Modern.az

Bu Gədəbəy o Gədəbəy deyil...

Bu Gədəbəy o Gədəbəy deyil...

Reportaj

14 Oktyabr 2011, 10:22

Bu rayondan olan jurnalistlər danışır...


Modern.az
“Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsini bu həftə də davam etdirir. Bu dəfə Gədəbəydən olan jurnalistlər rayonun sosial-iqtisadi vəziyyəti, insanların yaşayış tərzi, təhsil, səhiyyə sistemi və s. barədə danışıblar.

Deputatlar rayona ancaq dincəlmək üçün gedirlər...

İlk müsahibimiz “24 saat.az” saytının redaktoru Nicat Sadıxlı paytaxtdan 500 km aralı olan Gədəbəy rayonunu digərlərindən fərqləndirən əsas cəhətin onun Erməsnitanla sərhəddə yerləşməsi olduğunu bildirib. Onun sözlərinə görə, rayonun sosial-qitisadi vəziyyəti ürəkaçan deyil. Yolları bərbad vəziyyətdə olan rayonda jurnalist deyir ki, iş yerləri də yoxdur:

“Rayonda müəyyən iaşə obyektləri və dövlət qurumlarında işləyənləri çıxmaq şərti ilə camaatın gedib işləyə biləcəyi, maaş alacağı yer yoxdur. Ona görə də camaat əsasən kənd təsərrüfatı ilə məşğuldur. Bu da insanların indiki zamanda tam tələbatını ödəyə bilmir. Son vaxtlar süd sexi və ya pendir sexi açılır. Amma bunlar iş yeri sayılmır. Çünki bu tip müəssisələrdə 5-10 nəfər işləyə bilər. Gədəbəydə son vaxtlar tikilən Qızıl zavodunda da işçi sayı azdır. Orada yalnız bu sahəni bilən adamlar və müəyyən qara fəhləlik tələb edən sahələrdə camaat işləyir”.

Həmkarımız Gədəbəydə əhalinin əsas dolanışıq mənbəyinin kənd təsərrüfatı, kartofçuluq, heyvandarlıq və təsərrüfatla bağlı digər xırda işlərin olduğunu qeyd edib. Ancaq insanların da təsərrüfatdan götürdükləri öz əllərində qalır. Belə ki, N.Sadxılı rayon camaatının tonlarla meyvəni - alma və armudu sata bilmədiyini, ya da dəyər-dəyməzə satdığını deyir. Bəzən isə məhsul çürüyür: “Bu məsələdə də hökümətin dəstəyi yoxdur ki, camaat məhsulunu Bakıya aparıb sata bilsin”.

“Uzun illər rayonun işıq problemi olub. Amma indi bu problem həll olunub. Ən ucqar kəndlərə belə təzə xətlər çəkildiyindən artıq əvvəlki kimi tez-tez sönmələr və ya xətlərin qırılması prosesi baş vermir. Amma kəndlərdə xətlər bərpa olunsa da, transformatorlar sovet dövründən qalmadır. Bir gün yağı qurtarır, bir gün nəyisə xarab olur və onu harasa düzəltməyə aparırlar, nəticədə 10 gün hansısa kəndin işığı yanmır” - deyə Nicat Sadıxlı əlavə edib.

Prezidentin göstərişinə görə, ilin sonuna kimi ölkə ərazisinin 95 faizi qazlaşdırılmalı olduğunu əsas götürən jurnalistin sözlərinə görə, bu istiqamətdə Gədəbəydə də müəyyən işlər görülür: “Gədəbəyin rayon mərkəzi ilə birlikdə yalnız 10-12 kəndi qazlaşdırılıb. Rayonun Şınıx deyilən zonasında irili-xırdalı 26-27 kənd var. O kəndlərin sakinlərinə deyilmişdi ki, 2011-ci ilin sonuna kimi qaz çəkiləcək, amma çəkilən qaz xətləri yarımçıq qalıb”.

Təhsilə gəlincə isə N.Sadıxlı sovet dövrü ilə müqayisədə bu gün rayonda təhsilin səviyyəsinin çox aşağı düşdüyünü vurğulayıb. O, hesab edir ki, bunun da özünəməxsus səbəbləri var: “Səbəblərdən biri problemlərdən yana əhalinin o zonanı tərk etməsi ilə bağlıdır. İşsizlik və başqa sosial problemlər üçündən insanlar başqa rayonlara, xüsusilə də Bakıya axışıb gəlirlər. Digər tərəfdən isə məktəblərdə təhsilin səviyyəsi aşağı düşüb. Ciddi müəllim problemi var. Əvvəllər 200-300 şagird təhsil alan məktəbdə 15-20 nəfər universitetə qəbul olunardı. Həmin məktəb üçün bu yüksək göstərici sayılırdı. Amma indi bir məktəbdən 1-2 nəfər qəbul olunsa, sevinirlər”.

Gədəbəyin digər ciddi problemi isə yolla bağlıdır. Rayon yollarının bərbad vəziyyətdə olduğu barədə məlumat verən jurnalist kəndarası yollarla bağlı isə ümumiyyətlə danışmağımn gərəksiz olduğunu bildirib: “Novasaratovka kəndindən ölkənin müxtəlif yerlərinə nəqliyyat vasitələri işlədiyi üçün ora bir az mərkəz sayılır. Rayon mərkəzi ilə həmin kənd arasında olan təxminən 30 kilometrlik yol 1982-ci ildə rayonun partiya komitəsinin birinci katibi olmuş Aydın Quliyev tərəfindən çəkdirilib. O vaxtdan bu yana həmin yol təmir olunmayıb. Nə cari təmir olunub, nə də yenidənqurma planı var”.

Bütün bu problemlərlə yanaşı, rayonda inkişafa səbəb olacaq sahələr də var. Nicat Sadxılı “Gədəbəydə bütün bu problemlərlə yanaşı, turizm potensialı var, amma ondan da düzgün istifadə olunmur” deyə vurğulayıb.

“Bəzi sahibkarlar müəyyən yerlərdə obyektlər tikiblər, istəyiblər onun səviyyəsini qaldırsınlar. Bəziləri buna nail olub, bəziləri yox. Ümumilikdə Gədəbəy yay aylarında istirahət üçün çox əlverişli yerdir. Amma bu potensialdan istifadə olunmur. Gədəbəy qədim tarixə malik olduğu üçün burda tarixə aid turzmi də inkişaf etdirmək olar”.

Müsahibimiz səhiyyə sistemində də vəziyyətin ürəkaçan olmadığını qeyd edib. Redaktor rayonun Şınıx bölgəsində səhiyyənin məhv olmaq üzrə olduğunu vurğulaylb. 26-27 kənddən ibarət həmin zonada bir dənə aptek belə yoxdur.

“Şınıx zonasında iki xəstəxana var idi. Onun birini bu yaxınlarda ləğv etdilər. 21 çarpayılıq xəstəxananı söküb məntəqə elədilər. Orada da bir həkim və bir neçə tibb bacısı çalışır. Qalan xəstəxanın da həm maddi-texniki bazası, həm müsair avadanlıqlarla təmini baxımından vəziyyəti ürəkaçan deyil. Bir nəfərin doğuşa çatdırılması üçün 40 km məsafəni qət edib rayon mərkəzinə gedilməlidir. Elə sadə əmliyyat üçün də ya rayon mərkəzinə və ya Tovuza, Şəmkirə getməlisən. Əldə etdiyim məlumata görə, rayon mərkəzi xəstəxanasında həkim qıtlığı yaranır”.

Nicat Sadıxlı rayon icra başçısı və Gədəbəydən seçilən deputatların rayon camaatı ilə maraqlanmadığını söyləyib.

“Yay aylarında kənddə oluram. Rayon icra başçısının axırıncı dəfə Şınıx zonasına nə vaxt gəldiyini camaat da xatırlamır. Ümumiyyətlə, elə rayondakı ümumi vəziyyət icra başçısının yaxşı işləmədəyindən xəbər verir. Deputatlara gəlincə, onlardan biri Rafiq Məmmədhəsənovdur. Digər deputatı isə tanımıram. Onları rayonda görən olmur. Gədəbəydən seçilən depuatatlar rayona ancaq dincəlmək üçün gəlirlər” deyə jurnalist əlavə edib.

Meşələr məhv olur...

“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərhad Məmmədov da digər həmkarı kimi hesab edir ki, Azərbaycanın bütün dağ rayonları kimi Gədəbəydə də sosial-iqtisadi vəziyyət pisdir. Həmkarımızın fikrincə, rayonda ən ciddi problem infrastruktur problemidir: “Yollar yoxdur. Anadan olduğum Şınıx cəbhə bölgəsidir. Təxminəın 30 kənddən ibarətdir. Ora Saratovka kəndindən gedən yol cəmi 8 kilometrdir. Həmin məsafəni maşınla getmək ən tezi bir saat çəkir. Təsəvvür edin  XXI əsrdə bu sürət nə deməkdir? Kəndarası yollar keçilməz vəziyyətdədir. Asfalt yol yoxdur, heç ora daş, çınqıl döşəyən də yoxdur. Bu istiqamətdə işlər zəifdir. Rayon mərkəzinə qədər yollar nisbətən yaxşıdır, amma oradan o yana, xüsusilə Şınıx bölgəsində çox bərbad vəziyyətdədir.

F.Məmmədov rayonda ikinci əsas problemin yanacaqla bağlı olduğunu qeyd edib. Belə ki, meşələrdən yanacaq kimi istifadə edilməsi onların məhvinə gətirib çıxardıb.

“Son 20 ildə meşələrdən yanacaq kimi istifadə edilir. Bu da qiymətli ağac növlərinin məhvinə gətirib çıxardıb. Yanacaq və dolanışıq, o cümlədən bir çox dərdləri üzündən cəbhə bölgəsində bir çox kəndlər boşalıb. Başqa yerlərdə olduğu kimi daxili miqrasiya baş verib. Evlər, kəndlər boşalır. Yol yoxdur, işsizlik baş alıb gedir”.

Müsahibimizin sözlərinə görə, əhalinin dolanışıq mənbəyi əsasən əkinçilik və heyvandarlıqdır. Dövlətin investisiya qoyub açdığı və özəl investisiya hesabına açılan iş yerləri isə yoxdur.

Fərhad Məmmədov işıqla bağlı isə yaşadığı zonada problemin olmadığını və ümumiyyətlə son bir neçə ildə rayonda elektrik enerjisinin fasilələrlə verilməsində problem olmadığını da söyləyib.

Digər həmkarı kimi F.Məmmədov da Gədəbəydə sovet vaxtında təhsilin daha yaxşı olduğunu deyib. O da qeyd edib ki, institutlara qəbul olanların, alimlərin, ziyalıların sayına görə Gədəbəy irəlidə olan rayonlardan biri idi.

“Amma son vaxtlar sosial-iqtisadi vəziyyətin ağır olması bu sahəyə də təsir edib. Bildiyim qədər indi rayonda təhsilin səviyyəsi zəifdir. Bu özünü Gədəbəydən instituta qəbul olunanların sayında da göstərir”.

Səhiyyə sahəsində vəziyyətin nə yerdə olduğuna gəlincə, həmkarımız “səhiyyə sistemi Azərbaycanın ucqar yerində necədirsə, bizdə də elədir. Ucqar kəndlərdə xəstəxanalar var, amma həkimlər gedib işləmir. Azərbaycanda ixtisaslı həkim kənddə işləməyə getmir. Norveç səfirliyi Şınıxda kəndlərin birində müayinə mərkəzi açmışdı. Təzə cihazlar, avadanlıqlar da qurulmuşdu. Amma ora işləmir. İxtisaslı kadrlar, mütəxəssislər yoxdur ki, oranı işlətsin. Ona görə xəstələnən məcbur olur ki, Bakıya gəlsin” deyə vurğulayıb.

Fərhad Məmmədov icra başçısı və ya rayondan seçilən deputatların insanların problemləri ilə maraqlanıb-maraqlanmadığı barədə isə məlumatsız olduğunu deyib.

Kəndlərdə gəncliyin səsi duyulmur...

İctimai Televiziyanın əməkdaşı Füzuli İsmayılov isə digər iki həmkarından fərqli olaraq Gədəbiyin sosial-iqtisadi vəziyyətini yaxşı qiymətləndirir. Bir aylıq məzuniyyəti vaxtı Gədəbəyə gedən jurnalist rayonda xeyli dəyişikliklərin olduğunu, tikinti işlərinin aparıldığını müşahidə edib: “Şınıxda Yaponiya səfirliyinin qrantı ilə müasir avadanlıqlarla birlikdə gözəl tibb mərkəzi tikilib. Düzdür, çətinliklər var, amma bu çətinlik ondan ibarətdir ki, rayonda kadr problemi mövcuddur. Ermənistanla sərhəddə, cəbhə bölgəsində yerləşən Şınıxda 30-a yaxın kənd var. Orada belə bir tibb mərkəzinin tikilməsinə baxmayaraq texniki avadanlıqları işlədə bilən adamlar yoxdur”.

F.İsmayılov eyni vəziyyətin təhsil sahəsində də müşahidə olunduğunu bildirir: “Rayonda yaxşı məktəblər tikilib. Amma məktəblərdə personal çox aşağı səviyyədədəir. Yaş senzi ilə əlaqədar yaşlı nəsil işdən çıxdı, gənc nəsil də onların yerini doldurmadı, əvəzləmədi. Demək olar ki, bir çox məktəblərdə müvafiq ixtisas müəllimləri yoxdur. Nəticədə şagirdlər məktəblərdən yararlana bilmirlər. Hər halda elə gözəl məktəblərin hər birindən ildə ən azı 50 faiz şagird ali məktəbə  və ya orta ixtisas təhsil müəssisələrinə daxil ola bilərdi. Ancaq rayonda elə məktəb var ki, ümumiyyətlə ordan bir nəfər şagird tələbə adını qazana bilmir. Ali məktəblərə qəbul olanlar isə repetitor yanına gedən şagirdlərdir. Yəni bu, məktəbin gücünə yox, repetitorların gücünədir. Ancaq bu problem təkcə bizim rayonda deyil. Bütün Azərbaycanda eyni vəziyyət müşahidə olunur”.

Ümumiyyətlə rayondakı vəziyyət barədə pozitiv danışan jurnalist dağlıq rayon olan Gədəbəydə qazlaşdırma işinin aparılmasının insanların ürəyincə olduğunu qeyd edib. Onun sözlərinə görə, artıq Saratovkada və bəzi kəndlərə mavi yancaq verilir.
“Ümumiyyətlə, rayon mərkəzindən kənarda yerləşən kəndlərdə heç vaxt, heç sovet dövründə də qaz olmayıb. Amma indi Sarotovkada qaz yanır. Şınıxın 27 kəndində isə qazlaşdırma işləri aparılır. İlin sonuna yaxın o kəndlərin bir neçəsinin qazlaşdırılması nəzərdə tutulur. Bu Gədəbəy üçün böyük hadisədir”.

Amma həmkarımız qazlaşmayan kəndlərin yancaq ehtiyacının olduğunu da vurğulayıb: “Vaxtilə həmin kəndlərə daş kömür təşkil edirdilər, müxtəlif neft məhsulları satılırdı. İndi heç biri yoxdur. Meşələr demək olar ki, qırılıb. Orada elə bir ağacda yoxdur ki, gedib onu kəsib gətirib yandırsınlar. Belə olan halda insanların şəhərə üz tutma meyli artır. Kəndlərdə gəncliyin səsi duyulmur. Elə məktəb var ki, birinci, üçüncü siniflərə 2-3 şagird gedir. Bunlar çətinlikdir”.

Füzuli İsmayılov rayonda insanların işləməsi üçün iş yerlərinin açıldığını söyləyib: “Gədəbəydə Qızıl zavodu işləyir. Böyük su sexi açılıb. “Slavyanka” adı ilə məşhur su istehsal olunan sexdə, o cümlədən Qızıl zavodunda xeyli işçi çalışır. Kartofçuluq rayonu olan Gədəbəydə kartofu saxlamaq üçün mənə deyilən məlumata görə, 100 tonluq anbar tikilib. Bundan əlavə, Aşıq müsuqi məktəbinin binası, məhkəmə, maliyyə idarəsi, Sosial Müdafiə Mərkəzi üçün yeni binalar tikilib. Yəni Azərbaycanda gedən tikinti eyni zamanda özünü Gədəbəydə də göstərir”.

Televiziya işçisi rayonda yolların bərpası istiqamətdə xeyli iş görüldüyünü desə də, o da digər həmkarları kimi Saratovkadan Şınıxa gedən yolun pis vəziyyətdə olmasından gileylənib.

“Şınıxa gedən yol Saratovkaya qədər köhnə asfaltdır. Oradan sonra asfalt deyil. Mən arzulayıram ki, Şınıxa gedən istiqamətdə də asfalt çəkilsin. Çünki Şınıx bir qala qapısıdır, Ermənistanla sərhəddir. O kəndin insanları müharibənin ən ağır günlərini yaşayıblar. İndi ora qaz çəkilir və düşünürük ki, aparılan siyasət əsasında o yollar da asfalt olacaq. Kəndarası yolların isə çaylardan yığılan daşla, çınqılla düzəldilməsi  istiqamətində işlər görülür.
Gədəbəydə Kənd İnvestisiya Cəmiyyəti deyilən bir cəmiyyət var. O cəmiyyət xətti ilə xeyli iş görülüb. Bizim öz doğma kəndimiz Cəfərli kəndinin yolu həmin o layihə çərçivəsində bərpa olunub. Düzdür, asfalt deyil, amma ümumi kənd yolu kimi qənaətbəxşdir. Ən azından camaat əziyyət çəkmir” deyə müsahibimiz əlavə edib.

Füzuli İsmayılov rayona getdiyi vaxt insanlarda təşəbbüskarlığın azaldığını da hiss edib. Belə ki, jurnalist rayonda çoxlu biçənək sahələrinin olmasına baxmayraq, insanların həmin otu biçmədiyini və almağa üstünlük verdiyini müşahidə edib.

“İnsanların işləməmək həvəsi, əvəzində isə otu satın almaq istəyi bir qədər məndə təəccüb doğurdu. Elə bunun da özü göstərir ki, adamlar yaxşı yaşarılar ki, ot biçməkdənsə satın almağı üstün tuturlar”.

F.İsmayılov rayonda tibb sahəsində axsamaların olduğunu, bunun da 65 yaş senzi tətbiq ediləndən sonra həkimlərin xeyli hissəsinin işdən çıxarılması ilə əlaqədar olduğunu bildirib.

“Onları vəzələyəcək kadr da yoxdur. Rayonun tibb personalı qənaətbəxş deyil. Kəndlərdə tibb məntəqələrdə işləyənlər də yaşlı insanlardır. Onları kim əvəzləyəcək? Ora hər halda kadr cəlbinə xüsusi üstünlük vermək lazımdır ki, o kadrlar həmin boşluğu doldursunlar. Çünki insanların şəhərə axının da səbəbi bəzən onların tibb, təhsil, qışda yanacaq ehtiyaclarının ödənməməsidir”.

Elektrik enerjisinin verilməsində fasilələr yoxdur. Ancaq F.İsmayılovun sözlərinə görə, işıq dirəkləri 60-ci illərdə yerə basdırılanlardır: “Nəitcədə qışda, çovğunda bu dirəklər tab gətimir və bir neçə gün işıq olmur. Amma ümumilikdə elektrik enerjisinin verilməsində heç bir problem yoxdur”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub