Modern.az

Bir addım irəli çıxsın o adam!

Bir addım irəli çıxsın o adam!

Ədəbi̇yyat

12 Sentyabr 2018, 13:22

Zülfüqar Rüfətoğlu

Bir addım irəli çıxsın o adam!
Gecəni yatmışıq biz səksəkədə,
Axşam bir “hürriyyət” sözü işlədib,
Səhər tırtıl izi vardı səkidə…

- Bir addım irəli çıxsın o adam!!!
O adam bu sözü üfürüb yelə,
Yelbeyin adamlar alıb yayıblar,
Hələ dil açmayan çağalar belə,
Sübhəcən “hürriyyət” sayıqlayıblar…

- Bir addım irəli çıxsın o adam!!!
O adam bu sözü deyəndən bəri,
Elə bil kəsilib elin ruzusu,
Daha görməzsiniz dəm İskəndəri
Yüz qram hürriyyət olub arzusu…
- Bir addım irəli çıxsın o adam!!!

Çıxıb yadımızdan iman da, din də,
Yüyən-zad tanımır nə dil, nə ağız,
Tapılmır aptekdə valokardin də,
Elə bil qayıdıb adamlığımız…
- Bir addım irəli çıxsın o adam!!!

- Bir addım irəli çıxsın o adam!!!
Çaxmaq şaqqıldadı, çəkildi tətik,
O söz başımızı xarab eləyib,
Yoxsa o adamı nə göstərərdik…
- Bir addım irəli çıxsın o adam!!!

-Bir addım irəli çıxsın o adam,
Üçəcən sayıram, öləcəksiniz,
…Gözlərdə barışdı ürəklə beyin,
Zilləndi yazığa nəzərlərimiz…
Bir addım irəli çıxdı o adam…

Bir addım irəli çıxdı o adam,
Bir sıra gözünü zillədi ona,
Sıradan bir addım qabaqda olmaq,
Doğrudan yaraşdı zalım oğluna…

Tuşlandı lülələr düz sinəsinə,
Çevrilib son dəfə baxdı o adam…
Qırpıldı gözümüz güllə səsinə,
Daha heç açmarıq…Yoxdu o adam…

…Və birdən sarsıldım özüm bu səsə,
Dondu, laxtalandı damarımda qan,
“İtaət” bağırmaq istədim, nəysə,
“Hürriyyət” sədası qopdu ağzımdan…
- Bir addam irəli çıxsın o adam!!! 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir