Modern.az

Ayaz Mütəllibov: “Sabitliyi daha üstün tutdum və 19 ildir bunun əzabını çəkirəm”

Ayaz Mütəllibov: “Sabitliyi daha üstün tutdum və 19 ildir bunun əzabını çəkirəm”

Müsahibə

11 Oktyabr 2011, 11:34

Rusiya paytaxtı Moskvada yaşayan Azərbaycanın keçmiş prezidenti, Sosial Demokrat Partiyasının həmsədri Ayaz Mütəllibov “Media forum” saytına müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.

- Bu il avqustun 8-də oğlunuz Azad Mütəllibovun yasında iştirak üçün Azərbaycana gəlib 40 gün Bakıda qaldınız. Bildirmişdiniz ki, Azərbaycana gəlmək üçün prezident İlham Əliyevə müraciət etmisiniz və buna müsbət cavab verilib. Prezidentə nə yolla müraciət etmişdiniz?

- Xəstə olduğu müddətdə oğlumu görə bilmədim və onun sağ nəfəsinə çatmadım. Ölümündən bir necə gün əvvəl ailə üzvlərim dedilər ki, vəziyyəti son dərəcə ağırlaşıb. Azərbaycana qayıtmağım, oğlumla vidalaşmağa şərait yaradılması üçün prezidentə üz tutmağa məcbur oldum. Vasitəçi də vardı - ASDP həmsədri Araz Əlizadə. Ondan başqa vasitəçi olmayıb.

Prezident İlham Əliyev böyük humanistlik nümayiş etdirib mənim müraciətimə dərhal reaksiya verdi və Azərbaycana qayıtmağıma şərait yarandı. Mən bunu insani münasibət hesab edirəm.

- Müraciətinizə nə qədər vaxta cavab verildi?

- Çox qısa müddətdə.

- Bakıda 40 gün qalmaq variantını kim irəli sürmüşdü?

- Bu mənim xahişim idi. Prezidentə müraciətdə xahiş etmişdim ki, Bakıda qırx mərasiminə qədər qalmağıma imkan verilsin.

- Oğlunuzu sonuncu dəfə nə vaxt görmüşdünüz?

- Əvvəllər Moskvaya gəlirdi... Son illərdə isə xəstəliyinə görə gələ bilmirdi... Sonuncu dəfə bir necə il əvvəl görmüşdüm.

- Mühacirətdə olduğunuz 19 il ərzində daha çox haraları görmək ürəyinizdən keçirdi? Bakıda olduğunuz müddətdə həmin yerlərə gedə bildinizmi?

- Ən çox Bakını, şəhərin mərkəzini, ətrafını, qəsəbələrini görmək istəyirdim. Təəssüf ki, şəhəri gəzə bilmədim. Belə bir niyyətim də yoxudu. Çünki bütün ailəmiz matəm içindəydi. Qaldığım Mərdəkan qəsəbəsindən oğlumun dəfn olunduğu Yasamal qəbiristanlığına gedəndə şəhərə baxa bilirdim...

Bakı çox dəyişib. Mən bunun şahidi oldum. Bakının bu qədər genişləndiyi, inkişaf etdiyi təsəvvürümə gəlmirdi. Bir azərbaycanlı kimi çox şadam ki, ölkəmin paytaxtı belə inkişaf edib.

- Bakıda sizə daha çox kimlər baş çəkdi? Elə adamlar vardımı ki, onların gəlişinə təəccübləndiniz?

- Xeyli insan gəldi. Hakimiyyətdə olduğum dövrdə vəzifəyə təyin etdiyim xeyli insan yanıma gəldi. Amma onların mənə baş çəkmələrinə qətiyyən təəccüblənmədim. Rəhim Hüseynovla telefonla danışırdıq, müxtəlif ölkələrə gedəndə və Moskvadan keçəndə zəng edib halımı soruşurdu. İlyas İsmayılovla əlaqəmiz vardı, Moskvada olanda bir dəfə görüşmüşük. Başqaları ilə də bir-birimizə salamımızı çatdırırdıq, zəng edənlər olurdu. Bu da təbii bir haldır. Çünki heç kimə pislik etməmişəm.

Azərbaycanda həmişə hakimiyyətdə olan şəxsə başqa münasibət var. Hakimiyyətdə olan insana salam verən, ona yaxın olmağa çalışan insanlar çoxdur. Vəzifədən gedəndən sonra isə üz döndərirlər, yada salmırlar, salam vermirlər. Bu ənənədən uzaqlaşmaq lazımdır. Çünki belə olanda millət parçalanır. Bu, yaxşı hal deyil.

Məni ziyarət edənlər isə bunu səmimi niyyətlə, dərdimə şərik olmaq üçün edirdilər. Hətta vaxtilə müxalifim olan insanlar da gəlmişdi. Onlara da təşəkkür edirəm.

- Azərbaycanı iki dəfə tərk etmək məcburiyyətində qalmısınız – 1992-ci və 2011-ci ildə. Nə kimi fərq vardı bunlar arasında?

- Mən dəfələrlə demişəm ki, Azərbaycana qayıtmağım sabiq prezidentlərin statusunu müəyyən edən qanunun qəbulundan asılıdır. Kiminsə qəbul edib-etməməsindən asılı olmayaraq mən Azərbaycan prezidenti olmuşam.

Qanunun qəbul olunmasını gözləyirdim, amma oğlumun ağır xəstələnməsi və uzun sürən xəstəlikdən sonra vəfat etməsi fikrimi dəyişdi. Ona görə də vətənə qayıtmaq və oğlumu son mənzilə yola salmaq üçün prezident İlham Əliyevə müraciət etdim. Yəni müraciət üçün səbəb vardı.

Bakıda olduğum müddət mənim üçün matəm günləri idi... Mən bunu qətiyyən siyasətə çevirmək istəmirdim və çevirmədim də. Təəssüf ki, Azərbaycana qayıtmağımı siyasiləşdirmək istəyənlər oldu, bəzi mətbuat orqanları buna cəhdlər etdilər. Bu da acınacaqlı haldır. Hətta bəzilərinə ağız açmaq məcburiyyətində qaldım ki, imkan verin, mətəm günlərimi Bakıda keçirim. Onlara izah etdim ki, Bakıya qayıtmağımın yeganə məqsədi oğlumla vidalaşmaqdır və əgər bu faciə baş verməsəydi, Azərbaycana gəlməzdim, qanunun qəbulunu gözləyərdim...

Ölkəni tərk etməyim də məcburiyyətdən daha çox əvvəldən əldə olunan razılıq əsasında atılan addım idi.

1992-ci ildə isə vəziyyət tamamilə başqa idi. Elə bir vəziyyət yarandı ki, ölkədən getməyə məcbur oldum. Mən devrilmişdim. Vəzifədə qalmaq imkanım da vardı. Konstitusiya çərçivəsində bunu edə bilərdim, qanunun icazə verdiyi formada güc tətbiq edərdim, hakimiyyəti qorumalı olan silahlı qüvvələrin gücündən istifadə edə bilərdim. Ancaq buna razı olmadım. Dövlətin, xalqın əmin-amanlığını, sabitliyini daha üstün tutdum və hakimiyyətdən getdim. 19 ildir bunun əzabını çəkirəm, mühacirət həyatı yaşayıram. Özümü qurban vermişəm. Amma buna da hünər, ürək lazımdır. Bu da hər adamın işi deyil...  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır