Modern.az

Misir Mərdanov yeni əmrlər imzalayıb

Misir Mərdanov yeni əmrlər imzalayıb

Təhsil

7 Oktyabr 2011, 16:14

Təhsil naziri Misir Mərdanov 2011/2012-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb.
Modern.az nazirliyə istinadən bildirir ki, əmra əsasən, 2011/2012-ci dərs ilində müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu 2011-ci il oktyabrın 10-dan başlanacaq və noyabrın 10-dək başa çatacaq.

Nazirin imzaladığı digər əmrlə 2012-ci il yanvar-fevral ayları ərzində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə "Böyük Azərbaycan şairi M.Ə.Sabir haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi keçiriləcək.

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, nazirlik nəzdindəki ümumi təhsil müəssisələrinin direktorları inşa müsabiqəsinin mütəşəkkil və yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə müvafiq işçi qrupu yaratmalı, müsabiqənin rayon (şəhər) mərhələsinin qaliblərinin inşa yazılarını və onlar haqqında məlumatı (Naxçıvan MR və Bakı şəhərindən 5 (beş) nəfər, Gəncə şəhərindən 2 (iki) nəfər, digər rayon  və şəhərlərin, nazirlik nəzdindəki ümumi təhsil müəssisələrinin hər birindən 1 (bir) nəfər) 2012-ci il martın 10-dək Təhsil Nazirliyinə göndərməlidirlər.
Yazıların yoxlanması və müsabiqənin ölkə üzrə qaliblərinin obyektiv seçilməsi məqsədilə mütəxəssislərdən ibarət müsabiqə komissiyası təşkil ediləcək. 
Müsabiqənin ölkə üzrə qalibləri üçün aşağıdakı qaydada kvota müəyyən olunub:

I yer - 5 nəfər
II yer - 10 nəfər
III yer - 20 nəfər

Müsabiqə qalibləri tutduqları yerlərə görə müvafiq dərəcəli diplomlarla təltif ediləcəklər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə