Modern.az

Neft BAHALAŞIR- Büdcədə pul ARTIR

Neft BAHALAŞIR- Büdcədə pul ARTIR

25 Sentyabr 2018, 09:17

OPEK və bu təşkilata üzv olmayan ölkələrin son birgə toplantısında hasilatın artırılması ilə bağlı qərarın qəbul edilməməsinə qlobal neft bazarı qısa zamanda reaksiya verdi. Brent markalı neftin bir barelinin dünya bazar qiyməti 2015-ci ildən sonra ilk dəfə olaraq 80 dollarlıq psixoloji həddi keçib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, bu, Azərbaycan neftin hər barelinin 80 dollardan daha baha satılması deməkdir:

 

“Bir tərəfdən OPEK+ razılıq əldə edə bilmədi, digər tərəfdən isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar qobal təklifin gündəlik 1.1 milyon barel azalmasına səbəb olur. Bu isə tələb və təklif arasında fərqin genişlənməsinə və nəticədə neftin dünya bazar qiymətində artımlara gətirib çıxarmaqdadır.

OPEK-in son toplantasından sonra JP Morgan Brent markalı neftin hər barelinin qiymətinin yaxın zamanlarda 90 dollara çatacağını proqnozlaşdırıb. Digər tərəfdən isə, dünya üzrə ümumi iqtisadi tempinin bir müddət öncə azaldılmasına rəğmın neftə tələbin artması müşahidə edilməkdədir.

 

Xüsusən, Çin və Hindistanda neftə tələbin artması qeydə alınır. Növbəti 20 ildə isə neftə olan tələbin gündəlik 14.5 milyon barrel artacağı proqnozlaşdırılır ki, bu da 2040-ci ildə gündəlik 111.7 milyon barel istehlak deməkdir”.

Ekspertin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın tvitləri də artıq neft bazarına təsir göstərmir:

 

“Əslində bu tvitlərdə məqsəd qiymət azalmalarına nail olmaqdan daha çox, Birləşmiş Ştatlar Administrasiyasının yüksək qiymətlərdən heç də məmun olmadığını nümayiş etdirməkir. ABŞ neftin qiymətinin stabilləşdirilməsi üçün tvitlərdən başqa real heç bir addım atmaqda maraqlı görünmür. Sanksiyalara məruz qalan İran isə OPEK toplantısından öncə yeni razılaşmaya imkan verilməyəcəyini bəyan etdi və buna da nail ola bildi. 300 milyard bareldən çox neft ehtiyatları ilə dünyada ən zəngin neft rezervinə malik olan Venesualada isə iqtisadi böhran neft sektorunu da bürüməkdədir. ABŞ-ın mesajlarına dəstək olan Səudiyyə Ərəbistanı isə bu ilin dekabr ayında keçiriləcək OPEK-in növbəti toplantısında hasilatın artırılması ilə bağlı qərar qəbul etməyə çalışır.

 

Azərbaycanın gündəlik neft ixracatının 641 min barel olduğunu nəzərə aldıqda, qiymətin 10 dollar atması konsursium daxil olmaqla ölkə üçün 6 milyon 410 min dollar gündəlik gəlir deməkdir. Bu vəsaitdən xərc çıxılandan sonra qalan mənfəətin 75 faizi ölkəmizə çatır. Göründüyü kimi, neftin dünya bazar qiymətindəki artımlar Azərbaycan üçün əlavə valyuta daxil olmaları deməkdir.

 

Bununla belə, bu ilin noyabr ayı neft bazarı üçün əhəmiyyətli olacaq. Həmin ay ABŞ-da aralıq seçkilər keçirilir və bu seçim nəticəsi hətta Ağ Evdə belə dəyişikliklərə səbəb ola bolər. Digər tərəfdən isə, ABŞ noyabradək İrandan neft idxalını dayandırmayanlara sanksiya tətbiq etməyi planlaşdırır. Göründüyü kimi, dünya neft bazarında qlobal oyun qaydalarına yenidən dəyişikliklər edilir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi