Modern.az

Bilgəh çimərliyində təmizlik - REPORTAJ

Bilgəh çimərliyində təmizlik - REPORTAJ

18 Sentyabr 2018, 13:33

Sentyabrın 15-də Bilgəh çimərliyində Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində genişmiqyaslı təmizlik aksiyası keçirilib.

 

 “Coca-Cola” şirkətinin təşkilatçılığı ilə keçirilən iməcilik Bilgəh çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədini daşıyıb.

 

Tədbirin təşkilatçıları "Coca-Cola", "Bakcell", "PAŞA Bank" şirkətləri, "ASAN Könüllülük Məktəbi"nin "Yaşıl ASAN" təşəbbüsüdür.

 

Aksiyanın partnyorları sırasında "ASAN Radio", "Xəzər TV", "AzEkol", AFFA, "Alliance Asisst Group", "Toyota" Bakı Mərkəzi, "Entreé" kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.

 

Aksiya “Xəzəri qoruyaq” şüarı altında Bilgəh çimərliyində keçirilib. Belə ki, 600-dən artıq insan sahilyanı ərazini 5 tona yaxın tullantıdan təmizləyib.

 

Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunublar.

 

Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 40 hektara yaxın ərazisi təxminən 32 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar "Ocean Concervancy" beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

 

“Coca-Cola” şirkətinin region üzrə ictimaiyyətlə əlaqələr meneceri Elşad Fərzəliyev Modern.az-a bildirib ki, hər il bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində yüz minlərlə könüllü dəniz hövzələrinin kənarlarında ekoloji aksiya keçirir.

 

“Azərbaycan 8 ildir ki, sözügedən beynəlxalq ekoloji tədbirin iştirakçısına çevrilib. Çimərlik mövsümü bitib, aksiya iştirakçıları bununla əlaqədar Bilgəh çimərliyində təmizlik işlərinə başlayıb. Layihənin əsas məqsədi insanları daha ətraflı məlumatlandırmaqla cəmiyyətdə sosial və ekoloji məsuliyyət anlayışını formalaşdırmaq, problemlərin aşkara çıxarılmasına kömək göstərmək və onların həll edilməsində ictimai fəallığı artırmaqdır”. 

 

Elşad Fərzəliyev qeyd edib ki, ildən-ilə aksiyaya qoşulan könüllülərin sayı artır:

 

“Əvvəllər layihəyə 200-300 nəfər qatılırdısa, hazırda bu rəqəm 600-ə yaxındır. Bunun da çoxunu könüllülər təşkil edir.  Könüllülər arasında, hətta əcnəbi qonaqlar  və diplomatlar da var. Ötən ildən fərqli olaraq bu il könüllülər tullantıları çeşidləmə üsulu ilə yığırlar. Əvvəllər bütün tullantıları bir yerə yığırdılarsa, bu il yeni ekoloji mədəniyyət sınaqdan keçirdirik. Belə ki, könüllülər müxtəlif rəngdə olan paketlərə kağızı, şüşəni, plastiki, orqanik məhsul qalıqlarını ayrı-ayrı yığırlar. Ümid edirik ki, görülən işlər əhali arasında ekoloji məsuliyyət hissini artıracaq və biz də təbiətə öz töhfəmizi vermiş olacağıq”.

 “Bakcell”in PR və korporativ kommunikasiyalar departamentinin rəhbəri Süheylə Cəfərova da bildirib ki, Beynəlxalq Sahilyanı Təmizlik Gününə dünyanın bir çox ölkələri qoşulur.

“Aksiya su hövzələrini tullantılardan təmizləmək və ətraf mühiti qorumaq məqsədi daşıyır. Biz 2014-cü ildən bu təşəbbüsə qoşulmuşuq. Tərəfdaş kimi ilk təşəbbüs “Coca-Cola” şirkətindən gəlib, “Bakcell” də bu addımı məmnuniyyətlə dəstəkləyib”.

 

S.Cəfərova qeyd edib ki,  “Bakcell”  Azərbaycanda mobil telekommunikasiya sektorunda bu təşəbbüsü dəstəkləyən ilk şirkətlərdən biridir.

 

“Əvvəllər bu aksiyaya qoşulan şirkətlərin, təşkilatların sayı barmaqla sayılacaq qədər az idi. Amma hazırda bu iməciliyə qoşulan gənclər kimi, şirkətlərin də sayında artım var. İldən-ilə aksiyaya qoşulan könüllülərin sırasında ailələrin də əhəmiyyətli artımı müşahidə olunur. Bu layihənin bir sıra üstünlükləri var. Belə ki, insanların vaxt keçirmək, sosiallaşmaq, daha çox insan tanımaq, təmiz havada gəzmək və ətraf mühit problemlərinin həllinə birlikdə çalışmaq üçün gözəl fürsətdir”.

 

S.Cəfərova bu aksiyanın insanların ətraf mühitə münasibətini dəyişmək üçün gözəl təbliğat kampaniyası olduğunu vurğulayıb: “Əvvəllər aksiyaya könüllülərin cəlb olunması üçün daha çox informasiya verməyə çalışırdıq. Artıq insanlar bilir ki, sentyabrın 15-20 arası həftəsonu ətraf mühitin təmizlənməsi təşəbbüsü var. Müsbət haldır ki, gənclər özləri aksiyaya qoşulmağa maraq göstərirlər”.

Aksiyanın partnyorlarından biri "Toyota" Bakı Mərkəzinin nümayəndəsi Yusif Hüseynov da iməciliyə ailəsi ilə birlikdə qoşulub: “Çalışıram ki, övladlarım Azərbaycanda tranzit bir insan kimi yetişməsinlər. Yəni, onlar böyüyüb harasa getmək məqsədindən olmasınlar. Çimərlik mövsümü bitəndən sonra insanların öz ölkəsinə nə qədər pis yanaşdığını görmək olar”.

 

 “Xəzəri qoruyaq” aksiyası çərçivəsində iməciliyə  qoşulan yeniyetmə və gənclər öz fikirlərini bizimlə bölüşdülər.

 

Aksiyaya qoşulan Əli İbrahim mütəmadi bu aksiyaya qoşulduğunu deyib:

 

“Aksiya çərçivəsində bir çox insanlarla tanış oldum. Bu gün gördüyüm mənzərə qarşısında təəssüf hissi keçirdirəm. İnsanlar təbiətin qorunmasına laqeyd yanaşırlar. Təbiət evimizdir, əgər insan öz evini qorumasa, necə yaşa bilər, gələcək nəsillərə nə ötürə bilər?!  Qaneedici olmasa da, bir çox ölkələrdə bununla bağlı təşviqat işləri aparılır. Təbiəti qorumağa kütləvi şəkildə əməl olunmalıdır”.

 

Təşkilatçılara təşəkkürünü bildirən Ə.İbrahim  bu layihənin davamlı olmasını arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir