Modern.az

“Dostumuza” çevrilən texnoogiya – nələrə diqqət edilməlidir?

“Dostumuza” çevrilən texnoogiya – nələrə diqqət edilməlidir?

18 Sentyabr 2018, 09:03

Vətəndaşlara satılan mobil cihazların qeydiyyata alınması mobil rabitə sahəsində mövcud olan bir çox problemə qarşı təsirli mübarizə aparmaq imkanı yaradır.

 

Mobil telefonlar uşaqdan böyüyə hər kəs tərəfindən müxtəlif məqsədlər üçün ən çox istifadə olunan, ünsiyyəti sadələşdirən, işlərimizi dərhal həll etməyə yardım edən əvəzolunmaz alətlərdəndir. İstifadə sahəsi gündən-günə genişlənən bu cihazın faydalı üstünlükləri ilə yanaşı, yanlış məqsədlər üçün istifadə olunub digər bir şəxsə, hətta bir qrup insana, daha ümumiləşdirdikdə isə bütöv cəmiyyətə ziyan vurmaq potensialı var. Bu potensialı təhlükəsizləşdirən, mobil cihazları yalnız avantajları ilə bizlərə verən nəzarət mexanizmi nədən ibarətdir?

 

Mövzu ilə bağlı Modern.az qısa araşdırma aparıb.

 

Əvvəlcə, mobil cihazların satışından tutmuş istehlakına, vətəndaş hüquqlarını tapdalanmasına şərait yaradacaq təhlükələri nəzərdən keçirək.

 

İstifadə etdiyimiz bütün istehlak malları kimi mobil cihazlar da ilk olaraq, keyfiyyət standartlarına uyğun olmalıdır. Aldığımız mobil cihazların texniki parametrləri, keyfiyyət əmsalları ödədiyimiz məbləğə uyğun olmalıdır. Hər birimiz bu sahədə mütəxəssis ola bilməyəcəyimiz üçün bu xüsusiyyətləri bizim üçün yoxlayıb təsdiq edən vahid beynəlxalq sistem var. Bu danılmaz faktdır ki, modelini seçib gücünə bələd olduğumuz mobil cihazların ödənişini artıqlaması ilə etməyimizə baxmayaraq bir çox hallarda gözləntilərimizə uyğun çıxmır.

 

Mənşəyini, hansı şərtlər əsasında istehsal olunduğunu bilmədiyimiz telefonları alarkən bu sahədə qanuni fəaliyyət quran, yüzlərlə işçi işlədən, vergi və gömrük xərcləri ödəyən və ən əsası satdığı cihazın keyfiyyətinə zəmanətçi olan sahibkarların hüquqlarının pozulduğu nəzərimizdən yayınır. Məsələyə qlobal baxsaq, mobil cihazların ölkəyə qeyri-qanuni idxalı, qaçaqmalçılıq bütün dezavantajları ilə sosial mənfəətə zərər vurur.

Məhz yuxarıda sadalanan neqativ hallara nəzarəti həyata keçirmək üçün 2013-cü ildən ölkəmizdə mobil cihazların qeydiyyatı aparılır. Qeydiyyat zamanı mobil cihazın Beynəlxalq GSM Assosiasiyasının standartlarına uyğunluğu yoxlanılır. Tədarük etdiyimiz cihazın ödədiyimiz pula uyğunluğunu təmin edən bu standartlar texniki göstəricilərlə yanaşı insan orqanizmi üçün zərərli şüa yayan, material baxımdan keyfiyyətsiz mobil cihazların satışının qarşısını alır. Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) Beynəlxalq GSM Assosiasiyası tərəfindən təsdiq olunmayan o cihazların istehlakına icazə vermir.

 

Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) həmçinin, ölkə daxilində təhlükəyə çevrilən İMEİ kodların klonlaşdırılaraq yenidən satışının qarşısını alır. Mobil cihazın İMEİ kodu cihazın orjinallığını müəyyənləşdirən vasitədir, onun klonlaşdırılaraq satılması elə qaçaqmalçılıqla ölkəyə daxil olan mənşəyi naməlum cihazlar kimi yolverilməz haldır.

Mobil cihazların qeydiyyat sistemi itirilən və oğurlanan telefonların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanan mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Sistemin bu üstünlüyü mobil cihaz oğurluğunu aradan qaldırır.

Mobil cihazların qeydiyyata alınması alıcının hüquqlarını təhlükə qarşısında qoyan digər bir problemin, kreditdə olan telefonun üçüncü tərəfə satışının qarşısını alır. Sistemin bazasında yaradılmış proqram kreditlə alınmış (müvəqqəti istifadə) mobil cihazları qeyd etmək üstünlüyünü verir. Kredit yolu ilə alınmış və ödənişi tamamlanmayan mobil cihazı digər şəxsə satarkən cihaz aktivləşdirilən kimi həmin şəxsin nömrəsinə telefonun kreditdə olduğunu bildirən sms göndərilir. Beləliklə, alıcı aldığı telefonun müvəqqəti istifadədə olduğu barədə xəbərdar olur. Həmçinin, kreditin ödəniş vaxtı keçərsə və ya ödənişdən imtina olunarsa cihazı satan operator satdığı telefonu deaktiv edə bilər.

Digər tərəfdən fırıldaqçılıqla məşğul olan bu şəxsin kimliyi də sistemdə qara siyahıya düşür. Vahid bazada birləşən şirkətlər kreditə mobil cihaz satarkən axtarış sistemində həmin şəxsin qara siyahıda olduğunu görüb ona kreditə telefon vermirlər. Beləliklə, sistem müvafiq sənədlər əsasında həm alıcının, həm də satıcının hüquqlarını qoruyur.

 

Bəs mobil cihazlar qeydiyyatı necə təşkil olunur?

 

Mobil cihazların qeydiyyat sisteminin (MCQS) fəaliyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası”-na uyğun təşkil olunur.

Bir müddət əvvəl Nazirlər Kabinetinin növbəti qərarı ilə mobil cihazların qeydiyyatı reqlamenti təkmilləşdirilib. Həmçinin, kateqoriyalar üzrə mobil cihazın dəyərindən asılı olaraq ödənilməli dövlət rüsumu da öz təsdiqini tapıb:

 

Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat;

mobil cihazın bazar qiyməti,

100 ABŞ dollarına qədər olduqda 30 manat;

101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manat;

201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manat;

401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manat;

701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda 100 manat;

1001 ABŞ dollarından yuxarı olduqda 150 manat.

 

Bu tariflər toplum olaraq rəsmi qaydada ölkəyə idxal edilən cihazlara şamil olunmur. Qeyd edək ki, bu qərardan əvvəl vətəndaş iki simkartlı cihazlar üçün hər IMEI koda görə ödəniş edirdisə, bundan sonra iki IMEI kod qeydiyyata alınsa da, birinə görə ödəniş olunacaq.

 

Hər bir mobil cihazın IMEI nömrəsi şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır. Bu Qayda Respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni, onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.

 

Vətəndaş aldığı mobil cihazı imei.azsmartpay.az səhifələrinə daxil olaraq onlayn qeydiyyatdan keçirə bilər. Həmçinin, Şəbəkə Xidmət Mərkəzlərinə və poçt filiallarına da müraciət etmək olar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər