Modern.az

Almaniyaya köçən azərbaycanlı jurnalistin keçmiş həyat yoldaşı ondan şikayət etdi  

Almaniyaya köçən azərbaycanlı jurnalistin keçmiş həyat yoldaşı ondan şikayət etdi   

21 Sentyabr 2018, 10:20

Bir neçə il öncə Azərbaycandan Almaniyaya mühacirət etmiş jurnalist, “Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyevanın keçmiş həyat yoldaşı Amil Qurbanov ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Amil Qurbanov keçmiş həyat yoldaşı ilə bağlı şikayət məktubunu həm də Almaniyanın Bakıdakı səfirliyinə ünvanlayıb.

Məlumatı Modern.az-a şikayətçi Amil Qurbanovun özü bildirib.

Onun sözlərinə görə, 2003-cü ilin 28 oktyabrında Röya Rəfiyeva ilə rəsmi nikaha girib. Cütlüyün bu nikahdan 2005-ci ildə oğlu Şakir, 2010-cu ildə isə digər oğlu Amin dünyaya gəlib. Lakin gənc ailənin nikahı uzun sürməyib və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli qətnaməsilə onlar  boşanıblar. Məhkəmə uşaqları analarının himayəsində saxlayıb.

Amil Qurbanov bildirib ki, nikahları pozulsa da, Bakıda övladları ilə görüşür, onlarla ünsiyyətdə olurmuş. Amma bir müddət sonra bundan məhrum olub:

“Röya Rəfiyeva mənə müraciət edərək, uşaqları müayinə və müalicə olunmaları üçün İrana aparmaq istədiyini və buna görə mənim notariual təsdiqli razılığım tələb olunduğunu bildirdi. Bunun üçün məndən ona etibarnamə verməyimi istədi”.

Amil Qurbanov bildirib ki, o, keçmiş xanımının müraciəti əsasında ona gərəkən etibarnaməni verib:

“Bundan istifadə edən Röya Rəfiyeva uşaqları Almaniya Federativ Respublikasına aparıb. Bu səbəbdən də mən artıq neçə ildir övladlarımı görə bilmirəm”.

A.Qurbanov şikayət məktublarında Röya Rəfiyevanın müxalifyönümlü şəxs olduğunu, onun Almaniyada yaşamaqla sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti əleyhinə çıxışlar etdiyini, ölkəninin imicinə zərbə vurduğunu da bildirib. O, buna görə hüquq-mühafizə orqanlarından keçmiş həyat yoldaşına cinayət işi açılmasını istəyib.

Modern.az saytının əməkdaşı məsələ ilə bağlı hazırda övladları ilə birgə Almaniyada yaşayan Röya Rəfiyevanın da mövqeyini öyrənib. Jurnalist keçmiş həyat yoldaşının şikayətlərindən vəkili vasitəsilə xəbərdar olduğunu deyib. O, Amil Qurbanovun iddiaları ilə razılaşmadığını vurğulayıb:

“O, boşandıqdan sonra uşaqlarla demək olar ki, maraqlanmayıb. İndi niyə uşaqlarla maraqlanır, onları geri istəyir ki?”.

R.Rəfiyeva A.Qurbanovu uşaqlarına aliment verməməkdə də ittiham edib.

“Biz rəsmi şəkildə boşandıqdan təxminən üç il sonra Almaniyaya gəlmişəm. Bu müddətdə uşaqlar ancaq mənim himayəmdə olub və atası heç bir maddi vəsait ödəməyib, onların ehtiyaclarını qarşılamayıb. Buna görə indi onun uşaqlarını istəməyə haqqı yoxdur” deyən Röya Rəfiyeva haqqında cinayət işinin açılması tələbinin məntiqsiz olduğunu da qeyd edib.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?