Modern.az

İlham Əliyev: “Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır”

İlham Əliyev: “Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır”

15 Sentyabr 2018, 20:03

"Ölkəmiz ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edib. Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərib. Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır".


Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışı zamanı bildirib.

 

Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, əsrlərboyu xalqımızın bu torpaqlarda yaşayıb, yaratdığını qeyd edən dövlət başçısı mənfur qonşuların 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal etdiyini vurğulayıb: “İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir". 

 

Dövlət başçısı qeyd edib ki, bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. İlk dəfə olaraq, müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu respublikanı yaradan Azərbaycan xalqı olmuşdur. Ancaq gənc müstəqil Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. Bakı şəhəri və bir neçə başqa şəhər işğal altında idi. Azərbaycan hökuməti Gəncə şəhərində yerləşmiş və orada fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı