Modern.az

Dünyanın QİÇS problemi, 50 milyona yaxın ölüm - Dəhşətli MƏNZƏRƏ

Dünyanın QİÇS problemi, 50 milyona yaxın ölüm - Dəhşətli MƏNZƏRƏ

12 Sentyabr 2018, 12:22

İraqlı bloger Əli Əthabın Azərbaycanda 8 minə yaxın ərəbin qazanılmış immun çatışmamazlığı sindromuna (QİÇS) yoluxması haqda iddiası gündəmdə bir partlayış effekti yaradıb.

 

Hazırda Azərbaycana ərəb turistlərin kütləvi axın etməsi və bu fonda belə bir iddia təbii ki, diqqətdən kənarda qala bilməzdi.

 

Modern.az bütün bunları nəzərə alaraq, dünyadakı QİÇS-lə bağlı statistik məlumatları araşdırıb.

 

Əvvəlcə regional göstəricilərə nəzər salsaq, burada QİÇS-dən ən çox əziyyət çəkən ölkələrin əsasən Şərqi və Cənubi Afrika ölkələri olduğunu görərik. Həmin ölkələrdə bu xəstəliklə yaşayan insan sayı 19,6 milyon nəfər təşkil edir. Ən aşağı göstərici isə Azərbaycanın, Yaxın Şərq və Şimali Afrika regionudur. Bu regionlardakı ölkələrdə ümumi olaraq QİÇS-lə yaşayan insanların sayı cəmi 220 min nəfər təşkil edir.

 

Amma unutmaq lazım deyil ki, QİÇS xəstəliyi hələ də hər il dünyada milyonlarla insanın həyatına son qoyur. Elə onu nəzərə almaq kifayət edir ki, xəstəliyin qeydə alındığı tarixdən 77,3 milyon insan QİÇS-ə yoluxub. Onlardan 35,4 milyonu (qeyri-rəsmi rəqəmlərə görə isə 49,9 milyona qədər) QİÇS üzündən həyatını itirib. Xəstəlik adından da göründüyü kimi, immun sistemini məhv edərək, insanların ən adi xəstəliklərdən belə ölməsinə səbəb olur.

 

Keçən ilin iyun ayına qeydə alınmış QİÇS-lə yaşayan insanların sayı 36,9 milyon insan təşkil edir. Qeyri-rəsmi rəqəmlər isə təxminən 31,1-43,9 milyon arası hesab edilir. 2017-ci ildə bu xəstəliyə yeni yoluxanların sayı 1,8 milyon təşkil edir.

Keçən ilin rəsmi rəqəmlərini əsas götürsək, hazırda 36,9 milyon (qeyri-rəsmi rəqəmlərə görə 44 milyona qədər) insanın bu xəstəliklə yaşadığını söyləmək olar. Bunlardan 1,8 milyonunun 15 yaşa qədər uşaqlar olması isə mənzərənin necə dəhşətli olmasını göstərir.

QİÇS-lə yaşayan insanların rəsmi rəqəmlərə görə 21,7 milyon nəfəri antiretrovirus terapiyası görür. Qeyd etmək lazımdır ki, müalicəyə cəlb olunanların sayı 2016-cı illə müqayisədə 2,3 milyon nəfər çoxdur.

 

Statistikaya görə, bu xəstəlikdən müalicə sahəsində də müəyyən irəliləyişlər əldə olunub. 2017-ci ilin göstəricilərinə görə, dünya üzrə bu xəstəliyə yoluxmuş 15 yaşdan aşağı insanların 52 faizi, bu yaş kateqoriyasından yuxarı insanların isə 59 faizinin müalicəyə giriş imkanları olub. QİÇS-lə yaşayan hamilə qadınların isə 80 faizi xəstəliyin bətnində olan körpəyə yoluxmaması üçün müalicə almaq imkanına sahib olub.

Xəstəliklə mübarizədə əldə olunan nailiyyətlər ölüm göstəricilərini də aşağı salıb. Belə ki, bu xəstəliyin ən pik ölümə səbəb olduğu 2004-cü illə müqayisədə (1,9 milyon nəfər) ölüm halları 51 faiz aşağı düşüb. Beləliklə, 2017-ci ildə QİÇS-lə əlaqəli xəstəliklər səbəbi ilə rəsmi rəqəmlərə görə, 940 min insan həyatını itirib.

 

Bütün bu uğurlara baxmayaraq, bəzi dəhşətli rəqəmlər mənzərənin hələ də qorxulu olduğunu göstərir. Belə ki, hər həftə 7 min nəfər 15-24 yaşlarındakı əks cinsin nümayəndəsi bu xəstəliyə yoluxur. Afrika ölkələrində isə bu yaş həddi 15-19 təşkil edir. 15-24 yaş qrupuna daxil bu xəstəliyə yoluxmuş qadınlarla müqayisədə kişilərin QİÇS-lə xəstəliklə yaşama şansı iki dəfə aşağıdır.

 

QİÇS səbəbindən digər xəstəliklərlə ölüm hallarında vərəm özünü daha çox göstərir. Belə ki, QİÇS-ə yoluxmuş insanların üçdə biri sırf vərəmdən dünyasını dəyişir. Buna görə də ekspertlər QİÇS-lə yaşayan insanlara vərəmə qarşı daim müayinələrdən keçməyi məsləhət görürlər. Bu cür tədbirlər QİÇS-lə yaşayan insanlar üçün vərəmdən ölüm hallarını 40 faizədək aşağı sala bilir.

 

Təbii ki, xəstəliyin miqyasını və müalicə xərclərini nəzərə alsaq, bu zaman mübarizə üçün nəhəng maliyyə yardımının gərəkdiyini qeyd etmək lazımdır. Həmçinin, unutmaq lazım deyil ki, aşağı və orta gəlirli ölkələrdə insanların bu xəstəlikdən müalicə almaq imkanları xeyli məhduddur. Bu səbəbdən 2017-ci ildə aşağı və orta gəlirli ölkələrdə QİÇS-lə mübarizə üçün 21,3 milyard dollar vəsait xərclənib. Bu məbləğin 56 faizi əsasən daxili mənbələrdən əldə olunub. Ekspertlərin hesablamalarına görə, bu xəstəliklə mübarizə üçün 2020-ci ildə 26 milyard dollardan çox vəsait lazım olacaq.

 

Qeyd edək ki, QİÇS-ə yoluxma yolları arasında cinsi yolla, iynə və bu kimi vasitələrlə yoluxma üstünlük təşkil edir. Narkotik vasitə istifadəçiləri arasında da bu xəstəliyə yoluxma halları çoxluq təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı