Modern.az

Azərbaycandakı siyası partiyaların maliyyələşməsi Strasburqda müzakirə olunacaq

Azərbaycandakı siyası partiyaların maliyyələşməsi Strasburqda müzakirə olunacaq

Təhsil

14 Oktyabr 2011, 10:36

Oktyabrın 14-də Strasburqda Venesiya Komissiyasının plenar sessiyası başlayır.

Modern. az saytı xəbər verir ki, ANS PRESS-in qurumun internet saytına istinadən verdiyi məlumata görə, sessiyada Azərbaycanın “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək. Müzakirələrdə Azərbaycanı Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təmsil edəcək.

Əli Həsənov Strasburqa yola düşməzdən əvvəl Bakıda jurnalistlərə Azərbaycan tərəfinin mövqeyi barədə məlumat verib. Onun sözlərinə görə, siyasi partiyaları xarici və daxili asılılıqdan xilas etməyin vaxtı çatıb. Şöbə müdiri bildirib ki, dövlət öz imkanlarından istifadə edərək partiyaların maliyyələşməsini üzərinə götürə bilər. 

Əli Həsənov deyib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi Prezident Administrasiyasında hazırlanıb, rəy verilməsi üçün Venesiya Komissiyasına göndərilib: “Avropa Şurasının rəyi də nəzərə alınmaqla, 3-4 gün ərzində layihənin müzakirəsi yekunlaşmalı və sənəd parlamentə göndərilməlidir. Bu qanunun qəbul olunması zəruridir. Azərbaycan dövləti artıq inkişafının elə bir mərhələsinə gəlib çatmışdır ki, siyasi partiyaları maliyyələşdirmək gücünə malikdir”.

Dünya ölkələrində siyasi partiyaların maliyyələşməsi ilə bağlı müxtəlif təcrübələrin olduğunu deyən Əli Həsənov qeyd edib ki, həmin ölkələrin daha çox istifadə etdikləri əsas model siyasi partiyaların seçkilərdə iştirakı, qazandıqları səslərin sayıdır: “Bəzi ölkələrdə isə bunu parlamentdəki təmsilçiliklə müəyyən edirlər. Ölkələrin 90-95 faizində partiyaların fəaliyyəti seçki ilə əlaqələndirilir. Seçkidə iştirak etməyən partiyalar maliyyələşdirilmədən kənarlaşdırılır. Bizim Venesiya Komissiyasına təqdim etdiyimiz modeldə partiyaların seçkilərdə iştirakı əsas prinsiplərdən biri kimi nəzərə alınıb. Lakin ayrılan vəsaitin partiyalar arasında bölünməsi metodikası ilə bağlı bir neçə mülahizələr var. Venesiya Komissiyasında aparılan müzakirələrdən sonra bu məqamlar açıqlanacaq. Ümumiyyətlə, müzakirələr zamanı başqa variantlar da üzə çıxa bilər. Azərbaycan cəmiyyətinin formalaşmasında rolu olan, dövlətçiliyə xidmət edən, milli mənəvi dəyərləri özündə əks etdirən partiyalar bu maliyyələşmədən kənarda qalmayacaq”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!