Modern.az

Uşaq bağçaları ilə bağlı daha bir narazılıq…

Uşaq bağçaları ilə bağlı daha bir narazılıq…

Təhsil

7 Oktyabr 2011, 11:27

Məktəbəqədər təhsil müəsisələri ilə bağlı müxtəlif narazılıqlar zaman-zaman mətbuatın gündəmində olub. Modern.az saytının məlumatına görə, baxçalar haqqında bu dəfəki narazılıq onların vaxtında fəaliyyətə başlamaması ilə bağlıdır. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən məktəbəqədər təhsil müəsisələri səhər saat 7.00-dan axşam saat 19.00-a kimi fəaliyyət göstərməlidir. Ancaq müşahidələr göstərib ki, paytaxta fəaliyyət göstərən bəzi bağçalarda bu qaydaya əməl edilmir.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı ilə əlaqə saxladıq. Z.Əliqızı Modern.az saytına bildirdi ki, bütün məktəbəqədər təhsil müəsisələri Nazirlər Kabinetinin müafiq qərarına əsasən səhər 7.00-dan axşam 19.00-a kimi fəaliyyət göstərməlidirlər. “Ola bilsin ki, valideynlər kütləvi şəkildə uşaqlarını saat 7.00-da bağçaya gətirmirlər. Amma bu saatdan etibarən bağçalar açıq olur və orada növbətçi olur”.

Zəminə Əliqızı bildirdi ki, bu məsələ ilə bağlı vaxtaşırı reydlər keçirilib. Onun sözlərinə görə, reydlər zamanı bəzi bağçalarda saat 7.00-da növbətçinin olmaması halları aşkarlanıb. Və onlara qarşı müvafiq tədbirlər görülüb.

Zəminə Əliqızı daha sonra əlavə etdi ki, məsələ ilə bağlı bu il hər hansı müraciət olunmayıb.

Qeyd edək ki, hazırda respublika üzrə 1638 məktəbəqədər təhsil müəsisəsi fəaliyyət göstərir.Bu təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı 112 min 892 nəfərdir. Bu təhsil müəssisələrinin 1576-sı Təhsil Nazirliyi sistemindədir. Bura cəlb olunan uşaqlar 108 mindən artıqdır. Özəlləşdirilməyə çıxarılan 240 müəssisədən cəmi 84-ü özəlləşdirilib. Özəlləşdirilmiş müəssisələrdən Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin sayı 48-dir. Bunlardan cəmi 8-i öz profili üzrə fəaliyyət göstərir. 

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə