Modern.az

BDU-da tələbələrə pul mükafatları verilib

BDU-da tələbələrə pul mükafatları verilib

Təhsil

13 Oktyabr 2011, 15:29

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə “Müstəqillik illəri və ekoloji problemlərin həlli” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, ekologiya və təbii sərvətlər naziri, professor Hüseyn Bağırov, nazirliyin əməkdaşları, BDU-nun ekologiya və torpaqşünaslıq, biologiya, kimya, coğrafiya və geologiya fakültələrinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Rektor Abel Məhərrəmov dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərdən, bu problemlərin həll edilməsi məqsədi ilə müstəqillik illərində dövlət səviyyəsində və BDU-da həyata keçirilən tədbirlərdən danışıb. Sonra ekologiya və təbii sərvətlər naziri, professor Hüseyn Bağırov “Müstəqillik illərində ekoloji problemlərin həlli: görülmüş işlər və gələcək addımlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında müzakirələr aparılıb, müəllim və tələbələrin çoxsaylı suallarına cavab verilib. Tədbirin sonunda təhsildə fərqlənən və ekoloji biliklərin yayılmasında və təbliğində fəallıq göstərən bir qrup tələbəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanları və pul mükafatları verilib.

Sonra dəyirmi masa iştirakçıları Nano Araşdırmalar Laboratoriyası ilə tanış olublar. Laboratoriyanın müdiri, professor Məhəmmədəli Ramazanov Bakı Dövlət Universitetində Ukrayna Elm və Texnologiya mərkəzinin koordinasiyası və Kanada dövlətinin maliyyə dəstəyi ilə 3998 saylı qrant layihəsi çərçivəsində “Abşeron yarımadası və Bakı şəhəri ətraf ərazilərinin radioekoloji tədqiqi” ilə tədqiqat işləri aparılması haqqında məlumat verib. Qeyd edib ki, Abşeron yarımadasının Bakı ətrafı ərazilərində radioekoloji tədqiqatların aparılması olduqca əhəmiyyətli bir məsələdir. BDU-da bu istiqamətdə layihə çərçivəsində Abşeron yarımadası və Bakı şəhəri ətrafı zonalarda radiasiya fonunun qiymətləndirilməsi və onu yaradan mənbələrin aşkarlanması istiqamətində uğurlu tədqiqat işləri aparılır.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir