Arxiv
28 Sentyabr 2018, 12:47 | ƏDƏBİYYAT
“Ermənilər mənə Azərbaycandakı adamları vasitəsilə zərbə vurmaq hədə-qorxusu gəliblər” - MÜSAHİBƏ

Modern.az yazıçı-jurnalist Varis Yolçuyevlə müsahibəni təqdim edir...

 

- Varis bəy, xoş gördük sizi. Əvvəlcə istəyərdim son uğurunuza toxunaq. Azərbaycanımıza şərəf gətirərək ədəbiyyat üzrə Avrasiya materikinin festivallar festivalındakı qalibiyyətinizi nəzərdə tuturam. Avroviziya musiqi festivalında olduğu kimi burada da festival növbəti il qalibin vətənində keçiriləcək. Demək, siz bu nüfuzlu ədəbiyyat forumunu ölkəmizə gətirirsiniz.

 

- Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin 170 yazıçısının qatıldığı nüfuzlu “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalında gərgin mübarizədə Fransa və Çexiyadan olan favorit yazıçıları qabaqlayaraq 1-ci yeri tutdum, qızıl medala layiq görüldüm.

Festivalın qalibi kimi mənə qızıl medaldan başqa ” Qizil LiFFt” seriyasından yüksək tirajla ” Metamorfoz“  romanımın  çapı müqaviləsi, qiymətli hədiyyələr təqdim olundu. Xüsusən mənimçün şərəfli o idi ki, LiFFt festivalının qızıl mükafatını əvvəlki illərdə dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenov və çağdaş Rusiya poeziyasının ən ünlü isimlərindən olan Konstantin Kedrov-Çelışev qazanmışdılar. Təltif mərasimində, eləcə də“Rossiya”, "Kultura" telekanallarına müsahibə verərkən mən bu qələbəmi Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr etdiyimi söylədim.

Siz düz buyurursunuz, növbəti il festival Bakıda keçiriləcək. Artıq tarixi də müəyyənləşdirilib. Sentyabr ayında ölkəmizin paytaxtına birdən birə materikin 50 ölkəsindən 200 nüfuzlu yazar gələcək. Bu, əlbəttə ki, Azərbaycanın gündəmdə olması üçün gözəl şansdır. Üstəlik, əcnəbi yazarlara Azərbaycan barədə, xüsusən Qarabağımız barədə həqiqətləri tam çatdırmaq imkanımız yaranır. Onların bir neçəsi sonradan yazacağı əsərlərində, verəcəkləri müsahibələrində bu həqiqətlərə toxunsalar böyük dividendlər qazanmış olacağıq.

 

Buna qədər də ədəbiyyat üzrə beynəlxalq miqyasda kifayət qədər uğur qazanmışdınız.

 

- Buna qədərki uğurlarımın bəzilərini  də qısaca deyim: Ötən il UNESCO-nun və Varşavada keçirilən Slavyan Ədəbiyyat Festivalının Adam Mitskeviç medalına layıq görülmüşəm. Dünyada bu medala layiq görülən 101-ci şəxsəm. Eləcə də ötən il Antuan de Sent Ekzüperi (Fransa) diplomuna layıq görülmüşəm. Öncəki il Beynəlxalq Moskva Ədəbiyyat Mükafatına layiq görülmüşəm. Özü də öz nominasiyamda olduqca şöhrətli Boris Akuninlə Mixail Zadornovu qabaqlayaraq. 2017-ci ildə Nyu-Yorkda keçirilən Dünya Yazıçıları Konqresinin iştirakçısı olmuş, 50 dünya yazıçısından biri kimi "Promotion of Creative Writinq in the USA" layihəsinə üzv seçilmişəm. Əvvəlki illərdə Azərbaycanın Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" ədəbiyyat mükafatına da layıq görülmüşəm. Siyahını uzatmaq da olar.
 

Və onu da nəzərə alaq ki, siz ixtisasca jurnalistsiniz, televiziyada çalışırsınız, bu yaxınlarda fəxri ada layoq görülmüsünüz. Varis bəy, mənim üçün maraqlıdır, sizi necə təqdim edək: jurnalist, ya yazıçı Varis? Hansı təqdimat sizi daha dəqiq xarakterizə edir?

 

-Düzdür, jurnalist kimi də kifayət qədər uğurlar qazanmışam. Beynəlxalq mükafatlarım da yetərincədir. Elə, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüşəm. Mən əslində yazar sayıram özümü, qələm adamı sayıram. Bu qələm yeri gələndə publisistikaya köklənir, yeri də gələndə bədii ədəbiyyata.

 

Yenidən LiFFt festivaılar festivalına qayıdaq. Orda 170 yazıçı arasında Ermənistanın da yazıçısı var idimi?

 

-  Bəli, onların da yazıçısı var idi. Ermənistan yazıçısını böyük nümayəndə heyəti müşayiət edirdi: mədəniyyət nazirliyi, səfirlik rəsmiləri, ayrıca təşkil etdikləri fotosərgi, qala gecənin konsert proqramında bir neçə çıxış. 21 nəfərlik nümayəndə heyəti idi. Bununla belə, bu cür dəstəyə baxmayaraq ermənilərin yazıçıları finala vəsiqə qazana bilmədi, ilk mərhələdə büdrədi. Mənsə orada tək olsam da içimdə böyük qələbə əzmi var idi. Arxamda xalqımı, dünyanın dörd tərəfindəki oxucularımı hiss edirdim. Azərbaycan bayrağını dalğalandıranda hamıya qoşulub ermənilərin də bayrağımıza əl çalmağa məcbur olmaları məni məmnun etdi.

 

Çox böyük uğurdur, qürurvericidir. Gəlin indi də bir qədər keçmişə qayıdaq. Ədəbiyyata ilk gəlişiniz necə olub?

 

- Ədəbiyyata gəlişim 90-cı illərin əvvəllərinə təsadüf edir. O vaxt xalq yazıçımız İsmayıl Şıxlı ilk hekayələrimi "Ulduz" jurnalında dərc etdirərək mənim simamda Azərbaycan ədəbiyyatına yeni varisin gələcəyini söyləmişdi. Böyük İsmayıl Şıxlı mənim sənət müəllimimdir. Amma ilk kotabım yalnız 2008-ci ilin sentyabrında - düz on il bundan əvvəl çıxdı.

Həm Azərbaycanda, həm Türkiyədə, həm Rusiyada, eləcə də Amerikada nəşriyyat hesabına hazırda kitablarım çıxır. Daha bir neçə ölkə ilə də anlaşmalar var. Baza dillərə tərcümələrin maliyyələşməsi problemlərini həll edə bilsəm, bu arena daha da genişlənəcək.

 

Qeyd etdiniz ki, ilk kitabınız 10 il bundan əvvəl çıxıb. Söhbət Azərbaycanda çox məşhur olan "Sonuncu ölən ümidlərdir" romanından gedir, eləmi?

 

- Bəli. Mənim 2008-ci ildə çıxan ilk kitabım  "Sonuncu ölən ümidlərdir" olub. Bu balletristik bir roman idi. Kitabın populyar olmadığı, kitab mağazalarının kütləvi olaraq baqqal dükanlarına çevrildiyi bir zamanda cəmiyyətin diqqətini ədəbiyyata yönəltmək üçün bilərəkdən belə bir addım atdım və bu addım da özünü doğrultdu. Qısa müddətdə on min nüsxədən ibarət rekord tiraj büsbütün satıldı, beş il dalbadal təkrar nəşr çıxdı, ( 6-cı hazırlanır), on minlərlə pirat nüsxələri peyda oldu. Bakı Kitab klubu bu kitabı ölkədə ən çox satılan kitab elan elədi. Qısa müddətdə roman o qədər populyar oldu ki, artıq bizdə də ictimai nəqliyyatda əlində kitab olan gənclər görünməyə başladı, ikinci əl kitab əldə etmək prosesi gücləndi. Tezliklə bu romanın çapı ilə bağlı xaricdən ilk təklif də gəldi. Özbəkistanda bu roman 126000 tirajla çap olundu. Ən əsası isə "Sonuncu ölən ümidlərdir" ölkəmizdə on minlərlə gənci bədii ədəbiyyat oxucusu etdi. Bu oxucuların çox  az qismi balletristikada ilişib qaldılar, böyük qismi isə sevə-sevə daha mükəmməl əsərlər oxumağa başladılar. Bu mənim yazıçılığımın kütləvi ədəbiyyat tərəfi.

Mənim yazıçılığımın ikinci tərəfi isə tam olaraq  ciddi ədəbiyyat adlandırılan əks qütbə aiddir: Beynəlxalq Moskva ədəbi mükafatına layiq görülən "Yanvarın 13 günü" romanı, LiFFt festivallar festivalında qızıl medal qazanan "Metamorfoz" romanı, dünya yazıçılarının Nyu-York konfransında pitçinqi keçirilərək nəşriyyatlara tövsiyyə edilən "Yetmiş yeddinci gün" romanı, Fransadan, Polşadan, Rusiyadan, Türkiyədən ödüllər qazanmış hekayələrim...

Əlbəttə ki, bu gün bütün dünyada populyar olan ədəbiyyat müasir üçüncü minilliyin ərəfəsində yaranan və geniş oxucu kütləsinə yönəli ədəbiyyatdır ki, orada, tutalım, Coan Roulinq kimi bir zərif xanım Harri Potter kimi nağıl qəhrəmanıyla at oynadır. Populyar ədəbiyyata hazırda şərti olaraq "bestseller janrı" kimi adlanan ən çox satılan nəsr nümunələrini aid etmək olar ki, bu sırada təkcə fantezi və macəra yox, həm də balletristika, detektiv, ekşn, kriminal, triller, sevgi romanları yer alıb. Bu cür bədii ədəbiyyata mən populyar yox, kütləvi bədii ədəbiyyat deyərdim.

Digər, ciddi ədəbiyyat adlandırılan kateqoriya isə özəl oxucuya, xüsusi ədəbi zövqü olan oxucuya yönəli ədəbiyyatdır ki, bu ədəbiyyata isə, haradasa, elitar ədəbiyyat demək daha düzgün səslənər.

Amma bu bölgünün olduqca yanlış tərəfi də var. Bu da odur ki, nəsr əsərlərini qəti olaraq bu cür iki cəbhəyə ayıranlar  eyni bir əsərin həm populyar, həm də ciddi kateqoriyasına aid edilə biləcəyini yolverilməz hesab edirlər. Halbuki dünyanın müxtəlif "ən çox oxunan kitablar" reytinqlərində top kitablar sırasında mütləq klassik və müasir ədəbiyyatın zirvə yazıçılarının əsərləri də yer alır. Uilyam Şekspir, Viktor Hüqo, Fyodr Dostoyevski, Çarlz Dikkens, Ernest Heminquey, Uilyam Folkner, Lev Tolstoy, Cerom Selincer, Qabriel Qarsia Markes... İzlədiyim ən nüfuzlu reytinqlərdə təkrar olunan isimlərdir. Bunlar tirajları milyonları haqlayan ən populyar yazıçılardır. Və həm də, ciddi ədəbiyyat yazdıqlarına zərrəcə şübhə edilməyən yazıçılardır. Demək, populyar olanı ciddi olmayan hesab etmək düzgün deyil. Əfsus ki, xüsusən bizdə belə bir tendensiya geniş yayılıb. Yaxşı əsər statistik oxucunun dərk edə bilməyəcəyi və alınmayacagı, rəflərdə qalacağı proqnozlaşdırılan əsər hesab olunur.

 


Mən bilən, sizin iki romanınıza teleserial çəkilib.

 

- Bəli. "Bir ovuc torpaq" və "Sənə inanıram" romanlarının ssenarisi əsasında teleseriallar çəkilərək müvafiq olaraq "Lider" və "Xəzər" televiziyalarında nümayiş olunub. Yeri gəlmişkən, bayaq mükafatlardan danışdıq. Mənimçün ən böyük ədəbi uğur bu mükafatları qazanmağım deyil, ən böyük uğur Qarabağ  savaşından bəhs edən "Bir ovuc torpaq" romanımın Azərbaycanın Milli Qəhrəmanı, ən böyük qəhrəmanlarımızdan sayılan Mübariz İbrahimovun stolüstü kitabı olmasıdır.

 

Məşhur, samballı yazıçıların, tənqidçilərin sizin əsərlərlə bağlı yüksək fikirdə olduqlarını zaman-zaman eşitməkdəyik.

 

- Tanınmış qocaman tənqidçimiz Vaqif Yusifli haqqımda xoş sözlər yazırsa, Nizaməddin Şəmsizadə efirdən xoş sözlər səsləndirirsə, çağdaş Azərbaycan nəsrinin zirvələrindən olan Elçin Əfəndiyev zəng vurub xoş sözlər söyləyirsə, demək ölkəmizin əsl söz sərrafları yaradıcılığıma heç də biganə deyillər. Bu sıraya yaradıcılığım barədə yüksək fikirdə olan əcnəbilərin bir qismini də əlavə etmək istərdim: tanınmış rus yazıçıları Sergey Lukyanenko, Aleksandr Qritsenko, Marqarita Al, populyar "Rossiyskiy kolokol" jurnalının ədəbi tənqid şöbəsi, tanınmış amerikalı ədəbiyyat funksioneri Lin Menken, tanınmış belorus yazıçısı Aleksandr Ratkeviç, populyar özbək yazıçısı Rustam İqbol, Türkiyənin məşhur "Miliyyet" qəzetinin ədəbiyyat redaksiyası və s.

 

Oxucunuz çoxdur, bu, faktdır. Əksəriyyəti də gənclər. Necə düşünürsünüz, gənclərin diqqətini çəkən nədir bu əsərlərdə?

 

- Doğrusu, mən  ədəbiyyatda hansı mövzulara  sosial sifarişin olduğuna diqqət yetirən adamam, dünyada gedən ədəbi prosesi kifayət qədər izləyirəm. Və bura onu da əlavə edək ki, Amerik ada 58 akademik saat dərs aldığım "Bestseller yazmağın qızıl qaydaları" kursundan da faydalanıram.

Məncə, bədii əsər oxucunun beynindən və ürəyindən keçən, yaddaşında və qəlbində əyləc izləri buraxan bir ekspress qatardır.

Diqqətçəkən hadisə və bu hadisə ilə bərabər aşılanan fikir, düşüncə, fəlsəfə. Bunlar bir birini tamamlamalıdır. Oxucu sevgisi qazanmaq, oxucuya nəsə aşılaya bilmək çox sevindiricidir. Özü də tək öz ölkəndə deyil, sərhəddən kənarda da vaxt öldürməyə yox, ruhunu oxşamağa, səni düşündürməyə, təcrübə və bilik qazanmağına xidmət etməyə hesablanan  əsərlərlə sevilmək böyük xoşbəxtlikdir. Özbəkistanda ögey atasının zülmündən təngə gəlib çardaqda özünü asmaq istəyərkən son anda yerdəki "Sonuncu olən umidlərdir"in bir vərəqinə gözü sataşan, maraqla oxuduqdan sonra gedib əsəri tam əldə edib oxuyan, intihar fikrindən vaz keçib əsərin qəhrəmanı kimi haqsızlığa üsyan edən 15 yaşlı qızın əhvalatı məgər yazıçı üçün azmı stimuldur? Və yaxud, Tbilisidə Şeytanbazarda yaşayan və heç vaxt kitab oxumayan azərbaycanlı qonşularının kitaba alüdə olduqlarını görüb təəccüblənərək bu qeyri-adi kitabı oxumaq üçün Azərbaycan dilini öyrənən gürcü xanımının hekayəti? Və yaxud "Yetmiş yeddinci gün" əsərindən təsirlənən onlarca türk gəncinin körfəzdə 77 gün dalbadal günəşi qarşılamaları əhvalatı? Və yaxud, bir bolqar rəsmisinin internetdən rusca "Metamorfoz" romanından parçalar oxuduqdan sonra əsərin bolqarcaya çevrilib Bolqarıstanda çap olunmasına göstəriş verməsi faktı?

 

- Bəs əsərləriniz arasında ən populyarı, sizə ən çox qazandıranı hansıdır?

 

- Azərbaycanda təbii ki, ən populyarı haqqında çox danışdığımız həmin o balletristik "Sonuncu ölən ümidlərdir" romanıdır. Maddi baxımdan da qazandırıb, üstəlik, mənə populyarlıq da gətirib. 

Amma Rusiyada, Avropada, Amerikada populyar olan əsərim fəlsəfi roman olan "Metamorfoz"dur. Bu romanla nüfuzlu mükafatlar, nəşriyyat müqavilələri, ədəbi rezonans əldə etmişəm.

Türkiyədə isə ən populyarı psixoloji "Son məktub" romanıdır. Türkiyədə çap olunmuş həm  klassik, həm də çağdaş Türkiyə və dünya yazıçılarının dövriyədə olan 60 min bədii əsəri arasında bu əsər 1000 kitap.com reytinqində düz 52-ci pilləyədək yüksələ bilib.

Potensial olaraq çox şeylər gözlədiyim romanım isə "Yetmiş yeddinci gün"dür. Nyu-York konqresində o romanın pitçinqi keçirildi, roman dünya nəşriyyatlarına tövsiyə edildi.

 

Bəs özünüzün ən çox bəyəndiyiniz əsəriniz hansıdır?

 

- Mən ən çox indicə qeyd etdiyim "Yetmiş yeddinci gün"ü və "Sonincu mogikan"ı bəyənirəm. Bunları o qədər içdən yazmışam ki. Qəhrəmanlarının özüm olduğunu hətta iddia etmək olar. Nyu-york konfransında  "Yetmiş yeddinci gün"ə qiymət veriləndə, Türkiyədə TV-yə müsahibə verərkən gənclərin körfəzdə günəşi necə qarşılamalarını eşidəndə gözlərim yaşarmışdı. Bu əsərin əsl qiyməti yəqin ki, hələ sonra veriləcək.


- Uğurlarınıza bu yaxlnlarda biri də əlavə olundu. Nüfuzlu beynəlxalq təşkilatına həmsədr seçildiniz.

 

- İyun ayından etibarən təyin olunduğum beynəlxalq statuslu yüksək bir vəzifəni- Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri vəzifəsini icra edirəm. Bu mötəbər qurumda həmsədrlik missiyasını Almaniya, Fransa, Rusiya, Qazaxıstan, Belarus, Danimarka, Avstriya və Çindən olan digər 8 həmsədrlə birgə icra etməyə başlamışam ki, onların da arasında Sergey Biryukov, Nadaa Sendoo, Aleksandr Ratkeviç, Oljas Süleymenov kimi tanınmış və nüfuzlu şəxsiyyətlər yer alıb.

Həmsədrlərin missiyası 5 milyard nəfərdən artıq əhali yaşayan, 94 ölkəni birləşdirən bu nəhəng materikdə böyük və əhatəli ədəbiyyat layihələrinin təşkili məsələləri ilə məşğul olmaqdır. Əsas məqsədi xalqların geniş dialoqu, qarşılıqlı əlaqələri və ictimai diplomatiyası əsasında Böyük Avrasiya Əməkdaşlığı İctimai İnteqrasiya Modelinin formalaşdırılmasını təmin etmək hesab edilən Avrasiya Millətlər Assambleyasının bir qurumu olaraq Ədəbiyyat Şurası özlüyündə cəmiyyətlərin ədəbiyyata, ümumən mədəniyyətə daha çox diqqət ayırmasına, mənəvi-əxlaqi dəyərlərə daha çox önəm verilməsinə xidmət edir.

Belə yüksək beynəlxalq tribuna əldə etməyimdən böyük qürur duyur, fürsətdən istifadə edib Azərbaycanımıza, mədəniyyətimizə, ədəbiyyatımıza fayda gətirmək üçün əlimdən gələni əsirgəməyəcəyimi bildirirəm.

 

- Daha çox sevgidən yazırsınız. Di gəl, bunun da arxasında mənəvi və sosial problemlər qabardılır. Bir də hazırkı zamanımızda maddiyyatın mənəviyyatdan üstünlüyü məsələsi.  Cəmiyyətdənmi qaynaqlanır bunlar? Nə üçün sosial problem dedikdə məhz maddiyyat daha çox qabardılır?

 

- Əfsus ki, indi dünyamızda tünd boyalar daha çoxdur, zülmət işıqdan güclüdür. Son illər kino industriyasında ucdantutma istibdadın, zülmün sonda qalib gəlməsinin labüdlüyündən bəhs edən filmlər istehsal olunur. Kann qızılı qazanan iki istedadlı rejissor - Andrey Zvyagintsev və Abdulatif Keşiş kinoda şərin qələbəsinin bərqərar olması tendensiyasının parlaq nümayəndələridir. Eyni hal ədəbiyyatda da müşahidə edilməkdədir. Zorakılıq, qan, savaş təbliği, haqsızlığın qalibiyyəti  bədii əsərlərdən qabarıq xətlə keçir. Mənim Moskvada çıxan Üç üstəgəl bir audiokitabımda Zalımlar, babam və əncir ağacı adlı bir hekayəm var. O hekayə Azərbaycan jurnalında da dərc edilib. İxtiyar yaşında bütün meylini əncir ağacına salmış bir qocadan və meyvələri həyətinə tökülüb həyətini zibillədiyi üçün o ağacı kəsdirən bir harın varlıdan bəhs edın bu hekayə sarsıdıcı hadisəylə başlasa da xoş sonluqla tamamlanır. Hekayəm böyük oxucu sevgisi qazandı və ictomai rezonans yaratdı. Yüzlərlə rəylər bir birinin oxşarı idi: "Onsuz da həyat qəddardır. Onsuz da addımbaşı şər xeyiri taptalayır. Barı ədəbiyyatlasa xeyirin qalib gələcəyinə aldanıb toxtayaq." Sonda həmin o zalımın cəzalandırılması sanki ürəklərdən tikan çıxarırdı. Babanın timsalında minlərlə insan özünü, zalımın timsalında isə ona qarşı haçansa haqsızlıq etmiş bir yuxarı kasta nümayəndəsini görürdü.

Ədəbiyyat olan-qalan ümidləri öldürməməlidir, əksinə, ümid gətirməlidir.

Yenə də qayıdaq ən ağrılı yerimizə: Qarabağa. Bütün əsərlərinizdə Qarabağ müharibəsinə az və ya çox dərəcədə toxunulur.  Beynəlxalq miqyasda tanınmağınızı, populyarlıq qazanmağınızı  həm də antierməni missiyasına kökləmisiniz. Bunun üçün şəxsən mən öz adımdan sizə minnətdarlıq edirəm. Sizin ideoloji xətti erməniləri tək türkün deyil, bütün bəşəriyyətin düşməni kimi göstərməkdir. Mümkünsə bu barədə danışardınız.

 

- 1918-ci ildə Qubada azərbaycanlılarla yanaşı yəhüdilərin də ermənilər tərəfindən soyqırıma məruz qalmalarından bəhs edən "Xrizantema dəstəsi" adlı əsərim Ümumdünya Yəhüdiləri Forumunun rəsmi  internet səhifəsində "Məsləhət görülən ədəbiyyat" kimi təbliğ olunaraq yüz mindən çox oxunma sayı ilə rezonans yaratmışdır.

2-ci dünya müharibəsində ermənilərin 200 min nəfər heyətlə ön və arxa cəbhədə faşist Almaniyasının tərkibində vuruşaraq ruslara divan tutmalarından bəhs edən "Cənubda qar uçqunları" adlı əsərim isə Rusiyanın illik 30 milyon oxucusu olan Proza.ru portalında 4 həftə liderlik reytinqi qazanmışdır.

Ermənilər böyük bir qrup yaradaraq internetdə yerləşdirilən bu əsərlər barədə minlərlə antierməni ruhlu rəylərə reaksiya verməyə, dəlil-sübut gərirməyə, göz yaşı axıtmağa məcbur olurlar.

 Onu da deyim ki, "Cənubda qar uçqunları" adlı əsərimə minlərlə erməninin şikayəti əsasında Rusiyada qadağa da qoyulmuşdur. Ermənilərin bu əsərə qadağa qoyulması üçün hədsiz canfəşanlığı başadüşüləndir. Həmin əsər bir azərbaycanlı şəhid anasının yaşantılarıdır. İnternetdə əsəri oxuyub təsirə düşən, antimüharibə ovqatında köklənən, ölkəni müharibəyə sürükləyən liderlərə nifrət səsləndirən erməni əsgər analarının çoxluğu erməni liderlərini təşvişə salıb.

 

- Ermənilər sizə müharibə elan ediblər, bu barədə məlumatlıyıq.

 

- Əvvəllər Rusiyaya və Avropaya gedərkən orada məni cazalandıracaqları hədə-qorxuları olurdu.  Ən son Soçi festivalındakı qalibiyyətimdən qıcıqlanıb mənə fərqli hədə-qorxu gəliblər. Deyiblər, biz sənə Azərbaycandakı adamlarımız vasitəsilə də zərbə vuracağıq. Amma təbii ki, bu məni qorxutmur. Mən xalqıma, dövlətimə arxalanıram. Hələ mübarizəmiz irəlidədir.

 

- Düşünürəm, hər bir azərbaycanlı sizə dəstək olmalıdır, gördüyünüz bu böyük işin davam erməsində, daha effektiv olmasında köməyini əsirgəməməlidir. Uğurlar sizə, Varis bəy.

 

- Çox sağ olun.

 

Elnur Eltürk 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59 Çağdaş və qədim Özbəkistanda 10 gün - REPORTAJ 27 May 2019, 10:53 Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu 27 May 2019, 10:52 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 27 May 2019, 10:47 Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verildi 27 May 2019, 10:44 Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb 27 May 2019, 10:36 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTOLAR 27 May 2019, 10:19 Məmmədyarov: "Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir" 27 May 2019, 10:12 “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir 27 May 2019, 10:11 Tramp İranla danışıqlar üçün şərt irəli sürdü 27 May 2019, 10:06 “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi   27 May 2019, 10:04 BirBank-ı artıq meqabaytsız da istifadə etmək olar   27 May 2019, 10:02 Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək 27 May 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 27 May 2019, 09:39 Konqoda gəmi batdı - 30 nəfər öldü 27 May 2019, 09:09 Litvada yeni prezident seçildi - FOTO 27 May 2019, 09:07