Modern.az

YAP Lerik rayon təşkilatının yaranmasının 25-ci ildönümü qeyd olunub - FOTO

YAP Lerik rayon təşkilatının yaranmasının 25-ci ildönümü qeyd olunub - FOTO

Aktual

26 Sentyabr 2018, 18:10

Lerik Rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev,  YAP mərkəzi aparatının məsul əməkdaşı Emil Abasov, YAP Lerik rayon təşkilatının fəal üzvləri, rayonun hüquq mühafizə orqanların, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.

Sonra tədbir Lerik Rayon Mədəniyyət Mərkəzində davam etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev tədbir iştirakçılarını əsası ulu öndər, xalqımızın ümummilli lideri  Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanın çağdaş siyasi tarixində mühüm rol oynayan Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının  yaranmasının 25 illik yubileyi münasibəti ilə təbrik edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşiyev geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası xalqı ciddi şəkildə narahat edən məsələlərin həllinə nail olmaq istəyindən meydana gəlmişdir. Ümummilli lider Heydər Əliyev partiyanın II qurultayında demişdir: “YAP o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafeyinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq yaranmış bir partiyadır.”

Azərbaycanın taleyini, müstəqilliyimizin itirilmək təhlükəsini düşünən bir qrup ziyalı 1992-ci il oktyabrın 16-da Yeni Azərbaycan Partiyasını yaratmaq və ona rəhbərliyi öz üzərinə götürmək xahişi ilə Heydər Əliyevə müraciət  etdilər. Müraciətdə deyilirdi: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək mexanizmə malik bir siyasi partiya yaratmağa qadirsiniz. Biz, həm öz adımızdan, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd, əslində bütün xalqın arzu və istəyini ifadə edirdi. Heydər Əliyev oktyabrın 24-də ziyalılara göndərdiyi cavabında yeni yaradılacaq  partiyaya rəhbərlik etməsi barədə  müraciəti qəbul etdiyini bildirdi. Dahi şəxsiyyət Heydər Əliyevin “91-lərin müraciətinə” cavabının mətbuatda dərc olunması ilə Yeni Azərbaycan Partiyasının yaranması prosesi başlandı, minlərlə insan taleyini bu partiya ilə bağlamaq arzusunu açıq ifadə etdi. Lakin, heç bir hakimiyyət iddiası nümayiş etdirməyən və qarşısına belə bir məqsəd qoymayan partiyanın təsis konfransının Bakı şəhərində keçirməyə o vaxtkı iqtidar icazə vermədi. Yeni Azərbaycan Partiyası blokada şəraitində yaşayan Naxçıvanda yarandı. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Xalqın və zamanın tələbi ilə yaranan YAP Heydər Əliyevin rəhbərliyi altında çox böyük tarixi yol keçərək Azərbaycanın inkişafı, müstəqil dövlət kimi formalaşması üçün bir sıra çətinlikləri aradan qaldırdı, xalqın birlik simvoluna çevrildi. Qısa vaxt ərzində Heydər Əliyevin partiyası adlanan və xalq tərəfindən sevilən YAP-nın respublikanın bütün bölgələrində ilk təşkilatları yarandı. 20-21 dekabr 1999-cu il YAP-nın birinci qurultayında Heydər Əliyev öz çıxışında çox aydın şəkildə qeyd etmişdir: “Partiyanı bir adam yox, o illərdə Azərbaycanın ağır vəziyyətini görən, buna dözə bilməyən və bu ağır vəziyyətdən çıxış yolunu axtaran insanlar və xüsusən ziyalıların hamısı birlikdə yaradıblar.”

Demokratiyanın atributlarından olan seçki kompaniyaları hər bir cəmiyyətin inkişafının əsas meyarlarındandır.  Azərbaycanın müstəqillik tarixində  böyük seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası  iqtidara gəldiyi 1993-cü ildən bu günədək keçirilmiş 6 Prezident, 5 parlament, 5 bələdiyyə seçkilərinin hamısında qalib gəlmiş, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə 3 referendum (ümumxalq səsverməsi) müvəffəqiyyətlə keçirilmişdir. 2018-ci ilin aprel ayında keçirilən növbədənkənar Prezident seçkilərində də bütün xalqımız və həmişə Heydər Əliyev siyasətinə sadiq olan leriklilər ümummilli liderin siyasi kursunun layiqli  davamçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləmişdir.

Cənab Prezidentin  regionlara, o cümlədən Lerikə olan qayğı və diqqətinin hər birimiz canlı şahidiyik. Cənab Prezidentin rayonumuza tarixi səfərləri, rayonumuzun inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlar əhalimiz tərəfindən razılıqla qarşılanır.  Respublikanın hər yerində olduğu kimi rayonumuzda da sürətli inkişaf hər bir leriklini sevindirir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” rayonumuzda uğurla icra edilir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda yeni istehsal sahələrinin yaradılması, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması üçün müxtəlif tədbirlərin həyata keçirilməsi, eləcə də əmək ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində ardıcıl olaraq işlər görülməkdədir.

Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı cənab Prezidentin verdiyi sərəncamlara uyğun olaraq artıq rayonun 49 yaşayış məntəqəsində qazlaşdırılma işləri başa çatdırılmış, 54 məktəb, 4 uşaq bağçası, səhiyyə və mədəniyyət müəssisələri inşa edilmiş, sosial obyektlər əsaslı təmir edilmiş, şəhərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin qurulması ilə bağlı işlər başa çatdırılmışdır. “Azərişıq” ASC tərəfindən əhalini dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə yeni transformatorlar quraşdırılmış, 8 yaşayış məntəqəsindəki daxili xətlər sip kabellərlə əvəz edilmiş,  35 kv-luq Lənkəran-Hamarat-Lerik, 04/10 kv-luq elektrik hava xətləri əsaslı təmir edilib.

2018-ci ilin birinci yarısında rayon üzrə 380, o cümlədən 107 daimi, 273  müvəqqəti iş yerləri yaradılmışdır. Ümumilikdə isə 2003-2017-ci illər və 2018-ci ilin birinci yarısında 13237 yeni iş yeri açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi iş yerləridir.

Yol infrastrukturunun yenilənməsi ilə əlaqədar cənab Prezidentimizin Sərəncamı ilə Lerik-Qosmalıan-Kəlvəz və Noda-Şingədulan-Xanəgah, Piran-Hamarat-Vıjaker avtomobil yolları əsaslı şəkildə yenidən tikilib. Növbəti ildə də Lerik-Nuravud-Orand avtomobil yolunun tikintisinin həyata keçirilməsi məqsədilə sənədlər təqdim edilib.

Təkcə 2018-ci ildə Lerik rayonunda 564 şagird yerlik 10 məktəbin və 50 yerlik uşaq bağçasının tikintisi, Lerik şəhərinin və Şingədulan, Molalan, Sors, Geskon kəndlərinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi, Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi, Lerik şəhərinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı alternativ su xəttinin və Veri kəndinə qaz xəttinin çəkilməsi ilə bağlı cənab Prezidentin verdiyi sərəncamlar dediklərimizin bariz nümunəsidir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə regionlarda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar rayonumuzda da səmərəli işlər görülmüşdür. Taxılçılıq və heyvandarlığa diqqət artırılmış, əvvəlki illərə nisbətən bu sahələrdə ciddi irəliləyiş var. Ötən il 50 hektar sahədə fındıq tingi, 25 hektarda tütün əkilmişdir. Turizm sahəsində inkişafa nail olunmuşdur. Həmişə ucqar dağ rayonu kimi xarakterizə edilən Lerik bu gün turizm diyarı kimi tanınır. Nəinki respublikamızda, onun hüdudlarından kənarda tanınan və rayonumuza turistlərin cəlb edilməsində mühüm rola malik olan turizm-istirahət mərkəzlərində hər cür şərait yaradılmışdır. Son günlərdə cənab Prezidentin tapşırığı ilə Lənkəran-Lerik yolunun əsaslı təmiri, növbəti ildə isə yenidən tikintisi bu sahənin daha da inkişafına zəmin yaradacaq.

Dövlətimizin əldə etdiyi uğurların və cənab Prezidentin titanik fəaliyyəti ilə reallaşdırılan müstəqil xarici siyasətin nəticəsidir ki, Azərbaycan Respublikası diplomatiya sahəsində tarixi qələbəyə imza atmış, dünyada söz sahibi olan bir ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan enerji siyasətinin təkmilləşdirilməsi və nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində də mühüm uğurlara imza atır, respublikamızın iştirakı ilə Avropanın enerji daşıyıcıları ilə təmin olunmasını yaxşılaşdırmaq üçün layihələr icra edilir. “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması, “Cənub” qaz dəhlizi layihəsinin uğurla davam etdirilməsi, 2017-ci il oktyabrın 30-da mühüm nəqliyyat dəhlizi olan Bakı-Tiflis-Qars dəmir yolunun, iyun ayında TANAP-ın istifadəyə verilməsi, TAP-ın uğurla davam etdirilməsi ölkəmizin dünyada artan nüfuzunun əyani təzahürləridir.

Bütün sahələrdə olduğu kimi Ordu quruculuğunda da aparılan islahatlar öz müsbət nəticələrini verməkdədir. 2016-cı ilin Aprel ayında ordumuzun düşmənə sarsıdıcı əks zərbələri və minlərlə hektar torpaqlarımızın işğaldan azad edilməsi, Cocuq Mərcanlı kəndinin bərpa edilməsi və qaçqınların doğma torpaqlarına qayıtması, Bu il isə Naxçıvanda strateji yüksəkliklərin, minlərlə hektar ərazilərimizin azad edilməsi buna əyani nümunədir. İnanırıq ki, Ali Baş komandanımız, YAP-nın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımız azad olunacaqdır. Bunu əyani şəkildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və bu günlərdə Bakının erməni-daşnak və bolşeviklərdən azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilən paradlarda bir daha gördük. Paradlarda nümayiş etdirilən hərbi texnika və silahlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdi.

Partiyanın hər bir üzvü qarşısında duran əsas məsələnin möhtərəm Prezidentimizin uğurlu siyasətini təbliğ etmək olduğunu və xalqımızın bu ideyalar ətrafında daha sıx birləşdiyini qeyd edən natiq  bu işdə partiya üzvlərinə uğurlar arzulayıb.

Məruzə ətrafında YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, rayon Ağsaqqalllar Şurasının sədri Həmzə Vəliməmmədov, Vizəzəmin ilk partiya təşkilatının sədri, Şura üzvü Fərman Haşımov, YAP Qadınlar Şurasının üzvü Şəhla Məmiyeva və rayon təşkilatının Əliabad ərazi ilk partiya təşkilatının sədri Əkrəm Abdullayev çıxış edərək Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaranma zərurətindən, uğurlarından söhbət açdılar və təşkilatın yaranmasının 25 illik yubileyi münasibəti ilə təbriklərini çatdırdılar.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı iqbal Məmmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP mərkəzi aparatının məsul əməkdaşı Emil Abasov çıxış edərək Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaranmasının 25 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər. Yeni Azərbaycan Partiyasının 1992-ci ildə ulu öndər, əbədiyaşar Prezident Heydər Əliyev tərəfindən və cəmi 1 il sonra 1993-cü ildə isə partiyanın Lerik rayon təşkilatının rayonun qabaqcıl ziyalıları tərəfindən yarandığını diqqətə çatdırıblar.

Bu gün YAP-nın ölkənin siyasi həyatında ən güclü və aparıcı partiya olduğunu, Heydər Əliyev siyasi kursunun  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, xalqın rifah halının günü-gündən yaxşılaşdığını, respublikamızın hər yerində aparılan abadlıq, quruculuq-tikinti işlərindən söhbət açaraq son illərdə respublikamızda işsizliyin və yoxsulluğun azaldığını qeyd ediblər.

Azərbaycanın bugünkü inkişafında, Yeni Azərbaycan Partiyasının möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan cənab İlham Əliyevin titanik fəaliyyətini diqqətə çatdırdılar. Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və sabahın partiyası olduğunu vurğulayaraq rayon gənclərinə Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda partiya ətrafında sıx birləşməyi tövsiyə ediblər.

Sonra bir qrup fəal partiya üzvünə Fəxri Fərman və qiymətli hədiyyələr verildi, yeni qəbul edilmiş üzvlərə partiya biletləri təqdim edilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul edilib.

Tədbir Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının yaranmasının 25 illiyi münasibətilə hazırlanmış konsert proqramı ilə davam etdirilib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi