Modern.az

Müstəqilliyin 20 ilində jurnalistikamız nə qazanıb, nə itirib? (Tanınmış jurnalistlərin cavabı)

Müstəqilliyin 20 ilində jurnalistikamız nə qazanıb, nə itirib? (Tanınmış jurnalistlərin cavabı)

Media

13 Oktyabr 2011, 16:29

Bir neçə gündən sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ili tamam olacaq. Dövlətimizin müstəqilliyinin bərpasında Azərbaycan mətbuatının da özünəməxsus rolu olub. Bu yolda xüsusi xidmətlər göstərən milli mətbuatımız, jurnalistikamız ötən 20 ildə nə qazanıb, nə itirib?

Modern.az saytı bu sualla tanınmış jurnalistlərə müraciət edib.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, müstəqilliyimizin bərpasından ötən 20 il ərzində Azərbaycan bir müstəqil dövlət kimi nə itirib və nə qazanıbsa, Azərbaycan mətbuatı da ona paralel şəkildə itirdiyini itirib, qazandığını qazanıb.
“Amma mən hesab edirəm ki, mətbuatımızın qazandığı itirdiyindən çoxdu. Məni ən çox məyus edən bir şey var. Bu ən böyük problem Azərbaycan mətbuatının özünə inamını itirməsidir, indi mətbuata inam, etibar yoxdur. Bəlkə də hansısa strukturlara müəyyən dərəcədə inam qalıb, ancaq Azərbaycan mediası ümumiyyətlə əhalimiz arasında öz etibarını itirib. Ən böyük və ən pis şey də elə budu”.

Baş redaktor deyir ki, ümumən götürdükdə Azərbaycan mətbuatı çox şeylər qazanıb, ən azı müstəqildi, sovet dövründə olduğu kimi nə Moskvadan, nə də onun göstərişindən aslıdır. “Azərbaycanda qəzet təsis etmək çox liberal qanunlara əsaslanır. Bu şeylər çox müsbətdi. Təbii ki, Azərbaycanda xeyli müstəqil jurnalist yetişib, öz fikri olan jurnalistlər meydana çıxıb. Amma eyni zamanda son illərdə Azərbaycan mətbuatı geriyə yuvarlanma prosesindədi. Çox təssüflər olsun ki, bu, keyfiyyət və həqiqəti söyləmək imkanları baxımındandır.  Həqiqəti söyləmədən yaxşı, firəvan həyat sürmək istəyənlər jurnalistlər arasında həddindən artıq çoxalıb. Amma həqiqəti söyləməklə cəmiyyətdə baş verən prosesləri gerçək şəkildə göstərərək çörəkpulu qazanmaq istəyənlərin sayı azalır. Belə şəkildə jurnalist peşəsi ilə çörəkpulu qazanmaq istəyən adamların imkanları da çox zəifdi, yəni həm biznes nöqtəyi-nəzərindən və  müstəqil yaşayıb, müstəqil fikir söyləmək nəzərindən”. 

Elçin Şıxlı müstəqillin bərpasının 20 illiyiilə bağlı bütün həmkarlarını təbrik edib.
“Bizim mətbuatımızın müstəqilliyi 20 illik dövlət  müstəqilliyindən ən azı bir-iki il qabağadı. Məsələn, təkcə “Zerkalo” qəzeti müstəqil qəzet kimi hələ sovet dövründə, yəni 1990-cı ildə təsis olunub, artıq 22-ci ildi fəaliyyət göstəririk,  “Azadlıq” və “Yeni Müsavat” qəzetləri isə 23 ildir  ki, mövcuddur, “Azərbaycan” qəzeti 1988-89-cu ildən fəaliyyətə başlayıb. Azərbaycanın müstəqilliyinin ilk qaranquşlarından biri mətbuat olub. Həyatın enişləri və yoxuşları həmişə çox olur, o cümlədən də media ilə bağlı da həm enişlər, həm də  yüksəlişlər olur. Mənə elə gəlir ki, biz kəmiyyət baxımından yüksəlsək də, keyfiyyət baxımından enişdəyik. Ümud edirəm ki, nə vaxtsa keyfiyyət kəmiyyətə çevriləcək”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, çağdaş mətbuatın yaşı Azərbaycanın dövlət  müstəqilliyinin yaşından bir az çoxdur.
“Azərbaycanda ənənəvi sovet  mətbuatının sonu yeni mətbuatın başlanğıcı ötən əsrin 80-ci illərinin sonundan başlayır. Bununla bərabər təbii ki, yeni mətbuatın inkşafında, söz azadlığının genişləməsində Azərbaycan respublikasının müstəqil olması  önəmli mahiyyət daşıyıb. Bu illər ərzində təbii ki, mətbuatın müəyyən uğurlu dövrləri olub. Azərbaycan mətbuatında çap mediasınının inkşaf dövrü 90-cı illərin sonuna təsadüf edib. O dövrdə mətbuatımızın reklamı daha çox olub.
Ümid edirik ki, Azərbaycan mətbuatı ictimai fikrə təsir edə biləcək, ictimayyəti dolğun informasiya ilə təmin edə biləcək səviyyəyə çatacaq. Onun üçün də Azərbaycanda çox güclü bazis olmalıdı. Azərbaycan dövləti inkşaf elədikcə, bütün bunlar öz yerlərini tutacaq”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, 20 il yaşamağın özü bir böyük igidlikdi.
“Azərbaycan mediasının artıq çətin bir şəraitdə qazandığı 20 illik təcrübəsi var. İndi mətbuat geniş və çoxşaxəlidi. Bir  zamanlar çox çətinliklə qeydiyyatdan keçən, çətinliklə fəaliyyət göstərən 2-3 agentliyimiz, 5-10 qəzetimiz, 2 telekanalımız var idisə, indi say xeyli artıb”.

A.Əliyevin fikrincə, mətbuatln keyfiyyət baxımından xeyli itirdiyi şeylər var.
“Birincisi ondan ibarətdir ki, 20 il bundan əvvəl medianın da, jurnalistlərin də qarşısında daha böyük ümidlər dayanırdı. Güman olunurdu ki, 20 ildən sonra Azərbaycanda böyük, güclü media strukturları olacaq, bu strukturların öz bazarı formalaşacaq, ictimai rəyə təsiri böyük olacaq və hakimiyyətlə münasibətlərdə sivil formalar alacaq. Jurnalistlər də düşünürdülər ki, eybi yoxdu, indiki çətinliklərdən keçək, cəmiyyətdə hörmətimiz də olacaq, işləməyə imkanlarımız da, jurnalist azadlığımız da, pulumuz da.
Təssüflər olsun ki, bu gözləntilərin böyük əksəriyyəti özünü doğrultmadı və ümudlərlə bərabər o dövrün fədakarlığı, romantizmi, peşəyə bağlılığı da ötüb keçdi. Məsələn o vaxt həqiqətən də jurnalist vəsiqəsini ələ almaq, jurnalistlik fəaliyyəti göstərmək böyük şərəf idisə və digər peşələrdən bura axın var idisə, indi əksinədi. O zaman jurnalistikaya gələnlərin böyük əksəriyyəti, xüsusən indiki redaktorlar heç bu sahədə yetişməmişdilər. Amma indi gedib xaricdə oxuyan, ixtisasını artıran, yüksək profesionallığa malik olan jurnalistlər qayıdandan sonra görürsən ki, biri banka gedir, biri biznes fəaliyyətinə keçir, biri dövlət işinə düzəlir və s. Təssüflər olsun ki, belə itkilər də olub bu dövr ərzində”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli “Müstəqilliyin 20 ilində Azərbaycan jurnalistikası nə qazanıb, nə itirib” sualına belə cavab verib: 

“20 ildə Azərbaycan mətbuatı «qoyaçi sexdən» kompüterə, ideoloji təbliğat vasitəsindən azad düşüncəyə qədər çətin yol keçdi. Mətbuata münasibət dəyişdi, jurnalistin yeri, mövqeyi möhkəmləndi. Bu illər ərzində jurnalistika konyunkturaya mirzəlik eləməkdən uzaqlaşmağa çalışdı, ictimai-siyasi proseslərə təsir edən, ictimai rəyi formalaşdıran institut kimi qəbul olundu. Hamı statusundan asılı olmayaraq bu peşə ilə hesablaşdı, ya onunla dost olmağa, ya da onu təsir altına salmağa çalışdı.

Azərbaycan cəmiyyəti dünyaya inteqrasiya elədikcə yeni dəyərlərin hamısı mətbuatda özünü göstərdi. Demokratik dəyərlər daha çox jurnalistikada möhkəmləndi, bundan sonra özünü siyasi partiyaların, vətəndaş cəmiyyətinin timsalında göstərdi. 20 il Azərbaycan mətbuatının simasını dəyişdi. Əgər bir neçə il öncəyə kimi mətbuata qeyri-ciddi peşə kimi baxılırdısa, indi jurnalistika heç olmasa davamlı iş yerinə çevrilib.

20 ildə itirdiklərimizlə qazandıqlarımız arasında bərabərlik işarəsi qoymaq olmaz. Amma itirdiklərimizdən irəli gələn nöqsanlar kifayət qədərdi. Bu dövr ərzində KİV biznes strukturu kimi formalaşa bilmədi. Yenə də ötən əsrin əvvəllərində olduğu kimi yalnız maarifçiliklə məşğuluq. İfadə azadlığının düzgün başa düşülməməsi, jurnalistika ilə şəxsi və siyasi motivli mübarizənin sərhədlərinin tez-tez pozulması nəticəsində mətbuata təpkilər də çox oldu və hələ də mövcuddur.

Sifarişli, ələbaxan media jurnalistikanın gücünü azaldır. İndi hamı belə qəzetlərə qarşı mübarizə aparır, amma əlaltından «mötəbər mənbə»lik də edirlər. 20 ildə mətbuatın maddi dayaqları möhkəmlənə bilmədi. KİV-in adından istifadə edən möhtəkirlər, fırıldaqçılar, ömürlərində bir dənə cümlə yaza bilməyənlər qəzet açıb, QHT yaradıb ciblərini doldurdular. Buna görədir ki, beynəlxalq mediada gedən prosesləri bizə şamil eləmək, bizdən beynəlxalq jurnalistikanın prinsiplərinə riayət eləməyi gözləmək özünü doğrultmur. 

Bu vəziyyətdən çıxmaq üçün dövlət mediaya birbaşa yardımlar etmək qərarına gəldi. KİVDF-nin fəaliyyəti qəzetlərin maddi təminatında irəliləyiş oldu. Amma əsaslı problemlər hələ də qalmaqdadır. Məsələn, jurnalistlərin mənzil məsələsi. Bizə ev tikirlər, sağ olsunlar. Deyirlər onun da bünövrəsindən su çıxıb. Su aydınlıqdı, təki axırı yaxşı olsun.

Jurnalistikanın hansı inkişaf yolu keçdiyini, nə qazanıb, nə itirdiyini, onun adından danışanlar yox, bu işlə məşğul olanlar bilir. İki onillikdə, nailiyyətlərimiz, uğurlarımızla yanaşı, səhhətimiz də əldən getdi, həm də qocaldıq.

Əgər 20 il ərzində cəmiyyətin bütün sahələrini müqayisə eləsək, məsələn, təhsil, səhiyyə, məhkəmə hakimiyyəti və s. mətbuat onların hamısından bir neçə addım, bəlkə də bir neçə kilometr öndədir”.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir