Modern.az

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları

26 Sentyabr 2018, 00:27

Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova Luqano şəhərinin meri Marko Borradori ilə görüşüb. Səfirlikdən Modern.az-a verilən məlumata görə, görüş zamanı səfir həmsöhbətini Azərbaycan və İsveçrə arasında mövcud olan ikitərəfli əlaqələr, iqtisadi tərəfdaşlıq sahəsində əldə olunan nailiyyətlər barədə məlumatlandırıb. Həmçinin, İsveçrənin ali icra orqanı olan Federal Şuranın üzvü (rotasiya qaydasında prezident), federal iqtisadiyyat naziri Yohan Şnayder Ammanın səfirliyin dəstəyi ilə cari ilin iyulunda Bakıya etdiyi səfərin ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə barədə məlumat verilib. Eyni zamanda, cari ilin oktyabr ayında Bakı və Cenevrə şəhərləri arasında birbaşa hava reyslərinin açılmasının iqtisadi və turizm əlaqələrinin daha da inkişafına töhfə verəcəyindən əminlik ifadə olunub. Səfir iki ölkə arasında əlaqələrin intensivliyini və hərtərəfliliyini nəzərə alaraq, Azərbaycanın və İsveçrənin şəhərləri arasında da birbaşa əlaqələrin qurulmasının vacibliyinə diqqət çəkib və bu kimi əlaqələrin ölkələr arasında ümumi tərəfdaşlığa, insanlar arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirib. Bundan başqa, iki ölkənin müvafiq qurumları arasında turizm sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanmağa hazır olduğu qeyd edilib və Azərbaycanın ali təhsil müəssisələri haqqında qarşı tərəfə məlumat verilib.

 

Luqano şəhərinin meri Marko Borradori, öz növbəsində, Azərbaycanın və İsveçrənin şəhərləri arasında təmasların yaradılması ideyasına müsbət yanaşaraq, xüsusən iki ölkənin təhsil ocaqları arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi vəd edib.

 

Görüşdə tərəflər arasında turizm və iqtisadiyyat sahələrində də konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsi barədə razılığa gəlinib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır