şücaətindən, qəhrəman osmancıq-mehmetciklərin adlarının əbədiləşdirilməsinin əhəmiyyəti və aktuallığından ətraflı bəhs etdilər. Tədbir başa çatdıqdan sonra general Fəxri Kıra yaxınlaşdım, ziyarət üçün kənd sakinləri adından ona minnətdarlığımı bildirdim və əlavə etdim:


- Qonşu Yengicə kənd qəbiristanlığında bir neçə türk əsgər və zabitinin məzarı olduğu barədə də məndə məlumat var. Oraya baş çəkməyə vaxtınız, imkanınız olarmı?


General duyğulandı, həyəcanlandı, şəhid türk əsgərinin məzarını ziyarət etməyin müqəddəs borc olduğunu, hər kəsə şərəf gətirdiyini söylədi. Biz Yengicə kəndinə yola düşdük. Kəndin köhnə qəbiristanlığında əksər məzarların yeri itmiş, başdaşları çökmüşdür. Yerli sakinlərin müşayiəti ilə hündür, sal çay daşından yonulmuş başdaşına yaxınlaşırıq. Şanlı türk əsgəri tarixin, əsrlərin çox sınaqlarından çıxmışdır. Burada uyuyan türk əsgərinin başdaşı da illərin fırtınalarına, təbəddülatlarına dözmüşdü, sinə gərmişdi, indi isə bizə bələdçilik edirdi. Qəbələnin sayılıb seçilən din xadimi Ağahüseyn Yusif əfəndi oğlu Tahirov ərəb əlifbası ilə işlənmiş kitabəni oxuyur. Başdaşı üzərindəki ay-ulduz 100 il əvvəlki görkəmini olduğu kimi saxlamışdır. Dünyanı fəth edən qəhrəman türk əsgərinin çəkmələri, qılıncı və güllə darağının şəkilləri də başdaşını bəzəyir. Bu məzarın beş-altı addımlığında daha iki türk şəhidinin başdaşı qalmışdır. Təsirlənmiş ziyarətçilər şəhidlərin ruhuna dua oxuyub, məzarıstandan zəngin, unudulmaz təəssüratlarla ayrılırlar.


Geriyə boylanıram, nəzərim polad kimi məğrur, sarsılmaz türk əsgərinin simvoluna çevrilmiş başdaşına dikilir. Bu an yadıma türk ordusu tərkibində Koreyaya göndərilən, əslən Qars azərbaycanlılarından olan topçu zabit Fuat Azgurun 1953-cü ildə Koreyadan Türkiyəyə ünvanlanan və «Azərbaycan» (Ankara) jurnalında (№ 1 (10), 1953) dərc olunan şeiri  yadıma düşür: 

 

                             «Doğudan Batıya həsrət qoxulu.

                             Bir yel əsər, sərin-sərin, bizimdir;

                             Qədər dolu, sevda dolu, eşq dolu,

                             Şəhid dolu təpələrin bizimdir.

* * *

                             Bir sonsuz həsrətlə bağrılar yaxan

                             İrmağın, çayındır damarlarda qan;

                             Səni hərşeyinlə sevəriz, Vatan,

                             Yağmurun, fırtınan, qarın bizimdir.

* * *

                             Eşqi və həyatı səndə bulan biz,

                             Yar diyə sevdiksə, səni sevmişiz;

                             Hicranına ortaq, dərdinə eşiz.

                             Həm sevincin, həm kədərin bizimdir.»

 

 Azərbaycanın istiqlalı uğrunda son nəfəsinədək ideoloji mücadilə aparmış istedadlı yazıçı, publisist, naşir, redaktor Mirzə Bala Məmmədzadə mühacirlərin İstanbulda nəşr etdikləri «Yeni Qafqasya» jurnalında «Bakının azad olunması uğrunda döyüş – 15 Sentyabr qələbəsi» adlı məqaləsində (№ 24 (93), 1927) yazırdı: «15 Sentyabr 28 May qədər tarixi və müqəddəs bir gündür». Bu gün – Azərbaycan müstəqilliyini bərpa etdikdən 17 il sonra, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ərəfəsində də bu kəlam türk əsgəri tərəfindən erməni quldur dəstələrinin darmadağın edilməsinin xalqın tarixində, taleyində, istiqlalın qazanılmasında və qorunmasında rolunu layiqincə dəyərləndirir.


…Müşavir Fəthi Gədikliyə müraciətimin, general Faxri Kırın Qəbələyə səfərinin üstündən xeyli vaxt keçir. Bu gün Nohurqışlaq kənd qəbiristanlığında bu kəndin Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidləri ilə bir cərgədə türk əsgərinin də məzarı abadlaşdırılmış, üzərində-anıt qəbiri ucaldılmışdır. Və bu müqəddəs  məzarları üstündə gecə-gündüz iki qardaş dövlətin bayraqları keşik çəkir, dalğalanır.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!