Modern.az

Gülər Əhmədova: “Azərbaycanda hər 100 qadının 70-80 nəfəri abort elətdirir”

Gülər Əhmədova: “Azərbaycanda hər 100 qadının 70-80 nəfəri abort elətdirir”

Parlament

14 Oktyabr 2011, 11:02

Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində “V Balkan Tibb Tarixi və Etikası” beynəlxalq elmi konfransı keçirilir. Dünyanın müxtəlif ölkələrindən 270 nəfər alim, həkim və psixoloqların iştirak etdiyi bu konfransda Azərbaycan da təmsil olunur. Respublika Uşaq Təşkilatının sədri, psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədova oktyabrın 13-də “XXI Yüzyılın Tıp Etiği Sorunu – Kürtaj” adlı məruzə ilə çıxış edib.
Körpələrin ana bətnində abort edilməsindən danışan millət vəkili bu bəlanın tarixi köklərindən söz açıb, həm dini baxımdan, həm də tibbi cəhətdən bunun insan üçün zərərli olduğunu qeyd edib. Dünyanın müxtəlif ölkələrində həyata keçirilən abortların statistik göstəricilərinə diqqəti çəkən Gülər Əhmədovanın sözlərinə görə, Hollandiyada hər 100 qadından 5-6 nəfər, İngiltərədə 10-15, Rusiyada 65-70, Azərbaycanda isə 70-80 nəfərin abort etdirdiyini bildirib:
“Hələ qədim Yunanıstanda Hippokrat andında abort yasaq hesab edilsə də, bu günə qədər abortun edilib-edilməməsi məsələsində bir çox etik və psixoloji ünsürlər sual doğurur:
- Döl neçənci gündən etibarən insan adlandırıla bilər?
- Və bu zaman onun yaşamaq hüququ tanınırmı?
- Öldürmə! Zərər vermə! prinsipləri bu dölə aid edilə bilərmi?
- Hələ insan kimi status qazana bilməmiş bu varlıqların sosial və əxlaqi durumu varmı?”.

Gülər Əhmədovanın sözlərinə görə, Azərbaycanda qız uşaqlarının abort edilməsi artıq ciddi məsələyə çevrilməkdədir. Belə ki, yeni doğulmuş oğlan uşaqlarının sayı qızların sayından 10-13% çoxdur. Və bugün Azərbaycanı 20 ildən sonrakı gələcək vəziyyəti çox düşündürür. Hətta bir çox mütəxəssislər bu məsələnin Azərbaycan parlamentində ciddi şəkildə qaldırılması və qanunla qadağan edilməsi barədə düşünü: “Təsəvvür edin ki, keçən il Azərbaycanda 26 800 körpə ana bətnində öldürüldü ki, bunun da 70-80%-i qız uşağıdır”.

Bugün abort sənayesindəki qazancın milyonlarla dollar məbləğində ölçüldüyünü bildirən millət vəkilinin sözlərinə görə, tərkibində kollajen və amniotik maddə olan bütün kosmetik maddələr (lasyon, parfüm və s.) məhz həmin körpələrin doğranmış hüceyrələridir.
“Minlərlə qadın bugün öldürülmüş uşaqların qanı ilə gözəlləşir. Bu məsələnin bioetik psixoloji tərəfləri hələ də öyrənilməmişdir. Bu məhsulların hesabına varlanan böyük şirkətlər bucür məlumatları gizli saxlamaq üçün reklam və təbliğata milyonlar xərcləməkdədir”.
Abortun hüquqi baxımından yasaq olduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran Gülər Əhmədova İslam dinində konkret olaraq abortla bağlı olan surələrdən sitatlar gətirib və bildirib ki, “Hansımızın əməl baxımından daha gözəl olduğunu təyin etmək üçün ölümü və həyatı yaradan Allahdır. Abortların ilk dəfə Sovet İttifaqında həyata keçirildiyini bildirən millət vəkilinin sözlərinə görə, Sovet İttifaqının “Qadınların səhhətinin qorunması haqqında” qanununda abortların ödənişsiz və könüllü olması barədə yazılıb. Hətta 1980-ci illərin sonunda SSRİ abortların sayına görə, dünyada birinci yeri tuturdu. Buna baxmayaraq, hazırda Ərəb Əmirlikləri, Suriya, Misir, Çili, Əfqanıstan, İran, İraq və Yəmən kimi ölkələrdə abort tamamilə qadağandır. Bu ölkələrdə abort daxili orqanlara qarşı günah sayılır”.
Azərbaycanda isə mövcud qanunların abortu qadağan etmədiyini bildirən Gülər Əhmədovanın sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 116-cı maddəsində qadını abort etdirməyə məcbur etməyin özü cinayət sayılır:
“Mənim də üzv olduğum Azərbaycan parlamentində abortun qadağan edilməsi ilə bağlı dəfələrlə fikirlər səsləndirilib. Amma bu, 125 millət vəkilinin qərar verəcəyi bir məsələ deyil. Cəmiyyətin fikri və yanaşması da mütləq nəzərə alınmalıdır”.

Respublika Uşaq Təşkilatının sədrinin çıxışı ABŞ və Avropadan təşrif buyurmuş alim və həkimlərin ciddi marağına səbəb olub və bu səbəbdən də millət vəkili çıxışının qısa məzmununu ingiliscə də söyləməyə məcbur olub. Çıxışından sonra millət vəkili ilə konfrans iştirakçıları arasında maraqlı fikir mübadiləsi aparılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir