Modern.az

“Xoşbəxt Yusifzadə bütün neftçilərin atası ola bilmədi” - Məşhur neftçinin MÜSAHİBƏSİ

“Xoşbəxt Yusifzadə bütün neftçilərin atası ola bilmədi” - Məşhur neftçinin MÜSAHİBƏSİ

20 Sentyabr 2018, 17:59

Nuru Mustafayev: “50 il Neft Daşlarında can qoymuşam”

“Mən indiyədək heç kimin “papkasını" daşımamışam”

20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib.

Bu görüşdən sonra hər il 20 sentyabrda Azərbaycan Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivləri ilə görüşləri mütəmadi xarakter alıb. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabrın hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.


Modern.az
saytı ələmatdar günlə bağlı 82 yaşlı qocaman neftçi, fəhləlikdən rəhbər vəzifəyədək yüksələn Nuru Mustafayevlə həmsöhbət olub.

 

- Nuru müəllim, bayramınız mübarək. Belə bir əlamətdar gündə ömrünün yarım əsrini Neft Daşlarına həsr edən sizin kimi qocaman neftçi ilə həmsöhbət olmaq bizim üçün çox maraqlıdır. Bizə Neft Daşlarındakı fəaliyyətinizlə bağlı məlumat vermənizi istərdik.

 

- Təşəkkür edirəm. Mən 1959-cu ildə universiteti bitirdikdən sonra təyinatla Neft Daşlarına göndərilmişəm. 2008-ci ilə qədər də bu sahədə müxtəlif vəzifələrdə çalışmışam. 2008-ci il sentyabrın 1-də öz ərizəmlə işdən azad olunmuşam. 50 ilə yaxın Neft Daşlarında can qoymuşam. Fəhləlikdən direktor müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışmışam. 25 ildən çox Mərkəzi Mühəndis Texniki Xidmətinin rəhbəri olmuşam. 1 il müddətinə Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışmışam. Amma sonradan gördüm ki, istehsalat mənə daha yaxındır.

1959-cu ildən 2008-ci il sentyabrın 1-nə kimi neftin çıxarılmasında bilvasitə iştirak etmişəm. 2 milyardlıq neftə görə mükafatlandırma keçirildi. Təvazökarlıqdan uzaq olsa da deyim, bəlkə də yoxlasalar, neft çıxarılmasında məndən çox iştirak edən adam yoxdur. O vaxt ən çox neft verən Neft Daşları idi. İndi neft çıxarılan yataqlar çoxdur. Əfsuslar olsun ki, həmin mükafatlandırmada qocaman neftçiləri yada salmadılar. Bu şikayət, üsyan deyil. Elə bilməyin ki, mən üsyankar adamam.

 

- Amma bir az incik, bir az da küskün danışırsız. “Uman yerdən küsərlər” deyib atalar, kimdəndir küskünlüyünüz?

 

- Mən Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm. O vaxt Xoşbəxt Yusifzadə Tədqiqat sexinin rəisi işləyirdi. Sonra I Mədəndə geoloq, Neft Daşlarında baş geoloq işlədi. Ona qədər bu vəzifədə Səmədov idi. Çox yüksək səviyyəli mütəxəssis, həm də yüksək keyfiyyətli insan idi. O dünyasını dəyişəndən sonra vəzifəyə Xoşbəxt Yusifzadə gəldi. Mənim onun peşəkarlığına zərrə qədər də şübhəm yoxdur. Amma bəzi məqamlara incik düşməyə bilmirəm. Günlərin birində Xoşbəxt müəllimlə görüşmək istəyirdim. Onun kabinetinin qabağında oturan katibəsi mənə o qədər kobud və ləyaqətsiz münasibət göstərdi ki, bir daha Xoşbəxt müəllim tərəfə getmədim. Xoşbəxt müəllimlə görüşmək istədiyimi bildirəndə, katibəsi mənə dedi ki, “Xoşbəxt müəllim tapşırıb ki, heç kəsi buraxmayım”.

Bu sözlər mənə çox pis təsir etdi. O katibə öz vəzifəsinin icrasını da düzgün yerinə yetirə bilmədi. Dedim zəhmət olmasa deyin, Nuru gəlib. Dedi “deyə bilmərəm”. Çox əsəbiləşdim. Orada polis vardı, məni sakitləşdirməyə çalışdılar. Dedim axı belə münasibət olmaz. Nə isə...

 

- İllərlə bir yerdə çalışdığınız Xoşbəxt Yusifzadənin əlaqə nömrəsi yox idi ki, birbaşa özü ilə əlaqə saxlayasız?

- Onun əlaqə nömrəsi yoxdur məndə. Məndə olmayan nömrəni də başqa adamdan alıb kimisə narahat etmək istəmirəm.

- Xoşbəxt Yusifzadəylə görüşmək istəyiniz nəylə bağlı idi, işlə, yoxsa sadəcə illərin həmkarı kimi söhbətləşmək istəyirdiniz?

- Qətiyyən işlə bağlı deyildi. Mən indiyədək heç kimin “papka”sın daşımamışam, heç kimin də ətrafında fırlanıb, hansısa məqsədlər üçün gəzməmişəm. Mən orta məktəbi, universiteti əla qiymətlərlə bitirmişəm. İşimin öhdəsindən də beləcə məsuliyyətlə gəlmişəm. İşlədiyim 50 ilə yaxın müddətdə medallar, mükafatlar, təltifnamələr almışam. Heç vaxt töhmətim olmayıb. Hətta bir xəbərdarlıq da etməyiblər.

- Onda nümunəvi işçi olmusunuz...

- Bunu mən deyə bilmərəm. Əmək kitabçam indi də durur. İnanmayan ona da baxa bilər. Neft Daşlarında işləyənlərin əksəriyyəti qəhrəmandır. Ailədən, uşaqlarından aralı, günlərlə, bəzən aydan çox evindən uzaq qalırlar. Neftçi olmaq çox çətindir.

- Nuru müəllim, əvvəlki dövrlə indiki dövrün neftçilərini müqayisə edəndə hansı qənaətə gəlirsiniz? Ümumiyyətlə, o vaxt neftçilərin şəraiti necə idi?

- 1959-1960-cı illərdə ikimərtəbəli yataqda yatırdıq. Elə vaxt olurdu gəmi gələ bilmirdi, həftələrlə su olmurdu, məcbur olub dəniz suyu içirdik. Hökumət Evinin qabağından gəmiylə 6 saata Neft Daşlarına gedirdik. Mən yenə deyirəm indi də, əvvəl də dənizdə işləyənlərin hamısı qəhrəmandır.

 

- 2015-ci ildə əsən güclü külək səbəbilə Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusu qırıldı, nəticədə boru kəməri zədələndi və şiddətli yanğın baş verdi. Bu hadisə unudulmamış - bir il sonra “Azneft” İstehsalat Birliyinin Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakada uçdu. Nəticədə onlarla neftçi itkin düşdü. Uzunmüddətli axtarışlardan sonra bəzilərinin meyitləri tapılaraq, ailələrinə təhvil verildi. Həyatını Neft Daşlarına həsr etmiş şəxslərin təhlükəsizliyinin bu şəkildə qorunması qocaman neftçi kimi sizi qane edirmi? Sizin işlədiyiniz dövrlərdə də belə hallar olurdumu?

 

- Həmin illərdə mən iş başında olmamışam. Amma ilini dəqiq xatırlamıram, mən işlədiyim vaxtlarda “Palçıq təpəsi”ndə, II Mədən sahəsindəki estakadalar, 415-ci, 915-ci meydançalar uçub, yoldaşlarım gözümün qarşsında dənizdə boğulub. Onlara kömək edə bilməmişəm. Siz qeyd etdiyiniz qəzaları görməsəm də, onların nəticələrindən, rəsmilərin bu hadisələrə biganəliyindən dəhşətə gəlmişəm. 2015-ci ildə yanğın baş verən “Günəşli” yatağında birinci quyusunun mənimsənilməsində mən iştirak etmişəm. Doğurudur, hazırda Neft Daşlarında çalışan yoldaşlarla görüşürəm. Amma şəxsən indiki vəziyyətlə tanış deyiləm. Onların dediklərindən anlayıram ki, indi bizim dövrümüzə nisbətən vəziyyət daha yaxşıdır. Mən o vaxt 600 manat alırdım, amma indi çalışanlar 3 min manat alır. Elə maaşdan vəziyyətin keçmişə nisbətən düzəldiyini demək olar. Amma təbii ki, problemlər qalmaqdadır. Bizim dövrümüzdə işlər indikindən beş dəfə də çətin idi. 

Amma “Günəşli” yatağı və Nərimanovdakı yanğından sonra məsul vəzifədə olanların verdiyi açıqlamalarına baxanda çox utandım. Hətta Xoşbəxt Yusifzadə televiziyaya müsahibə də verdi. Xoşbəxt Yusifzadə deyirdi ki, “biz təcrübə öyrənirik. 1957-ci ildə də estakada uçanda gördük ki, 12 metrlik estakada bizə yaramır, hündürlüyünü artırdıq. İndi də görürük belə oldu, gələcəkdə dəyişiklik edəcəyik”. Bilirsiz, Xoşbəxt Yusifzadə öz sahəsinin bilicisidir, peşəkardır. Amma bu sözləri deməyə məcbur deyildi.

İndi baş mühəndis işləyən məsul şəxslərdən biri də qəza vaxtı deyirdi ki, “Nərimanovda köşkü təmir etdirmişik”. Bu açıqlama çox gülüncdür eyy. Köşkdə də adam yaşayar?! Harada görünüb bu? Dedilər “yanğın olub, bu gecə söndürəcəyik”. 5 ay keçdi, yanğını söndürə bilmirdilər. O sözə görə, həmin baş mühəndis vəzifəsindən göndərilməli idi. Bu neftçiləri təhqir etməkdir, belə münasibət olmaz. Efirə çıxan, mətbuata danışan adam düzü deyə bilmirsə, heç olmasa susmağı bacarmalıdır. Heç olmasa etiraf etsin ki, bacarmamışıq, səhv etmişik.

- Təəssüf ki, əksəriyyət səhvi heç vaxt etiraf etmir. Ən böyük bəlamız da budur...

- Bəli, insan özünü anlamırsa, öz səhvini etiraf edə bilmirsə, cəmiyyətin nümayəndəsi ola bilməz. Kiminsə dərdini anlaya bilməz. Mirzə Ələkbər Sabir deyirdi ki,

Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü-bədi eyləyim izhar, yazım.

Günü parlaq, günüzü ağ, gecəni tar yazım,

Bədi bəd, əyrini əyri, düzü həmvar yazım.

 

Mən düşünürəm ki, vəzifəsindən asılı olmayaraq, hamı həqiqətə xidmət etməlidir. Jurnalist o demək deyil ki, hamını pisləməlidir. Pisə, əyriyə göz yummaq olmaz. Düzdür, bəzi çərçivələr var. Amma insanın qabağına qoyulan şərtdən başqa, daxili vicdanı da olmalıdır. O vicdanının səsinə qulaq asmağı bacarmalıdır. İnsafını itirməməlidir. İnsan ağzıma aldığım sözün məsuliyyətini dərk etməlidir.

 

- Nuru müəllim, övladlarınızdan, nəvələrinizdən bu çətin peşənin davamçısı varmı?

- Yoxdur. Heç razı da olmaram. Bir qızım, iki nəvəm var. Qızımın dünən ad günü idi. İki də gözəl nəvələrim var. Oğlan altıncı, qız 1-ci sinifdə oxuyur.

- Maraqlıdır, amma özünüz neftçi olmusuz. Bəs haradan yaranmışdı sizdə neftçiliyə bu maraq?

 

- Mən özüm 1936-cı ildə Tovuzda doğulmuşam. Heç dəniz görməmişdim. Düzdür, çox şərəfli peşədir. Amma mən ki o əziyyətləri görmüşəm, heç vaxt ailəmdəkilərə rəva bilmərəm o çətinlikləri yaşasınlar. İnanın Mədən müdiri işləyən vaxtda 47 gün dənizdə qalmışam, çıxa bilməmişəm.

 

- Nuru müəllim, o dövrdə hansı məşhur neftçilərlə bir yerdə çalışmısınız?

 

- Mən korifeylərlə işləmişəm. Hacıyevlə, Bəxtiyar Məmmədovla, Xoşbəxt Yusifzadə ilə. Xoşbəxti çox yüksək səviyyəli mütəxəssis sayıram. Amma sifarişlə dost-tanışına hörmət edir. Gərək Xoşbəxt bütün neftçilərin atası olsun. Bu xüsusiyyəti görümürəm onda. Mən bunu özümə görə demirəm. Yaşadığımı yaşamışam, gördüyümü görmüşəm. Heçnədə də gözüm yoxdur. İstəyirəm ki, insanlar üzügülər olsun, yaşamaq üçün çalışsın, işi üçün can yandırsın. Amma evinə, ailəsinin yanına gələn də də utanmasın.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir