Modern.az

Roza Zərgərli sensasiya \"effekt\"ini necə yaradır?

Roza Zərgərli sensasiya \

28 Sentyabr 2018, 09:01

Əsassız iradlarla görkəmli sənətkarı nüfuzdan salmaq cəhdinin  kökündə nə durur? 


Ötən həftənin ortalarında Roza xanım özünün ATV-dəki növbəti "Bakı vaxtilə" verilişinin "sensasion" anonsunu vermişdi. Elə ilk kadrlardan açıq-aydın hiss edilən qərəzliliklə, faktların bilərəkdən təhrif edilərək yanlış yozumda təqdimatı ilə razılaşmayaraq, Roza xanıma açıq məktubla müraciət edilmişdi. Əvvəldən sonacan tamaşaçılara sensasiya xatirinə həqiqətə qətiyyən uyğun olmayan fikirlər təlqin edən həmin verilişin ƏDALƏT naminə, obyektivlik naminə dayandırılacağı və ya onun faktları təhrif etmədən yenidən hazırlanacağı düşünülürdü. Ancaq təəssüf ki, belə olmadı... 


Görünür, sensasiya marağı-həvəsi Roza xanıma o qədər güc gəlib ki, "məqsədyönlü" qərarından dönmək istəməyib. Ancaq heç cür başa düşmək olmur ki, tamaşaçılara qabaqcadan düşünülmüş şəkildə yanlış məlumat çatdıran Roza xanımın Azərbaycanın bir sevimli sənətkarı ilə digər bir sevimli sənətkarını qarşı-qarşıya qoyub, birinə hüsn-rəğbət, o birinə qarşı isə ən azından soyuqluq yaratmağa çalışmaqda, bunun üçün HƏQİQƏTdən üz çevirməsində məqsədi nə imiş? Yaqub Zurufçunu gözdən salmaq? Əgər elədirsə, Roza xanımın telesüjetdə "təkzibolunmaz fakt" kimi göstərdiklərinə indi aydınlıq gətiriləndə o özü gözdən, nüfuzdan düşməyəcəkmi?..


İlk öncə 28 il əvvələ qayıdaraq, unudulmaz, sevimli sənətkarımız Şövkət xanım Ələkbərovanın verilişdə əsas mövzuya çevrilən Almaniya səfərinin kimin təşəbbüsü olduğunu aydınlaşdırmaq lazım gəlir. Aparıcının dediyinin tam əksinə olaraq, bu, Yaqub Zurufçunun onunla birgə konsert vermək arzusundan-məqsədindən yox, Şövkət xanımın Almaniyada müalicə olunmaq istəyindən irəli gəlmişdi. Belə ki, 1989-cu ilin sonlarında Yaqub Zurufçu Bakıda olarkən Şövkət xanım ondan özü, oğlu və gəlininin Almaniyaya getmələri üçün onlara viza göndərməsini xahiş etmişdi. Yəni ki, Yaqub bəy özünün də hələ uşaqlıqdan böyük pərəstişkarı olduğu, çox sevdiyi Şövkət xanımı qətiyyən öz təşəbbüsü ilə və qətiyyən onun konsertini təşkil etmək məqsədilə Almaniyaya dəvət etməmişdi. Təşəbbüs məhz Şövkət xanımın idi və sırf olaraq onun şəkər xəstəliyinə görə müalicə olunması ilə bağlı idi. Həm də ki, axı, sevimli xanım sənətkarımız həmin dövrdə Almaniyada nəinki konsert vermək xəyalında, heç o halda və o hayda da deyildi. Digər tərəfdən - danılmaz bir faktdır ki, Yaqub Zurufçu nə o vaxta kimi, nə də ondan sonra sənət dostlarından kiminsə konsertindən "yararlanmaq", "qazanmaq" üçün Azərbaycandan heç kəsi Almaniyaya dəvət etməmişdi.


Məcburi haşiyə.
 1979-ci ildəki "Xomeyni inqilabı"ndan sonra, 23 yaşında İranı tərk edən Yaqub bəy şükürlər olsun ki, yalnız öz gözəl səsi və istedadı sayəsində, öz gücünə ayağa qalxa bilmiş, mühacirətdə yaşasa da, heç kəsdən heç bir təmənnası olmamışdı. Və 1989-cu ildə ilk dəfə Bakıya gələndə də yalnız Azərbaycanı, onun müstəqilliyini, azadlığını düşünmüş, canından artıq sevdiyi Azərbaycan adlı Vətənə qovuşmaqdan başqa heç bir təmənna güdməmişdi (Roza xanımın düşündüyünün tam əksinə olaraq Yaqub bəyin kiminsə maddi köməyinə, yardımına heç bir ehtiyacı yox idi. O vaxta kimi artıq Almaniyada, ABŞ-da, Kanadada, hətta Afrikanın müsəlman ölkələrində, Avstraliyanın bir-çox şəhərlərində  də konsertlər verib, tanınmış, yaşayışını-dolanışığını tam təmin etmişdi).


Çox qəribədir ki, Roza xanımın 2 saata qədər davam edən verilişi ərzində nə özü, nə də gözəl ziyalı, istedadlı musiqiçi olan, ədəb-ərkanı ilə rəğbət doğuran hörmətli Gülnarə xanım (Şövkət xanımın gəlini) bir dəfə də olsun etiraf edib, dilə gətirmədilər ki, Şövkət xanım və onun oğlu, gəlini Almaniyanın Hamburq şəhərində ilk gündən etibarən Yaqub Zurufçunun evində qonaq qalmış və hər bir qayğı ilə əhatə olunmuşdular. Lakin ola da bilər ki, Gülnarə xanım veriliş zamanı bu barədə söz açmış olsa da, bu, aparıcını hansı səbəbdənsə qane etmədiyindən, "sensasiya"sının tam inandırıcı olması üçün o kadrları kəsib atmağı lazım bilib.


Bəli, Roza xanım bu başlıca, əsas faktı - Y.Zurufçunun ilk gündən Şövkət xanımı oğlu və gəlini ilə birgə evində qonaq saxlamasını bilərəkdən tamaşaçıdan gizlətməyə çalışıb. İstəməyib ki, Yaqub bəyə rəğbət doğuracaq bu mühüm faktdan, onun Şövkət xanıma olan böyük ehtiramından, sevgisindən, ona və ailəsinə günlərlə göstərdiyi qonaqpərvərlikdən, diqqət və qayğıdan tamaşaçı xəbərdar olsun. Axı, onda "sensasiya effekti" alınmayacaqdı. Və tamaşaçı hardan biləydi ki, həmin çətin dövrdə - 1989-90-cı illərdə çoxlarının nə Azərbaycanda, nə də xaricdə nəinki üç, heç bir nəfəri belə öz evində qonaq saxlamaq imkanı, şəraiti olmadığı halda Yaqub bəy Almaniyadakı iki kiçik otaqlı mənzilinin bir otağını Şövkət xanımın, oğlunun və gəlini Gülnarə xanımın istifadəsinə vermişdi, bəziləri kimi onları oteldə yerləşdirməmişdi (buna qonaqların imkanı da yox idi). Düzdür, Şövkət xanımgilin Almaniyada olduğu iki ay yarımdan artıq müddətdə onları bir-neçə cənublu həmvətənimiz - Yaqub bəyin dostları da evlərinə qonaq aparmışdılar.



Roza xanımın ən ağır ittihamlarından biri odur ki, guya Yaqub bəy Şövkət xanımın konsertinin təşkilinə mane olmuşdu. Əvvəla, unudulmaz müğənnimiz Almaniyaya konsert vermək üçün getməmişdi, Yaqub bəydən də bunu yox, müalicəsi üçün viza göndərməsini xahiş etmişdi. Və Şövkət xanımı Hamburq klinikalarından birinə hər gün öz maşınında aparıb-gətirən də, evində onun və ailə üzvlərinin rahatlığını təmin edən də Yaqub Zurufçu olub, başqası yox. 


Qəribədir ki, bu faktlar dilə gətirilmədiyi kimi, qonaqların Hamburq aeroportunda təntənəli qarşılanmasında da məhz Yaqub bəyin rolunun olmasının üstündən də sükutla keçilir. Onu da başa düşmək olmur ki, adicə bir məntiqlə anlaşılan məsələni hörmətli Gülnarə xanım inanılmaz bir hadisə kimi təqdim edərək bildirir ki, onlar təyyarə limanına enəndə onları böyük bir dəstə təntənə ilə, gül-çiçəklə qarşılamışdı. Və təəccüblə Şövkət xanımın o cür qarşılanmasının inanılmaz olduğunu söyləyir. Ancaq fərqinə varmır ki, 1989-cu ilin dekabr günlərində - ağır Qarabağ dərdlərini, faciəsini yaşayan Azərbaycanda nəinki internet şəbəkəsinin olmadığı, hətta onun nə olduğu bilinməyən bir dövrdə Almaniyada yaşayan cənublu-quzeyli həmvətənlərimiz hardan bilmişdilər ki, Şövkət xanım hansı gün, hansı reyslə, hansı saatda Bakıdan Hamburqa "uçur" ki, qabaqcadan razılaşıb toplaşaraq onu qarşılasınlar. Unudulmaz sənətkarımızın Almaniyaya gəlişininin vaxtını Yaqub Zurufçudan başqa kim bilirdi ki? Və Bakıdan gələn qonaqları təyyarə limanında qarşılayanlar Yaqub bəyin sənət dostları, yaxın ünsiyyətdə olduğu cənublu həmyerliləri olmayıb, kimlər idi ki? Məgər bu da o vaxt çox gənc - 33 yaşında olan sənətkarın Şövkət xanıma böyük sevgisindən, ehtiramından irəli gəlmirdimi? Axı, qəsdən edilməzsə, bunu necə danmaq olar?


Şövkət xanımın konsert məsələsinə gəlincə, bu məsələdə də Roza xanım qeyri-obyektiv mövqe tutur. Axı, acınacaqlı fakt odur ki, görkəmli müğənnimiz 1989-cu ilin dekabrında Almaniyaya gəldikdən bir müddət sonra - 1990-cı ilin 20 yanvarında Sovet imperiyası Bakıda dəhşətli qırğın törətmişdi. Xalqımız yas içində idi. Əlbəttə, bu faciə vətənpərvər, xalqını çox sevən Şövkət xanımı da xəstə vəziyyətində çox sarsıtmışdı. Və o, həmin günlərdə əlinin çatmadığı Bakıya, şəhid ailələrinə və yaralılara kömək məqsədilə Hamburqda xeyriyyə konserti vermək, toplanacaq bütün vəsaiti Bakıya göndərmək qərarına gəlir. Və təbii ki, onun səhhətinin yaxşı olmadığını, elə bir tədbirin isə sağlamlıq və fiziki güc tələb etdiyini yaxşı bilən Yaqub bəy bunu lazım bilmir. Həm də bildirir ki, Azərbaycanın yas içində olduğu və hələ şəhidlərin "40"-nın çıxmadığı bir məqamda hansı bir ad altında olursa-olsun, konsertin verilməsi düzgün deyil. Məhz bunu əsas gətirərək, Roza xanım və hörmətli Gülnarə xanım televiziya tamaşaçılarına özləri üçün də dolaşıq olan bu fikri çatdırırlar ki, guya Yaqub bəy Şövkət xanımın Hamburqda həmvətənlərimiz üçün könsert verməsinin əleyhinə olub, qəsdən buna mane olmağa çalışıb. Bəli, Yaqub bəy elə bir konsertin təşkilinin əleyhinə olub, ancaq yalnız ona görə ki, o vaxt Yanvar şəhidlərinin hələ "40"-ı çıxmamışdı və səhhətindən nigaran olduğu Şövkət xanımın sağlamlığı da hələ qənaətbəxş deyildi. Yaqub bəyin razı olmadığı, lakin kimlərinsə (qarmonçalan Rəhman Əsədullahi başda olmaqla) səyi ilə təşkil edilmiş həmin konsertdə Şövkət xanımın ayaq üstə çox dözə bilməyib, oturub oxuması da Yaqub bəyin haqlı olduğunu təsdiq edir.


Dediklərinin, "arqumentlərinin" inandırıcı olması üçün həmin konsertdən fraqmentlər göstərən teleaparıcı Yaqub bəyə qarşı ittihamlarını davam etdirərək, o "tarixi kadrları" tam səssiz təqdim edir. Və həmin kadrlar belə şərhlə müşayiət olunur ki, guya konsert zamanı Yaqub bəy də oxumaq istəyib, lakin musiqiçilər ona etiraz əlaməti olaraq səhnəni tərk ediblər. Ancaq kadrlardan da göründüyü kimi, Şövkət xanım səhnədə Yaqub bəylə yanaşı qalaraq, çox diqqətlə onu dinləyir. Tamaşaçıya da elə gəlir ki, Yaqub bəy musiqi müşayiəti olmasa da, israrla oxumaq istəyir...



Ancaq Roza xanım ədalətli və obyektiv mövqe tutsaydı, Yaqub bəyə qarşı səbəbi və hardan qaynaqlandığı bilinməyən soyuq münasibəti olmasaydı, konsertdən göstərdiyi fraqmentlərin səsini boğmasaydı, məlum olardı ki, Şövkət xanım tamaşaçılar arasında əyləşmiş Yaqub bəyi (Şövkət xanıma hörmət əlaməti olaraq tədbirdə iştirak etməyə borclu idi, bunun əksini edə bilməzdi) səhnəyə dəvət edərək, heç olmasa bir mahnı oxumasını xahiş etmişdi. Lakin o, səhnəyə qalxaraq, 20 Yanvar şəhidlərinə yas saxlanıldığı, Azərbaycanın o zamankı ağır günlərində oxuya bilməyəcəyini bildirir (məhz bundan sonra musiqiçilər səhnəni tərk edərək, kulis arxasına keçirlər). Kadrlarda həmin anlardır ki, Yaqub bəy xalqımıza bir daha başsağlığı verir, Vətən yolunda canından keçmiş mərd oğul və qızlarımızın qeyrətindən, onların Vətən sevgisindən danışaraq, müqəddəs ruhlarına ehtiramını bildirir. Roza xanım məhz həmin səssiz kadrlardan Yaqub bəyə qarşı ağır ittiham, sensasiya kimi istifadə edir. Ancaq o fraqmentlərdəki danışıq səsləri bilərəkdən, qəsdən alınmasaydı, tamaşaçı həqiqətin necə olduğundan xəbərdar olar və Roza xanımın süni sensasiyası sabun köpüyü kimi heçə çevrilərdi.

 
Aparıcının daha bir iradı guya təşkil olunan konsert üçün Yaqub bəyin Şövkət xanımdan... qonorar istəməsidir. Roza xanım, heç Yaqub bəy kimi abırlı-həyalı bir adamın üzü gələrdi ki, hələ uşaqlıqdan sevdiyi, pərəstiş etdiyi böyük bir sənətkarla qonorar davası etsin? Buna onun yüksək mənəviyyatı və mədəniyyəti qətiyyən yol verməzdi. Düzdür, veriliş zamanı Gülnarə xanım izah etmək istəyir ki, Yaqub bəy qonorarı Şövkət xanımdan yox, konsertin (şəhidlərin "qırx"ından sonra təşkil edilən ikinci konsertin) təşkilatçılarından istəmişdi, həm də qətiyyən özü üçün yox, Şövkət xanım üçün. Ancaq Roza xanım dərhal araya söz qataraq, Gülnarə xanımın dediyi həqiqəti eşidilməz etməyə çalışır.


Xalqın çox sevdiyi bir sənətkara qarşı söylədikləri ittihamların inandırıcı olması üçün Roza xanım verilişdə daha bir sənətçini - Güney Azərbaycandan olan tanınmış qarmonçalan Rəhman Əsədullahini də "telekörpü" ilə danışdırır. Bu, həmin qarmonçalan Rəhmandır ki, vaxtilə xalqımızın sevimli müğənnisi Gülağa Məmmədov Yaqub bəyi Azərbaycanın ağır günlərində Bakıya dəvət etdikdən, "Azadlıq" meydanında onun məşhur "Ayrılıq" mahnısı səslənərək, xalqın azadlıq eşqini daha da gücləndirdikdən və Zurufçu adı dillərə düşdükdən sonra Almaniyaya qayıdan dostunun (30 ilə qədər konsertlərdə birgə iştirak etmişdilər) birbaşa üzünə, "qıpqırmız" demişdi ki, "sən mənim şöhrətimə yiyələndin, Bakıya sən yox, mən getməliydim".


Bu sənətçidəki şöhrətpərəstliyə, sənət paxıllığına bir bax! Görəsən, bunu deyəndə xəbəri yoxuydumu ki, əgər Güney Azərbaycanda bizim o vaxtlar tanımadığımız qarmonçalan Rəhman Əsədullahi vardısa, bizdə - Quzey Azərbaycanda isə virtuoz qarmonçalanlarımız - Aftandilimiz, Şəfiqəmiz vardı. Yəni ki, nə Rəhmanın özü, nə də onun ifası Azərbaycan üçün əsla yeni bir şey, yenilik deyildi.  Və o, doğrudanmı belə hesab edir ki, Bakıya gəlib, "Azadlıq" meydanında qarmon çalsaydı, "məşhuri-cahan" olacaqdı, xalq onu gül-çiçəyə qərq edəcəkdi? Yox, qətiyyən belə deyil. O, səhərdən axşamacan da meydanda qarmonu ilə çıxış etməli olsaydı, xalqımız üçün "Ayrılığ"ın yerini verməyəcəkdi. Və çox böyük təəssüf hissi doğurur ki, Şövkət xanımla məhz Yaqub bəy vasitəsilə tanış olan Rəhman bəy (düzdür, Şövkət xanımın ikinci konsertinin məşqlərinin birgə aparılması üçün onu öz evinə dəvət etmiş və görkəmli müğənnimiz ailəlikcə iki həftə onun da qonağı olmuşdu) özünün 30 illik sənət dostunun ünvanına böhtan səsləndirməkdən çəkinməyib. Görünür, vaxtilə "şöhrətinin əlindən alınması" onu hələ də göynədir. 


Bu yerdə Yaqub Zurufçunun 1989-cu ildə "Azadlıq" meydanında oxuduğu "Ayrılıq" mahnısından sonra o zaman xalq hərəkatının rəhbəri olmuş Əbülfəz Elçibəyin fars əlifbası ilə ona yazdığı təşəkkür məktubunu yada salmaq yerinə düşərdi.  

 

Üstündən sükutla keçməyin mümkün olmadığı bir faktı da Roza xanımın diqqətinə çatdırmaq istərdim. 20 Yanvar faciəsindən sonra Şövkət xanımın Hamburqdakı ilk konsertində oxumaq istəməyən Yaqub bəy şəhidlərimizin "40"-ndan sonra Şövkət xanımın təklifi ilə imkanlı bir azərbaycanlının təşkil etdiyi böyük bir ziyafətdə onunla birgə mahnı oxumuş, öz payına düşən böyük məbləğdə qonorarı isə götürməyərək, onu Şövkət xanıma bağışlamışdı. Çünki xanım sənətkarımız Almaniyadan Azərbaycana oğlu Bəşir üçün almaq istədiyi son model "Mersedes"də qayıtmaq istədiyini bildirmişdi. Yaqub bəy Şövkət xanımın bu arzusunu ürəyində qoymamışdı. Və belə bir təmənnasız sənətkarı 28 ildən sonra haqsız, əsassız olaraq hansısa saxta bir "qonorar" adı ilə ləkələməyə cəhd etmək hansı məntiqə, hansı vicdana sığar? 


Yaqub Zurufçunun sənətdə və həyatda böyük ehtiram bəslədiyi Şövkət xanıma qarşı heç bir halda haqsızlığa, təmənnaya yol vermədiyini, onunla hər zaman son dərəcə səmimi və mehriban olduğunu təsdiq edən daha bir təkzibedilməz fakt. Ömrünün son günlərində - 1993-cü yanvarında (vəfatından 10-12 gün əvvəl) Şövkət xanımın oğlu Bəşir Yaqub bəyi anasının evdə keçirdikləri 70 illik yubiley məclisinə dəvət etmiş, onu öz maşınında evlərinə gətirmiş, Gülnarə xanımın da böyük hörmətlə qarşıladığı qonağı masa ətrafında Şövkət xanımla yanaşı əyləşdirmişdi. Əgər o vaxtlar arada hansısa bir inciklik olsaydı, Yaqub bəy o cür ehtiramla qarşılanardımı? Şövkət xanımı tanıyanlar yaxşı bilirlər ki, o, heç vaxt onu incik salan adam tərəfə heç dönüb baxmazdı da. Məclisdə onun gənc həmkarı haqqında, Yaqub bəyin isə korifey müğənni haqqında dediyi xoş, səmimi sözlər hələ də yaddaşlardadır. O da diqqətdən yayınmamalıdır ki, Şövkət xanım evdə keçirdiyi yubiley məclisinə Yaqub bəydən başqa heç bir sənətkarı dəvət etməmişdi.


Həmin görüşdən bir müddət sonra Şövkət xanımın həyatdan getməsi Yaqub bəyi çox sarsıtmış və o, böyük sənətkarın məzarını göz yaşları ilə ziyarət etmişdi... Allah rəhmət eləsin! 


P.S.
Sonda Roza xanımdan sual etmək istərdim ki, Siz nə haqla və nə cürətlə o taylı, bu taylı Azərbaycanın, bir-çox dünya xalqlarının da sevdiyi görkəmli bir sənətkarın əleyhinə əsassız ittihamlar səsləndirirsiniz? Axı, özünüz də çox yaxşı bilirsiniz ki, illər, əsrlər ötəcək, Roza Zərgərlilər unudulacaq (olsa-olsa, hərdənbir kimlərsə tərəfindən xatırlanacaq), ancaq Yaqub Zurufçu kimi görkəmli bir sənətkar ən azı "Ayrılıq" mahnısı ilə Azərbaycanın tarixində azadlıq, müstəqillik tərənnümçülərindən biri, mədəniyyət və incəsənətimizin parlaq bir siması kimi daim yaşayacaqdır. Yəqin ki, bunu çox yaxşı bilirsiniz və çox yaxşı ki, onun qarşısını almaq imkanına malik deyilsiniş. Qaldı ki, Sizin Yaqub bəyin ünvanına səsləndirdiyiniz əsassız ittihamlara, onlara görə görkəmli sənətkarımız mərd, geniş qəlbli Azərbaycan kişisi kimi Sizi uduzmalı olacağınız məhkəməyə verməkdən vaz keçərək, Sizi öz sənətkar vicdanınızın öhdəsinə buraxır. Qoy Sizinlə nə məhkəmə, nə də Yaqub bəy yox, bilərəkdən əleyhinə getdiyiniz vicdanınız sorğu-sual etsin.

 

 Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti,

Osman Mirzəyev adına

Respublika mükfatı laureatı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir